Xalid Bağırovun təşviqatına maneə yaradıldığı deyilir
05-02-2020 02:01 / Bu xəbər 1139 dəfə oxundu
76 saylı Lənkəran-Astara seçki dairəsindən müstəqil namizəd Xalid Bağırova təbliğat-təşviqat zamanı problem yaradılıb.
Bu barədə namizədin komanda üzvü Sadiq Əliyev Toplum Tv-yə məlumat verib.
Sadiq Əliyev deyib ki, maşınla təbliğat-təşviqat apararkən polis əməkdaşları yaxınlaşaraq insanları narahat etdiklərini söyləyiblər: "Biz təbliğat- təşviqatla bağlı maşın tutmuşduq. Üzərinə posterlər yapışdırmışdıq və əlavə səsgücləndirici aparat quraşdırmışdıq. Polis əməkdaşları yaxınlaşdılar və bildirdilər ki, sizin etdiyiniz qanunsuzdur, insanları narahat edirsiniz. Maşınla gəzə bilməzsiniz. Xüsusi ayrılmış yerlər var, orada gedib təşviqat apara bilərsiniz”.
S.Əliyevin sözlərinə görə, problemlə bağlı Dairə Seçki Komissiyasına (DSK) müraciət ediblər və onlara deyilib ki, heç bir qanunsuzluq yoxdur: "Tutduğumuz sürücüyə iş yerindən zəng gəldi. Sürücü də xidmət etməkdən imtina etdi. Ola bilsin ki, təzyiq ediblər. Avadanlığımızı və posterlərimizi maşından söküb getdi”.
Lənkəran Rayon Polis İdarəsindən Toplum TV-yə bildirilib ki, onlarda belə bir məlumat yoxdur.












