Tərtərdə nə baş verir: vətənə xəyanət, yoxsa?..

Tərtərdə nə baş verir: vətənə xəyanət, yoxsa?..

08-06-2017 15:37 / Bu xəbər 3954 dəfə oxundu

Bəlkə, birinci Səfər Əbiyev, Nəciməddin Sadıqov və Zakir Həsənovu sorğulamaq lazım?!

Azərbaycanda hər gün ümidlər öləziyir və insan bu mənzərədən vahimələnir. Səbəbi sadədir; avtoritarizmin yaratdığı qapalı mühit getdicə daralır və elə bir situsiya yaranır ki, hər kəs bir-birindən şübhələnir, az qala şəhərdə, çayxanada gördüyün hər üç nəfərdən ikisinin agent olduğuna inanasan.
 
Əslində, cəmiyyətə qapalı, qeyri-şəffaf bütün rejimlərdə oxşar mühit olur. Bizdə də elədir. 
 
Bunu niyə yazdım?
 
Hazırda ölkə ciddi panika içərindədir. Orduda casus şəbəkəsinin olması, kütləvi həbslər, ingəncələr və qətllərlə bağlı hər gün müxtəlif informasiyalar alırıq. Amma nə təsdiqlədə, nə də təkzib etdirə bilirik... 
 
Demək, mayın 5-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb ki, bir qrup Azərbaycan hərbçisi "vətənə xəyanət" edib

Bu bəyanatdan sonra sosial şəbəkələr və media bir aydır ki, dağılır, hamı xain axtarışındadır. Amma cəmiyyətə əsaslı və məntiqə söykənən heç bir açıqlama verilmir, hər kəs bu mövzuda nəyisə sorğulamağa, araşdırmağa çəkinir… 

Sözün həqiqi mənasında, dəhşətli bir mənzərə yaranıb, heç mən də bilmirəm ki, bu yazıya görə sabah başıma nə gələcək. Bəlkə də, "istintaq sirri” deyib məni də "Gilyotin”dən keçirə bilərlər və ya Baş Prokurorluğa çağırıb, "ağıllı ol” mesajı verəcəklər və s. 

Halbuki ölkənin dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev də, Baş prokuroru Zakir Qaralov da iddia edirlər ki, bir qrup hərbi qulluqçu və digər mülki şəxs Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları düşmənə ötürüblər.
 
Çox ağır ittihamdır, deyilmi? 

Hələ bu azmış kimi bir qədər də irəli gedərək, hay-küy salıblar ki, bəs ay aman, ermənilər Cənubi Qafqazın analoqsuz ölkəsinin şəhərlərinə gəlib-gedirmişlər
 
Sual verən də yoxdur ki, bəs siz hara baxırdınız? 

Bir jurnalist kimi deyilənlərə şübhə ilə yanaşmaq mənim peşə etikamın tələbi olsa da, bir vətəndaş kimi də uzun illər qondarma həbslərlə insanları şərləyən sistemin sözçülərinin dediyinə inanmamaq haqqım var. Çünki mən azərbaycanlı hərbçinin, əsgərinin kütləvi şəkildə casusluq etməsinə, başqa dövlətə işləməsinə inanmıram. Səngərdə qulluq edən bir əsgər kimi də oradakı psixoloji situasiyanı bilirəm, yaşamışam… 

Ziddiyyətlər və məntiqsizlik isə çoxdur. Məsələn, DTX rəisi Mədət Quliyev deyir ki, bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. 

Yenə sual yaranır: bu şəbəkəni 30 il Müdafə Nazirliyi sistemində kim və necə saxlayıb, bəsləyib? Madam ki, belədir, bəlkə, elə keçmiş nazir Səfər Əbiyevdən, indiki nazir Zakir Həsənov və Baş qərargah rəisi Nəciməddin Sadıqovdan başlamaq lazımdır? 

Ən pisi isə odur ki, bir qrup məntiqsiz, savadsız, emosiyaya qapılıb fikir yürüdən, idarə olunan ekspert də, kütlə də bu siyasi və rəsmi açıqlamaların girovuna çevrilərək yanlış fikir səsləndirirlər…

Milli Məclisin deputatları rəsmi qurumları sorğulamaq əvəzinə, ya susur, ya da Azərbaycan əsgərinə məhkəmə qərarı olmadan xain damğası vurur, rəsmi qurumların iddialarına haqq qazandırırlar. 

Yenə də deyirəm, mən Azərbaycan əsgəri olmuşam və əminəm ki, Azərbaycan əsgəri öz vətəninə xəyanət etməz, hələ pul qarşılığında heç etməz. Amma əsgərin haqqını basıb yeyən korrupsiner "məmur çetesi" var-dövlət və səltənət naminə Vətəni də satar, eli də, obanı da... 

Bilirəm, indiki situsiyada bu yazını yazmaq çətin və təhlükəlidir. Nəciməddinlər, zakirlər, onların sosial şəbəkədəki yumşaq gücü, millətçi-dövlətçi donuna bürünənlər, bloger kimi sırınanlar – şahmuradlar və s. kimlər üstümə gələcək. 

Necə ki bi neçə gün öncə "facebook"da az qala məni bir şərhə görə xain və satqın elan etdilər...

Onsuz da bir müddətdir ki, müxtəlif qurumdan idarə olunan "feysbuk millətçi"ləri, şahmuradlar, babalılar, onlara həmrəy olan media killerləri "xain" iddiası ilə zabit və əsgərlərə edam hökmü oxuyurlar. Amma mən bu yazını ona görə yazıram ki, tarix və vicdan üçün yaddaşda qalsın…

Artıq "vətən xaini" adı ilə öldürülən neçənci şəxsdir ki, ümumi kənd, qəsəbə və ya şəhər qəbiristanlığından dəfn etməyə imkan vermirlər, aparıb kənarda-bucaqda basdırırlar.
 
Məhkəmə hökmü olmadan bu adamlara satqın, xain və casus ittihamı qoyurlar. Bu isə nə vicdana, nə əxlaqa, nə dinə, nə hüquqa sığır... 

Təəssüf ki, cəmiyyət də bu acı mənzərəni susqunluqla qarşılayır...

Bu arada hüquq müdafiəçisi olan bəzi dostlarla da məsləhətləşdim.
 
Onlar da ehtiyatlanır, hələ bəziləri casus şəbkəsinin olmasına inanır da. Bəziləri isə deyirlər ki, bir az səbr edək, görək proses hara gedir?

Açığı, mən prosesin ədalətsiz olduğuna şübhə etmirəm. Yəni 30 illik bir sistemin ədalətsiz mühakimə sisteminə istinad edib bu qənaətə gələ bilirəm.
 
Bundan başqa, hisslərim deyir ki, Azərbaycan əsgəri xəyanət etməz. Bəlkə də, bir gün məlum olacaq ki, onlar da korrupsioner və ədalətsiz sistemin qurbanlarıdır… 

Şəmşad Ağa
Arqument.az-ın baş redaktoru