Tikinti şirkətinin rəhbəri: "Hacıbala Abutalıbov Ramiz Mehdiyevə dedi ki..."

Tikinti şirkətinin rəhbəri:

05-10-2021 14:16 / Bu xəbər 1308 dəfə oxundu

Tamilla İbrahimova 17 milyon xərcə düşdüyünü deyir...

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. 

Oktyabrın 4-də hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmə iclasında "FF-2011” Mənzil-Tikinti Kooperativinin rəhbəri Tamilla İbrahimova dindirilib.

Rasim Quliyev Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi sayılan yaşayış binasının sökülməsi və yerində hündürmərtəbəli binanın inşası üçün məhz "FF-2011” şirkətinə sərəncam verməkdə ittiham olunur.

Tamilla İbrahimova isə məhkəmədə şahid qismində dindirilərkən bildirib ki, Rasim Quliyevi əvvəllər tanımayıb, ilk dəfədir məhkəmə zalında görür.

Tamilla İbrahimovanın sözlərinə görə, Dilarə Əliyeva 141 və 145 ünvanlarında binaların sökülüb, yerində yeni binanın inşası üçün proses 2012-ci ildən başlayıb. O vaxtdan dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, hazırda da paytaxtın baş memarı olan Akif Abdullayev və başqa rəsmi şəxslərlə görüşdüyünü deyən şirkət rəhbəri vurğulayıb ki, lazım olan bütün sənədləri toplamışdı: "2013-cü ildə Hacıbala Abutalıbov sərəncam imzaladı. İcazə verildi, başladıq Dilarə Əliyeva 145 ünvanındakı evləri almağa. Layihə hazırladıq...”

Bakının baş memarı Akif Abdullayev bundan əvvəlki məhkəmə iclasında şahid qismində dindirilərkən demişdi ki, bu ünvanla bağlı işlərdən ətraflı məlumatı olmayıb. O iddia edirdi ki, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri kimi, səlahiyyətləri yox idi, Abutalıbov nəyə deyirdisə, ona da qol çəkirdi. 

Tamilla İbrahimova isə bildirib ki, Akif Abdullayev bu ünvanla bağlı işlərdən kifayət qədər məlumatlı idi. Şirkət rəhbərinin sözlərinə görə, Akif Abdullayev bir memarla işləməyi məsləhət görmüşdü. O da məsləhətə uyğun olaraq, həmin memarla işləmişdi. Tikiləcək bina ilə bağlı layihəni Akif Abdullayevə göstərdiyini deyən şirkət rəhbərinin sözlərinə görə, baş memar binanın böyük olduğunu vurğulayaraq, kiçiltməyi tövsiyə edib: "Layihədə binanı kiçiltdim, bütün qurumlarda təsdiqlətdirdim, sonra Akif Abdullayevə verdim”.

2014-cü ildə Hacıbala Abutalıbov öz sərəncamını ləğv edib, şirkət rəhbərinə də məlumat verilib ki, icra başçısı sözügedən ərazidə söküntü-tikinti aparmağı qadağan edib: "Amma Zülfəli (icra hakimiyyətinin nəzarət-təftiş şöbəsinin müdiri) dedi ki, narahat olma, tikinti aparılacaq, özü həll edəcək. Biz evləri alırdıq, icra hakimiyyəti sökürdü. Zülfəli mənim aldığım evlərdə ayrı-ayrı adamlara kirayə saxlayırdı. Hələ də yaşayırlar. Dilarə Əliyeva 145 ünvanındakı bina memarlıq abidəsi olsaydı, iki il sənədləşmə getdiyi dövrdə mənə bu barədə nəsə təqdim edərdilər”.

Sabiq Aparat rəhbəri Rasim Quliyev Dilarə Əliyeva 141 ünvanı ilə bağlı sərəncamı 2018-ci ilin mayında - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində imzalayıb. Həmin dövrdə Abutalıbov bir ay idi ki, Baş nazirin müavini təyin olunmuşdu, icra başçısının birinci müavini Rauf Pənahov isə vəfat etmişdi.

Şirkətin rəhbəri isə deyir ki, Rasim Quliyevin həmin imzaladığı sərəncama heç ehtiyacı yox idi, çünki ona qədər Fövqəladə Hallar Nazirliyindən tutmuş, Bakı Şəhər İcra Hakimiyyətinə qədər bütün qurumların razılığını almışdı.

Tamilla İbrahimova vurğulayıb ki, Dilarə Əliyeva 141 və 145 ünvanlarıyla bağlı indiyədək tikinti apara bilməsə də, 17 milyon pul xərcləyib. 

O əlavə edib ki, tikinti işlərinin alınmayacağını həyat yoldaşına 2021-ci ilin fevralında Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümbətov deyib: "Dedim ki, kimə lazımdı, yenə pul verim, işim dayanmasın. Namiq çox yerlərə müraciət etdi, cavab gəlmədi. Sonra eşitdim ki Rasim Quliyevlə bağlı cinayət işi başlanıb. Mən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdim ki, Rasim Quliyevi tanıyım. İmkan vermədilər, dedilər ki, bu işdə 32 şirkət var, sənlik deyil. Sonra gördüm ki, işin içində ancaq mənim şirkətindən söhbət gedir”.

Rasim Quliyev
Mənbə: Meydan TV

Rasim Quliyevin məhz onun şirkətilə bağlı məsələdə ittiham olunduğunu eşidəndən sonra Hacıbala Abutalıbovun da yanına gedib. Əvvəl bir neçə dəfə Nazirlər Kabinetində Abutalıbov onu qəbul etməyib: "Günün birində məni qəbul elədi. Rasim Quliyevin kim olduğunu soruşdum. Bildirdim ki, mənim sənədimə qol çəkdiyinə görə tutulduğunu deyirlər Hacıbala Abutalıbov dedi ki, ola bilməz. Ramiz Mehdiyevə, Kəmaləddin Heydərova, Əbülfəs Qarayevə, Ədliyyə Nazirliyinə zəng elədi. Ramiz müəllimə dedi ki, Arxitektura Komitəsi Rasim Quliyevin imzasını tanımadıqlarını deyir. Ramiz Mehdiyev ona dedi ki, ola bilməz, biz onun sənədlərini qəbul edirik. Bir müddət sonra o vaxtkı Baş prokuror Zakir Qaralov məktub göndərdi ki, bina qanunsuz tikilir. Bundan sonra işi saxladıq...”

Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. 

O, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. 2010-cu ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub.

Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 

2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib. Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub. 

2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib.

Rasim Quliyev "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. O, özünü təqsirli bilmir.(Meydan TV)