Sevinc Vaqifqızı hava limanında saxlanılıb

Sevinc Vaqifqızı hava limanında saxlanılıb

21-11-2023 12:08 / Bu xəbər 944 dəfə oxundu

"Abzas Media" saytının baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) xarici səfərdən Bakıya dönərkən hava limanında saxlanılıb. 

Bu barədə vəkil Elçin Sadıqov bildirib.

"Jurnalist Abbasova Sevinc Vaqif qızı tutulacağını bildiyi halda bu dəqiqələrdə Bakıya qayıtdı. Ona passport kontroldan qeydiyyatdan keçməyə imkan verməyiblər və bildiriblər ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə aparırlar", - o deyib.

Vəkilin sözlərinə görə, ordeni olmasına baxmayaraq jurnalistlə görüşə bilməyib: "Hava limanından həmin idarəyə gəlsə də, orderim əlimdə olsa da görüşə icazə vermirlər. 102 xidmətinə zəng vurdum, hələ ki, bir nəticə yoxdur". 

Hüquq müdafiəçisi Rüfət Səfərov "Amerikanın Səsi"nə bildirib ki, hazırda polis jurnalist Sevinc Vaqifqızının yaşadığı binaya giriş-çıxışı bağlayıb.

Hüquq müdafiəçisi hesab edir ki, bu, azad mediaya qarşı mövcud hökumətin repressiv tədbirləridir: "AbzasMedia yüksək vəzifəli şəxslərin korrupsiyaçı fəaliyyətini araşdırma materialları ilə ifşa etməkdədir. Hakimiyyət dairələri AbzasMedianın timsalında tənqidi informasiyalara, araşdırmalara - gözlənildiyi kimi - dözmədi. Digər tərəfdən, son dövrlər Qərb Azərbaycan hakimiyyətinə qarşı təzyiqlərini artırıb. Rəsmi Bakı isə siyasi ağırlıqlı təqiblərlə cavab verməyi üstün tutur. Məncə, hazırkı repressiya dalğasında yeni-yeni siyasi həbslərə şahidlik edəcəyik". 

Azərbaycanın rəsmi hüquq mühafizə orqanları hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

"Abzas Media” onlayn medianın direktoru Ülvi Həsənliyə ittiham elan edilib.

"Abzas Meda” onlayn medianın direktoru Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham elan edilib. 

"Onun barəsində şübhəli şəxs kimi tutulma elan edilib. İndi onu müvəqqətii saxlama təcridxanasına aparırlar", - Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib.

Vəkil deyib ki, ittihamın mahiyyəti qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə qanunsuz yolla valyuta keçirməkdir.

O, Ülvi Həsənlinin ofisində və evində axtarış aparıldığını deyib.

"Həsənlinin ofisindən 40 min avro aşkar edildi. Evindən heç nə aşkar edilmədi", - Zibeydə Sadıqova deyib.

Vəkilin sözlərinə görə, Ülvi Həsənli özünü təqsirli bilmir.