Şuşadakı yurdu əllərindən alınan Qacarlar...

Şuşadakı yurdu əllərindən alınan Qacarlar...

15-08-2022 20:57 / Bu xəbər 1476 dəfə oxundu

İki ilə yaxındır ki, Şuşa işğaldan azad edilib. İndi ürəyi Şuşanı görmək istəyən hər kəs avtobusla 10 saatlıq (gediş-gəliş) yolu qət edə, cəmi 2 saat yarım ərzində təyin olunmuş marşrut üzrə Şuşanı gəzib-qayıda bilər. 

Fərqi yoxdur, o şəxs şuşalıdır, yaxud "mənim də Cıdır düzündə şəklim olsun” deyən axına qoşulanlardan, - hər kəsə münasibət eynidir. Amma hələ də şuşalılar öz evlərinə köçüb-köçməyəcəyindən məlumatsızdırlar...

Bu günlərdə Azərbaycan mətbuatı Pənahəli Xanın nəslindən olan şəxsin Şuşaya səfərini işıqlandırdı. Adam turist kimi gəldi, Şuşanın havasını ciyərlərinə çəkdi, xan nəslindən olmasının avantajını yaşadı və bol şəkillər, müsahibələr fonunda əvvəlki həyatına qayıtdı. Amma xeyli şuşalı da var ki, hələ də bilmirlər öz doğma ev-eşiklərinə qayıda biləcəklərmi? 

Onlar düz 30 ildir ki, həyatlarını qura, olduqları yerə alışa bilmirlər. 

Axı yurd təkcə torpaq deyil, həm də içində xatirələrin, əzizlərinin ruhu olan evdir.

Ata yurduna qayıda bilməyənlər arasında Şuşanın köklü ailələrindən olan Bəhmənovlar da var. Bir zamanlar şəhərin ən görkəmli yerində, sanatoriyaya qalxan yolun üzərində yerləşən geniş həyətli, turistlərin gül-çiçəyinə heyrətlə tamaşa etdiyi o evdən indi əsər-əlamət yoxdur. 

Öncə ermənilər evin daş-divarını sökdü, indi isə həmin evin yerində dövlət müəssisəsi tikilir. Ən pisi də odur ki, bu evin mülkiyyətçilərinə bu barədə heç məlumat verilmir. Halbuki Bəhmənovlar ailəsinin nümayəndələri həm də bu yurdu qorumaq üçün silaha sarılanlardan olub. 

Şuşalılar onları, xüsusilə vaxtilə batalyon komandiri olan mərhum polis mayoru Aristotel Bəhmənovu yaxşı xatırlayır.  Aristotel Bəhmənov Birinci Qarabağ müharibəsində qardaşı ilə birlikdə şəhərin müdafiəsi uğrunda son günə qədər döyüşüb. Sonradan isə Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib.

Köçkünlük illərində yol polisi sistemində müxtəlif vəzifələrdə çalışan Bəhmənov o dövrdə Şuşada da yol polisi əməkdaşı kimi fəaliyyət göstərib. 

Bu gün, yəni avqustun 15-də Aristotel Bəhmənovun 60 yaşı tamam olur. Ömrünün ən gözəl illərini Şuşada keçirən, 30 ilə yaxın o yerlərin həsrətilə yaşayan Bəhmənovun taleyinə yalnız "Şuşa işğaldan azad olundu” xəbərini eşitmək düşdü. Ömrü vəfa etmədi ki, o torpaqlara bir də ayaq basa bilsin... 

İndi isə övladlarının qayıda biləcəyi bir ata yurdu yoxdur.

Bəhmənovlar Qacarlar sülaləsinin nümayəndələrindən biri, Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Bəhmən Mirzə Qacarın nəslinin davamçılarıdır.
Aristotel Bəhmənov

Tarixi mənbələrə görə, Cənubi Azərbaycanın hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar 1848-ci ildə saray çəkişmələri nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. 

Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Amma Bəhmən Mirzə Qacar Şuşada yaşamaq istədiyini bildirir və öz hərəmləri, uşaqları, yaxın ətrafı ilə ora köçür. 

Bəhmən Mirzənin 31 oğlu, 32 qızı olub. 

O, oğlanlarına və nəvələrinə Avropa təhsili verib. Oğullarının əksəriyyəti hərbçi olub. 

Birinci Dünya müharibəsi ərəfəsində onların arasından 6 general və bir neçə zabit çıxmışdı. 

Tarixçilər yazır ki, Bəhmən Mirzənin nəvələri Oktyabr inqilabını qəbul etməyib və hətta bir neçəsi bu yolda canından keçib.

Aristotel Bəhmənovun atası şahzadə Keymah Bəhmənov Bəhmən Mirzənin nəvəsi, Keyqubad Mirzənin oğludur. 

O, 1914-cü ildə Şuşada Bəhmən Mirzənin sarayında anadan olub.

 Sovet hökuməti qurulandan sonra həmin saray onların əlindən alınıb, sanatoriyaya çevrilib. İndi isə evləri əllərindən alınıb, elektrik şəbəkəsinə çevrilir...

Ailəsi həm də ona təəssüflənir ki, Aristotel və digər qardaşları Qacarlar nəsli üçün Şuşada salınmış şahlıq qəbristanlığında, atası Keymah Bəhmənovun yanında dəfn edilməyiblər.

Gülgəz