Sifarişli yazılar: hakimiyyətyönlü media təqsirsizlik prezumpsiyasını pozur…

Sifarişli yazılar: hakimiyyətyönlü media təqsirsizlik prezumpsiyasını pozur…

13-08-2024 13:44 / Bu xəbər 616 dəfə oxundu

Yazı və çıxışlardakı "donos”larla saxlanılanlara verilən ittihamlar eynidir

Azərbaycanda ötən ilin sonlarından başlayaraq hökumət müstəqil mediaya basqını gücləndirib. İlin sonundan müstəqil jurnalistlər və vətəndaş cəmiyyəti fəalları həbs edilir.

Bu gün Azərbaycanda 20-dək jurnalist həbsdədir.

Bəs bu həbslər Azərbaycan cəmiyyətinə necə təqdim edilir?

Həbs edilən jurnalistlərin əksəriyyəti qaçaqmalçılıqda ittiham edilir. Guya qeyri-qanuni yolla Azərbaycan ərazisinə xarici valyuta gətiriblər. İrəli sürülən iddialar təsdiqini tapmasa da, hökumətyönlü media onları "qrant qaçaqmalçılığı”nda günahlandırır.

Bu yazılar bir çox hallarda "donos” rolunu oynayır, yəni şəxslər həbs edilməzdən öncə hökumətyönlü mediada onlar haqqında kompromat tipli məlumatlar tirajlanır və daha sonra hüquq-mühafizə orqanları jurnalistləri və fəalları saxlayır.

Sifarişli yazıları tirajlayan media qurumları hansılardır?

Müstəqil mediaya qarşı sifarişli yazıları tirajlayan və əsasən də hakimiyyətin nəzarətində olan həmin media orqanları ilə yanaşı, eyni siyasi xəttə bağlı olan televizyalar da bu təbliğatın əsas ruporlarındandır.

Bu sırada ATV, REAL TV, "Space TV”, İctimai Televiziya, ARB, dövlətin rəsmi kanalı olan AzTV, hakimiyyətdən maliyyələşən "Baku TV”  və s. TV-lər durur.

Media orqanlarına gəlincə isə həm rəsmi, həm də qeyri-rəsmi hakimiyyətin nəzarətində olan bütün informasiya vasitələri bu təbliğatın alətinə çevrilib. Buraya dövlətin rəsmi media quruluşu olan "Azərtac” agentliyi, Prezidenti Admintrasiyasının rəsmi orqanı "Xalq qəzeti” ,  Milli Məclisin rəsmi orqanı "Azərbaycan qəzeti”, hakimiyyətin nəzarətində olan "Səs”, "Yeni Müsavat”, "525-ci”, "Şərq”, "İki sahil”, və"Türküstan” qəzetləri,  həmçinin hökumətyönlü "Report”, APA, bu holdinqə daxil olan "Lent.az”, "Trend”, "Qafqazinfo”, "Oxu.az”, "Milli.az”, "Ölkə.az”, "Haqqın.az”, "Day.az”, "Teleqraf Holdinq”ə daxil olan "Publika.az”, "Teleqraf.com” və "Axar.az” saytları, eyni zamanda, müxtəlif adlarla fəaliyyət göstərən və Medianın İnkişafı Agentliyindən hər ay 3 000 (üç min) manat vəsait alan media orqanları, habelə dünyanın müxtəlif ölkələrində fəaliyyəti qadağan edilən Rusiyanın "Sputnik” Agentliyinin Azərbaycan xidməti daxildir. Həmin media orqanlarının yazdığı materiallarda qeyd olunur ki, guya hansısa Qərb dairələri ölkədə qarışıqlıq yaratmaq üçün müstəqil mediadan istifadə edirlər.

Ən maraqlısı da odur ki, müxtəlif media orqanlarında yayılan və onların "Araşdırması” kimi təqdim olunan bu yazıların məzmunu, mətni və ritorikası eynidir.

Materiallardakı iddialara gəlincə, həbs edilən jurnalistlərin çalışdıqları media orqanlarının maliyyə mənbələri və büdcəsi ilə bağlı rəqəmlər də göstərirlər. Həmin yazı və çıxışlarda jurnalistlərin və vətəndaş cəmiyyəti təmsilçilərinin həbsi və cəzalandırılması ilə bağlı çağırışlar da edilir. Bununla yanaşı, saxlanılan şəxslərə verilən ittihamlar da bu yazılarda səsləndirilən ittihamlarla üst-üstə düşür…


Bəs müstəqil media özünü necə müdafiə edir?

Həbs edilən şəxslərlə bağlı yayımlanan yazılarda təqsirsizlik prezumpsiyasının pozulması aydın sezilir, bu tip sifarişli materiallar dərc ediləndə ekspertlər və vəkillər məhkəməyə müraciət edir, onların "yalan və böhtan” olduğunu isbatlamağa çalışırlar. Bu məsələ yerli məhkəmə instansiyalarında obyektiv araşdırılmayanda vəkillər Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuturlar.

Yazılan məqalələri analiz etdikdə də onların sifariş olduğunu aydın görmək olur: cümlələr eyni sözlə başlayır, eyni şəkildə bitir, ritorika, ittiham və yanaşma eyni olur…

Sadəcə abzasların yerinin dəyişdiyi bu mətnlərin redaksiyalara hazır gəldiyinə əmin olmaq üçün həmin materialları diqqətlə izləmək yetərlidir.  

Meydan TV araşdırma kimi təqdim edilən bu yazıların bəzilərini analiz edib.

İki materialın analizi

Hökumətə yaxın iki medianın aprelin 18-də və 22-də dərc etdiyi materiala baxaq. Başlıqda hər iki media ""Abzas Media” və "Toplum TV” işində yeni faktlar”ın üzə çıxmasından yazır. Görünür, burada açar söz "yeni faktlar” olub.

Abzasların yeri dəyişib, lakin cümlələr eynidir Hər iki mediada gedən materialda cümlələrin quruluşu eynidir, lakin abzasların yeri dəyişikdir. Düşünülə bilər ki, eyni media qurumundan götürülüb, lakin yazıların heç birində istinad da yoxdur.

Yazıda gəlinən nəticə də eynidir və jurnalist etikasına sığmayan şəkildə fikir bildirilib, rəy formalaşdırılıb. Üstəlik, istintaqı davam edən və hələ məhkəmə qərarı olmayan iş üzrə…

Yazdığımız, sadəcə, iki gün fərqlə yazılmış iki materialın analizidir. Xüsusi məlumat əldə olunmayıb, bütün hökumətə yaxın medianın axtarış bölümündən "Tolum TV”, "Abzas Media” açar sözlərini yazıb, siz də oxuya, yazıları bir-biri ilə tutuşdura bilərsiniz. Bu zaman hamısını eyni mənbənin, yoxsa ayrı-ayrı medianın yazdığını anlayacaqsınız…

Təqsirsizlik prezumpsiyası nədir?

Azərbaycan Konstitusiyasının 63-cü maddəsi Təqsirsizlik prezumpsiyası adlanır. Bu maddəyə görə, cinayətin törədilməsində təqsirləndirilən insanların təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Azərbaycanın yerli, hökumət mediası isə başlıqlarında "qrant qaçaqmalçılığı” ifadəsindən istifadə edir.

Təqsirsizlik prezumpsiyasını pozanları nə gözləyir?

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Təqsirsizlik Prezumpsiyası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycana qarşı qərarlarının icra vəziyyətinə dair” hesabatında bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təqsirsizlik prezumpsiyası ilə bağlı müddəalar əks olunub. Lakin bunun pozulmasına görə hansı növ məsuliyyət daşınması göstərilməyib: "Bu, təqsirsizlik prezumpsiyası ilə bağlı yerli qanunvericilikdə olan boşluqlardan biridir”.

Bəlkə də, cəzanın olmaması yerli medianın qanun pozmasına şərait yaradır. Cəzanın olmamasına gəlincə, bu sahədə hər hansı cəza tətbiq edilməməsi də görünür, indiki durumda sərfəlidir.

Jurnalist media qurumunu məhkəməyə verib

Hələlik həbs olunan jurnalistlərdən Hafiz Babalı şərəf və ləyaqətinə xələl gətirən böhtan və təhqir xarakterli fikirlər səsləndirdiyinə görə ATV telekanalını məhkəməyə verib.

Səbail Rayon Məhkəməsi həmin iddianı təmin etmədiyindən jurnalist apelyasiya şikayəti verib. İddada deyilir ki, Babalının araşdırmaları onun jurnalist fəaliyyətinin bir hissəsi olub, xarici donorların sifarişi olmayıb. Bundan əlavə, heç kim dərc olunmuş məqalələrlə bağlı iddia qaldırmayıb, həmin məqalələrdəki məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib edilməyib və məhkəmədə mübahisələndirilməyib.

"Lakin birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmayıb”, – vəkil Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, məlumatın "Qafqazinfo.az” saytından götürülməsilə bağlı ATV telekanalının nümayəndəsinin dəlilləri tutarlı deyil. Qanunvericiliyə əsasən, media digər KİV-in informasiyasının yayılmasına görə məsuliyyətdən azad edilmir.

"Media haqqında” Qanunun 77-ci maddəsinə əsasən, əgər KİV dövlət orqanlarının rəsmi məlumatlarını, onların vəzifəli şəxslərinin, deputatlarının bəyanatlarını və ya çıxışlarını, dövlət, özəl və qeyri-hökumət təşkilatlarının, partiyaların press-relizlərini, informasiya agentliklərinin məlumatlarını dərc etdikdə məsuliyyətdən azad edilir. İndik halda isə 77-ci maddəyə istinad uyğun deyil, çünki "Qafqazinfo.az” informasiya agentliyi deyil, İnternet- qəzetdir. Digər tərəfdən, "Qafqazinfo.az”da dərc  edilmiş məlumat heç bir dövlət orqanının və ya özəl, bələdiyyə və ya ictimai təşkilatın rəsmi məlumatı deyildi. Saytdakı fikirlərin mənbəyi, ümumiyyətlə, göstərilməyib”, – Cəfərov "Turan”a açıqlamasında belə deyib.

Jurnalistin apelyasiya şikayəti də təmin olunmadığından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək…

Nə baş verib?

2023-cü ilin noyabrından bu yana Azərbaycanda 20-dək jurnalist, ictimai fəal həbs edilib. Əvvəlcə həbslər "AbzasMedia” işi ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onların hazırda həbs müddətləri artırılıb. Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər. Amma özləri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Daha sonra həbslər "Toplum TV” işi üzrə davam edib. Bu il martın 6-da polis "Toplum TV” internet telekanalına reyd keçirərək kanalın ofisini bağlayıb. 

Kanalın təsisçisi Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə açıqlamalarında ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmədiyini bildirirlər.