Seçki boykotu uğurlu strategiyadırmı?

Seçki boykotu uğurlu strategiyadırmı?

05-02-2024 13:14 / Bu xəbər 679 dəfə oxundu

 

Nurlan Hüseynov
2011-ci ildə Azərbaycan Dillər Universitetində İngilis dili və Ədəbiyyat fakültəsini bitirib. O, 2015-2017-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunda (GIPA) Jurnalistika və Media Menecmenti fakültəsində magistr təhsili alıb.

Avtoritar sistemlərdəki seçkilər bir qayda olaraq, qeyri-azad və ədalətsiz keçirilir. Nəticədə müxalifət iki seçim qarşısında qalır ki, əslində ikisi də özünün strateji məğlubiyyəti ilə nəticələnir. Ya rəqabətsiz seçkidə iştirak edib onu legitimləşdirmək və uduzdurulmaq, ya da seçki yarışından çəkilmək. Bu cür ədalətsizliyə etiraz olaraq bəzən müxalif partiyalar seçkiləri boykot etmək – məqsədli şəkildə seçkidə iştirakdan imtina etmək strategiyası qəbul edirlər. 

Fevralın 7-si Azərbaycanda növbəti prezident seçkiləri təyin edilib. Müxalifət partiyaları – yəni Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat seçkini boykot ediblər. 

Müxalif partiyaların növbəti dəfə seçkidə iştirakdan imtina etməsi ölkə gündəmində boykot, yoxsa iştirak müzakirəsini başladıb. Bu yazıda mən avtoritar sistemlərdə seçki boykotunun effektiv strategiya olub-olmadığını aydınlaşdırmağa çalışacağam.

Boykotçu partiyalar bir neçə məqsəd güdə bilər. Bunlar daxili elektorat və beynəlxalq aləmin gözündə seçkinin legitimliyini azaltmaqla dəstək qazanmaq, daha ədalətli seçki prosesi, siyasi islahat və demokratikləşməyə nail olmaq kimi hədəflərdir. Bununla belə, boykotlar həmişə cəmiyyətdə onun effektivliyi ilə bağlı sual doğurur. Müxalif partiyalar ədalətsiz seçkilərdə iştirak etməlidirmi? Seçki boykotu effektiv strategiyadırmı? Seçkilərin boykotu demokratikləşməyə töhfə verirmi?

Boykotun təsiri haqqında siyasi ədəbiyyatda müzakirə əsasən onun effektsiz vasitə olduğuna işarə edir. Məsələn, Yan Smitə görə, boykot qısa dövrdə seçici aktivliyini və seçkinin legitimliyini azalda bilir, lakin daha ədalətli seçki və ya demokratikləşməyə gətirib çıxarmır.[1] 

Staffan Lindberq hesab edir ki, müxalifətin seçkini boykot etməsi və nəticələrini qəbul etməkdən imtina etməsi bir neçə ölkədə demokratikləşməyə aparsa da, ümumilikdə demokratikləşmənin reallaşması üçün seçkidə iştirak vacibdir.[2] 

Lindberqin qeyd etdiyi az saylı uğurlu boykotlar əsasən beynəlxalq dəstək sayəsində hakim qüvvəni güzəştə getməyə məcbur edə və demokratikləşməyə gətirib çıxara bilir[3].  

Mətyu Frankelin 1990-2009-cu illərdə baş vermiş 171 boykot və boykot təhdidinin araşdırması göstərir ki, bunlardan yalnız 4%-i dəyişikliklə nəticələnib.[4] 

Frankel qeyd edir ki, boykot və boykot təhdidi 3 halda effektiv nəticə göstərə bilir.

Birincisi, seçki beynəlxalq aləmin diqqətindədirsə, onda baykot effektiv nəticə verə bilər. Belə ki, beynəlxalq aləmin diqqətində olan seçkilərdə müxalif qüvvənin boykot təhdidi seçki keçirən tərəfə qarşı beynəlxalq təzyiqi artırır. Nəticədə hakim qüvvə güzəştə getməyə məcbur qalır. Bunun bariz nümunəsi 1994-ci ildə keçirilən Cənubi Afrika seçkiləridir. 

Müxalif Azadlıq partiyasının lideri Manqoşutu Bathelezinin seçki prosesinin qeyri-azad və ədalətsiz olduğunu əsas gətirərək boykot qərarı verəcəyini bildirməsi Nelson Mandelaya qarşı beynəlxalq təzyiqi artırdı. Nəticədə, Bathelezinin seçkiləri boykot təhdidi vahid bulleten sisteminin ləğvi və yerli idarəetmə ilə bağlı konstitusional dəyişikliyə nail oldu.

İkincisi, boykot müxalifətin küçə etirazları kampaniyasının bir hissəsidirsə, onda boykot effektiv nəticə verə bilər. Əgər müxalifətin əhali arasında böyük dəstəyi varsa və boykot da onun küçə etirazları və digər ixtişaşlardan ibarət ümumi kampaniyasının tərkib hissəsidirsə, onda boykot nəticə verə bilər. Buna misal olaraq, 1996-ci il Banqladeş seçkilərini və müxalifətin boykotunu göstərmək olar. 

Müxalif Avami liqasi partiyası seçkilərə 2 gün qalmış boykotla bərabər ölkəni bürüyən kütləvi etirazlar keçirdi. Müxalifətin ümumi boykotu və fasiləsiz küçə etirazları nəticədə hökuməti seçkilərin yenidən keçirilməsinə məcbur etdi və yeni seçkidə müxalif qüvvələr qalib gəlməyə müvəffəq oldu.

Üçüncü effektiv üsul kvota boykotudur. Bəzi parlament respublikalarında ölkə prezidenti parlament çoxluğu tərəfindən təyin edilir. Bu sistemlərdə müxalifətin boykot qərarı prezident seçkisini dalana dirəyə bilir və hakim qüvvəni güzəştə məcbur edə bilir. 

Frankel buna misal kimi 2000-ci ildə Moldova parlamentinin kommunist namizədi prezident təyin etmək cəhdinin müxalif qrupun boykotu nəticəsində baş tutmamasını göstərir.

Bundan əlavə, Frankel bildirir ki, uğursuz boykotlar adətən müxalifətin marginallaşması, hakim qüvvənin daha da güclənməsi ilə nəticələnir. Lindberq isə qüsurlu və hətta saxtalaşdırılan seçkidə belə iştirakın geniş iştirakçılıq, seçici fəallığı, siyasi rəqabəti saxlaması, hakim qüvvənin səsini az da olsa azaltması baxımından faydalı və demokratikləşmə prosesi üçün vacib olduğunu qeyd edir.

Azərbaycanda 2013-cü ildən bəri AXCP və Müsavat seçkiləri boykot edir. 7 Fevral seçkilərini AXCP qurultay qərarı ilə boykot edib. 

Partiya bundan əvvəl 1998 və 2008-ci il prezident seçkilərini də boykot edib. 

Partiya sədri Əli Kərimli bildirib ki, onlar ədalətli və demokratik seçki istəyirlər, seçkilər adlı məzhəkədə isə iştirak etməyəcəklər.[5] 

Müsavat Partiyası isə seçki qabağı pisləşən demokratik mühit və artan repressiyaları əsas gətirərək seçkidə iştirakdan imtina edib.[6] 

Bu boykotların bir strategiya kimi uğurlu olub-olmadığını Frankel və Lindberqin boykot və iştirakı qiymətləndirməsinə baxmaqla aydınlaşdıra bilərik.

Birincisi, Azərbaycanda boykot edilən seçkilərin heç biri dünya səviyyəsində diqqət cəlb edən seçki olmayıb və buna görə də hökumətə qarşı ardıcıl açıq siyasi təzyiqin olduğunu göstərən fakt yoxdur. 

Boykotların Azərbaycan hökumətini beynəlxalq aləmin gözündə legitimlikdən məhrum etdiyini demək də çətindir. Əksinə hər seçkidən sonra tədricən Qərb ölkələri seçkinin nəticələrini qəbul edib və hökumətlə işbirliyini davam etdirib. Yəni boykotlar gözlənilən beynəlxalq dəstəyi əldə edə bilməyib.

İkincisi, müxalif partiyalar boykotları geniş kütləvi etiraz aksiyaları ilə müşaiyət edə bilməyiblər. Boykotlar zamanı bir neçə minlik mitinqlər baş tutsa da, ümumilikdə etirazlar kütləvi hal almayıb. Digər cəhdlər isə güc vasitəsilə yatırılıb. Yəni boykotlar Frankelin qeyd etdiyi böyük etiraz kampaniyasının tərkib hissəsi ola bilməyib, sadəcə müxalifət seçkidə iştirakdan çəkinib.

(Frankelin qeyd etdiyi 3-cü hal, kvota boykotu Azərbaycan siyasi siteminə uyğun olmadığı üçün onu nəzərə almırıq.)

Bundan əlavə, boykotlar hökumətin ənənəvi siyasətində hər hansı dəyişikliklə də nəticələnməyib. Boykot nəticəsində hökumət seçki sistemi və ya insan hüquq və azadlıqları ilə bağlı hər hansı islahata getmək məcburiyyətində qalmayıb. Bu mənada da boykotların uğurlu olduğunu demək mümkün deyil.

Burada onu qeyd etmək lazımdır ki, müxalif partiyalar dolayı yolla boykotu həm də onunla əsaslandırırlar ki, seçkiyə qatılsalar, onların üzvləri daha çox represiyaya məruz qalacaq. Ona görə də boykot qərarı həm də partiya üzvlərini və resurslarını qorumaq üçündür. Həmçinin açıq deyilməsə də, aydındır ki, partiyalar ardıcıl olaraq uduzan/uduzdurulan partiya statusunda olmaq istəmirlər. Bu onların həm reputasiyasına zərər vura, həm də potensial olaraq dəstəkçilərini ruhdan sala bilər.

Ancaq fikrimcə, partiyalar nəhayətdə yuxarıda qeyd edilən ümumi nəticələri nəzərə alaraq qayğıları və elan etdikləri idealları arasında seçim etməlidirlər. Boykotla partiyalar bir tərəfdən resurslarını və reputasiyalarını qorumağa çalışsalar da, digər tərəfdən cəmiyyətin və özlərinin maraqları və ideallarına zidd gedirlər. 

O mənadakı boykot böyük ölçüdə təsirsiz vasitə olmaqla həm də Lindberqin qeyd etdiyi kimi, cəmiyyəti vacib demokratik təcrübə olan geniş iştirakçılıq, seçici fəallığı, siyasi rəqabəti saxlamaq kimi vərdişlərdən məhrum edir.

Bu nəticələri nəzərə alaraq deyə bilərik ki, Azərbaycanda son illərdə müxalifətin ənənəvi boykot strategiyası beynəlxalq diqqəti cəlb etmədiyi, hökuməti güzəştə məcbur edəcək geniş küçə mitinqləri ilə müşaiyət olunmadığı, hər hansı siyasi islahat və dəyişiklik gətirmədiyi və cəmiyyətdə vacib demokratik vərdişləri unutdurduğu üçün hədəfinə çatmayıb və buna görə də effektli strategiya hesab edilə bilməz.


[1] Ian O. Smith, "Election Boycotts and Hybrid Regime Survival,” "Comparative Political Studies" 47, no. 5 (April 2014): 743–65.

[2] Staffan I. Lindberg, "Opposition Parties and Democratisation in Sub-Saharan Africa,” "Journal of Contemporary African Studies" 24, no. 1 (January 2006): 123–38.

[3] Beaulieu, Emily Ann.”Protesting the Contest: Election Boycotts around the World, 1990-2002.” Ph.D. Dissertation, University of California, San Diego, 2006.

[4] Matthew Frankel, "Threaten but Participate:,” "Foreign Policy", no. 19 (2010).

[5] "Seçkidə namizədlər və boykot qərarı”, "Azadlıq Radiosu", 2023, https://www.azadliq.org/a/axcp-secki-boykot/32735043.html.

[6] "Müsavat seçkidə iştirakdan imtina etdi,” "Arqument.az", 2023, https://arqument.az/az/musavat-seckide-istirakdan-imtina-etdi/.