Səlim Müslümov həbs olundu

Səlim Müslümov həbs olundu

04-02-2021 14:48 / Bu xəbər 921 dəfə oxundu

Məhkəmə sabiq nazir barədə həbs qətimkan tədbiri seçib

Azərbaycanın sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həsb olunduğu bildirilir.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) fevralın 4-də məlumat yayıb.

DTX bildirib ki, Səlim Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

"Səlim Müslümov Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib”.

Həmçinin açıqlamada Səlim Müslümovun nazir olduğu vaxt külli miqdarda rüşvət aldığı qeyd olunub: "Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib”.

Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.

O, 1961-ci ildə Ağsuda doğulub.

S.Müslümov 1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini, 1987-ci illərdə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edib. Sabiq nazir 1988-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.

S.Müslümov 1995-ci ildə həbs olunsa da, tez bir zamanda azad olunub və Dövlət Gömrük Komitəsində işləyib.

2002-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib.