"Saxta seçkilər üçün 65,2 milyon manat israf olundu" - Qubad İbadoğlu
26-12-2019 01:48 / Bu xəbər 1023 dəfə oxundu
"Bu vəsait bələdiyyələrin illik büdcəsindən 2,5 dəfə, gələn il doğulan bütün uşaqlara veriləcək birdəfəlik yardımın ümumi məbləğindən 4,5 dəfə çoxdur".
Bunu Azərbaycan Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu dekabrın 23-də keçirilən seçkiləri şərh edərkən bildirib.
İqtisadçı qeyd edib ki, həmin vəsait xərclənilməyib uşaq puluna yönəldilsəydi, hər bir yeni doğulan uşağa 200 manat deyil, 900 manat ödəmək mümkün olardı.
Həmçinin Q.İbadoğlu Prezidentin ilin yekunları ilə əlaqədar müsahibəsində bələdiyyə seçkiləri barədə danışmamasına da diqqət çəkib: "Bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibə verən İlham Əliyevin həmin gün keçirilən bələdiyyə seçkisinin adını belə dilinə gətirməməsi Azərbaycanda yerli seçkilərin mənasızlığının ən bariz göstəricisidir".
Qubad İbadoğlu keçirilən bələdiyyə seçkilərini şou adlandıraraq, seçkiyə sərf olunan pulun bələdiyyələrə sərf edilməsinin daha faydalı olacağını vurğulayıb: "Ötən il 36 milyon manat büdcə gəlirləri olan bələdiyyələrə bu il dövlət büdcəsində 5,7 manat dotasiya və subvensiya nəzərdə tutulduğu halda, dünənki seçkilərin keçirilməsi üçün 56,6 milyon manat Mərkəzi Seçki Komissiyasının, 8,6 milyon manat isə dairə seçki komissiyalarının və katibliyinin saxlanılmasına vəsait xərcləndi. Bir sözlə, dövlət büdcəsindən seçkinin təşkilinin maliyyələşdirilməsi adı altında 65,2 milyon manat israf olundu. Halbuki, seçki şousu ilə bələdiyyələri tamam gözdən salmaqdansa, seçki pullarının onların arasında bölüşdürməyin daha çox faydası olardı".












