Ruslan İzzətli sənədlərinin saxtalaşdırıldığını deyir: "Hakimiyyət məni cəzalandırır"
09-05-2020 00:39 / Bu xəbər 5479 dəfə oxundu
"Bu saxtakarlıqla bağlı bütün hüquqi addımları atacağam"
"Hakimiyyət 9 fevral növbədənkənar parlament seçkilərindən sonra şəxsimə və D18 Hərəkatına təzyiqləri davam etdirir".
Bunu D18 Hərəkatının sədri Ruslan İzzətli Arqument.A-za deyib.
O bildirib ki, ona təyiqlərin əsas səbəbi seçki saxtakarlıqlarına qarşı etirazlarıdır: "33 saylı Xətai birinci seçki dairəsində total seçki saxtakarlığına komandamla birlikdə həm seçki günü və həm də seçki sonrası etiraz etdik. Bu haqda hər kəs sosial mediada prosesi izlədi. Daha sonra ölkə üzrə total saxtakarlığa etiraz etmək üçün fevralın 16-da Mərkəzi Seçki Komissiyasının qarşısnda D18 Hərəkatı, REAl və Müsavat partiyaları, həmçinin bitərəf namizədlərin birgə mitinqini təyin etdik. Mitinqin qarşısı zorakılıqla alındı, mitinq təşkilatçı olaraq məni ofisimin qarşısından mülki geyimli şəxslər oğurlayaraq Yevlax şəhərində sərbəst buraxdılar".
Ruslan İzzətli deyir ki, bundan sonra - martın 10-da D18 Hərəkatı Nərimanov rayonu Orucəliyev 17 ünvanında yerləşən ofisindən çıxarılıb: "D18 Hərəkatı 7 ildir ki, yaranıb və 3-cü dəfədir ofisimizdən polis tərəfindən çıxarılırıq".
"Məni "islahat nağılları"na inandırmağa çalışdılar"
"Mart, aprel ayları hökumətin təzyiqləri davam etdi. Hökumət adından müxtəlif qurumlardan şəxsimlə görüşə gəldilər. Dialoq prosesinə, "islahat nağılları"na inandırmağa çalışdılar ki, mən və rəhbəri olduğum qurum da prosesdə iştirak etsin. Amma artıq elçilik siyasətlərinin nəticə vermədiyini görən hakimiyyət əsgərliyə aparmaq ssenarisini işə saldı. Xüsusilə görüşə gələn şəxsləri 33 saylı Xətai seçki dairəsində yenidən seçki keçirilərsə, mənim iştirak edib-etməyəcəyim daha çox maraqlandırırdı. Təbii ki, komandamla birlikdə seçki kampaniyasında iştirak edəcəyimi dedim. Çünki seçki günü aktiv çalışdıq və daha sonra dairədə nəticələrin ləğvi üçün nə gərəkirsə, etdik. Həmin dairədə hətta koronavirus dönəmində vətəndaşların yanında olduq. Yəni həmin dairədən seçkiyə qatılmam həm haqqımdır, həm də seçkiyə qatılmağımı tələb edən kifayət qədər insan var", - Ruslan İzzətli bildirib.
O qeyd edib ki, hakimiyyət onu əsgər aparmaqla seçkiyə qarılmasına mane olmağa çalışır: "Görünür, həmin dairədən təkrar seçkiyə qatılmağım hakimiyyətin o dairədə hansısa oynuna manelər yarada bilər. Əsgərliyə aparılmağım həm də bununla bağlıdır".
"Sənədə həkimlər və xidmət rəisi möhür vurdu, imzaladı, surətini götürdüm"
Ruslan İzzətli bildirib ki, hərbi-həkim komissiyası ona səhhəti ilə bağlı dinc dövrdə yararsız, müharibə dövrü üçün yararlı olması ilə bağlı sənəd verib: "04.05.2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi (O dövrdə Hərbi Komissarlıq. red) səhhətimdəki problemlə əlaqədar dinc dövrdə yararsız, müharibə dövrü üçün yararlı olmağım haqda hərbi bilet də verdi. 2007-ci il tarixindən hər 3 (üç) ildən bir hərbi həkim komissiyasından keçmişəm. Axırıncı tibbi müayinəm 26.08.2019-cu ildə olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev hərbi biletimə möhür vurub, imza atıb".
"Xidmət rəisi həkimi təhqir etdi ki, o, müxalifətçidir, niyə xəstəlik yazdın?"
D18 Hərəkatının sədri deyir ki, ona təzyiqlər 2020-ci ilin mart ayında intensivləşib: "Martın 5-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən mənə zəng etdilər ki, 8 ay əvvəl tibbi müayinədən keçdiyimi təsdiq edən sənədlər itib. Yenidən komissiyadan keçməlisiniz. Artıq ortada siyasi qərarın olduğunu bilirdim, amma dedim ki, gəlib yenidən keçərəm. Baxmayaraq mənim hərbi biletimdə möhür də var. Mayın 6-da Ağdam hərbi komissarlığının işçilərinin iştirakı ilə rayon Mərkəzi Xəstəxanada müayinədən keçdim. Müayinə nəticəsində yekun akt tərtib edildi. Aktda "sağ tərəfli böyrək daşı xəstəliyi, hər iki böyrəyin mikrofili qeyd edildi".
Hətta Ruslan İzzətliyə aktın bir nüsxəsini də əldə edib: "Yekun akta rayon xəstəxanasının baş həkimi Elxan Ələsgərov və şöbə müdiri Ələddin Nəcəfov imza atıb, möhür vurdu. 07.05.2020 tarixində yekun akt xidmətin rəisi Elxan Feyziyevə təqdim edildi. Ammaxidmət rəisi müayinə keçirmiş həkim Ələddin Nəcəfovu təhqir etdi ki, bəs Ruslan İzzətli müxalifətçidir, satqındır. Onun yekun aktında xəstəlik qeyd etməməliydin. O da bildirdi ki, mən həkiməm və doğru diaqnoz qoymasam, sonra məsuliyyət mənim üzərimdə qalacaq. Mən vəziyyəti belə görüb yekun aktın şəkilin çəkib surətin çıxardım".
Ruslan İzzətliyə verilən Yekun Akt
"Bu gün məlum oldu ki, mənə verilən akt dəyişdirilib"
Bu gün mayın 8-də Xidmətin Ağdam rayon şöbəsinin əməkdaşı zəng etdi ki, Bakıda yenidən həkim komissiyasından keçməlisiniz. Mən də Mərkəzi həkim komissiyasına getdim. Ağdam komissarlığından göndərilən müayinə sənədlərimə baxanda gördüm ki, yekun akt dəyişdirilib. Heç bir problem qeyd olunmayıb, aktiv sağlam yazıblar. Bunu sənədləri gətirən Ağdam şöbəsinin əməkdaşına da dedim, o isə məlumatsız olduğunu dedi. Sənədin dəyişdiliməsi və saxtalaşdırılmasının cinayət olduğunu Bakıdakı komissiya bildirsəm də, reaksiya verilmədi. Hətta mənə verilən yekun aktını da təqdim etdim. Həkimlər sənədin dəyişdirildiyini görsələr də, nəticəyə təsir edə bilməyəcəklərini dedilər. Anladım ki,məni cəzalandırmaq üçün əmr yuxarıdan verilib. Hətta Bakıda keçirilən müayinə yalnız həkimlərin şifahi sorğu-sualı əsasında oldu, USM, Retgen, EKO və digər yoxlanılışlar edilmədi", - o qeyd edib.
Sonrdan dəyişdirilən Yekun Akt
Ruslan İzzətli bildirib ki, həkimlərə belində kəskin ağrılar olduğunu desə də, əhəmiyyət verilməyib: "Ona görə də bu gün belimdəki kəskin ağrıya görə "MEDİLAND" Hospitalda MRT etdirdim. Nəticədə siniri sıxan disk yırtığı (d=5mm) aşkarlandı".
"Məhkəməyə və Prokurorluğa müraciət edəcəyəm"
"Bütün bunları yazmaqda məqsədim hərbi xidmətdən yayınmaq və çəkinmək deyil. Biz bu millət üçün hər zaman mübarizədəyik. 1 il hərbi xidmət bizi əqidəmizdən, yolumuzdan döndərə bilməz. Amma bu faktları hər kəs bilsin deyə qeyd edirəm. Çünki mənim dinc dövrdə hərbi xidmətə getməməyim səhhətimlə bağlıdır. Hakimiyyətin isə sağlamlığımdakı problemlərlə bağlı məni hərbiyə aparması siyasi cəzadır. Hakimiyyətin qanunsnuz olaraq məni əsgərliyə aparmaq istəyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyevin vəzifə səlahiyyətlərindən istifadə edərək yekun aktı dəyişdirməsi, sənədləri saxtalaşdırması haqda məhkəməyə və prokurorluğa müraciət edəcəyəm", - o qeyd edib.
Həkim sənədin dəyişdirilməsindən xəbərsiz olduğunu deyir
Arqument.Az məsələ ilə bağlı həkim Ələddin Nəcəfovla əlaqə saxlayıb. O bildirib ki, sənədlərin dəyişdirilməsindən xəbəri yoxdur: "Yekun aktı imzaladıq, Ruslan İzzətli də şəklini çəkib götürdü. Mənim heç nədən xəbərim yoxdur".
Xidmət rəisi isə sualı cavablandırmaqdan imtina etdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev isə Arqument.Az-ın sorğusunu cavablandırmaqdan imtina edib.