Təhsil Nazirliyinin fırıldaqlıq etdiyi ölkədə təhsildən nə umasan?
05-04-2023 13:11 / Bu xəbər 1064 dəfə oxundu
Rizvan Qənbərli
Media eksperti
Təhsil Nazirliyi ötən ilin noyabr ayında Dövlət Proqramı ilə təqaüdlü təhsil alına biləcək universitetlərin siyahısını konkret ixtisaslar üzrə elan etdi.
Rəsmi səhifəsində elan etdiyi sənəddə dünya universitetlərinin TOP siyahısına liderlik edən ABŞ, Kanada kimi ölkələrin və universitetlərin adını bakalavr siyahısına daxil etmədi. Beləcə bu ölkələri və TOP universitetləri hədəfləyən gənclərin çoxu yüksək təhsil xərclərinə görə bu universitetlərin müraciət prosesində iştirak etmək istəmədi.
Bundan beş ay keçdi, ABŞ universitetlərinə müaricət müddəti başa çatdı, Təhsil Nazirliyi mart ayının sonunda ötən ilin noyabr ayında elan etdiyi həmin siyahıya anidən "balaca” iki əlavə etdi. Buna görə ABŞ-ın Texas A&M Universitetinin ekologiya mühəndisliyi, neft mühəndisliyi ixtisasları, Michigan Universitetinin dəniz mühəndisliyi ixtisası və Iowa Universitetinin baytarlıq elmləri bakalavr pilləsi üzrə təqaüd siyahısına daxil edildi.
"Sifarişli” beş təqaüd yeri bəs eləmədi, bir də əvvəlki siyahıdan fərqli olaraq əksəriyyəti ABŞ-da yerləşən TOP 10 universitetlər də "sakitcə” siyahıya əlavə olundu. Hansı ki bu universitetlərin müraciət tarixi çoxdan, Təhsil Nazirliyinin "xırda düzəlişindən" üç ay əvvəl başa çatmışdı.
Sual yaranır: Kimin üçün? Hansı dərəcəli yaxınlar üçün? Təhsil Nazirliyinin himayə etdiyi hansı özəl təhsil şirkətləri üçün?
Təhsil Nazirliyi bu universitetlərdə təhsil almağa layiq olan gənclərin əksəriyyətini beş ay əvvəl öz məqsədlərindən daşındırır, son anda isə bəziləri üçün belə çirkin saxtakarlıqla təqaüd imkanı yaradır.
Bu işi ədəb-ərkanla görməyin yolu odur ki, əvvəl təqaüd şərtlərini elan edirsən, sonra bu şərtlərə uyğun olanlar müraciət edir. Amma Təhsil Nazirliyi, deyəsən, əvvəl namizədləri seçir, sonra təqaüd şərtlərini həmin namizədlərə uyğunlaşdırır.
Əziz Təhsil Nazirliyi, təqaüd proqramına xərclədiyiniz vəsait "dədə malınız” deyil. Bu xalqın vergiləriylə formalaşan dövlət büdcəsinindir. Xalqın vəsaitini xalq üçün ədalətli xərcləyin. Öz yaxınlarınız, maddi və mənəvi formada durmadan himayə etdiyiniz özəl təhsil şirkətləri üçün xərcləməyin.
İdeoloji şəbəkələşmənizi netvorkinq oyunu kimi sırımağa çalışsanız da, kimləri hansı maraqlarla dəstəklədiyinizi çox yaxşı başa düşürük. Sizi indiyə qədər ciddiyə alıb bəzən lehinə, bəzən əleyhinə müzakirə etməkdə çox səhv etmişik. Ən çox layiq olduğunuz münasibət elə lağlağıya qoyulmaq imiş...