Sənay Yağmur işi: Əsgər Ağazadəyə hökm oxundu

Sənay Yağmur işi: Əsgər Ağazadəyə hökm oxundu

12-10-2022 23:11 / Bu xəbər 1244 dəfə oxundu

İctimai fəal Sənay Yağmura təcavüzdə ittiham olunan Əsgər Ağazadəyə hökm oxunub. 

Bu gün, oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sənay Yağmurun işi ilə bağlı sonuncu məhkəmə prosesi baş tutub. 

9 ay davam edən və hakim Novruz Kərimovun sədrliyilə keçirilən iclasda Əsgər Ağazadəyə 5 il həbs cəzası verilib. 

Məhkəmədə son söz deyən Əsgər Ağazadə ona qarşı ittihamı təsdiqləyən heç bir sübutun olmadığını bildirib. 

Ağazadə ona qarşı bu cinayətin qurama olduğunu deyib. 

Zərərçəkmiş tərəf də hökmdən narazı qalıb, belə ki, Sənay Yağmurun nümayəndəsi Zümrüd Yağmur verilən cəzanı yüngül hesab edib və apellyasiya şikayəti verəcəklərini bildirib. 

Sənay Yağmura qarşı təcavüzdə təqsirləndirilən Əsgər Ağazadə onun xalası oğludur. 

Əsgər Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 149.2.3 maddəsi ilə ittiham irəli sürülüb. 

Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal rayon Prokurorluğunda aparılıb. 

Sənay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə əvvəlcə məsuliyyətə cəlb edilməyib.

Ötən il məsələ ictimailəşəndən sonra cinayət işini Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. 

Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib. 

Əsgər Ağazadə nə ibtidai istintaqda, nə də məhkəmədə özünü təqsirli bilib, xalası qızına cinsi təcavüz etməsi barədə iddiaları rədd edib.