Xarici düşmən "xoxan"ıyla talanan ölkələr: Rusiya və Azərbaycan

Xarici düşmən

20-11-2021 16:13 / Bu xəbər 813 dəfə oxundu

Natiq Cavadlı

Rusiya Qarabağdakı sülhməramlılarına hər il 50 milyon dollar xərcləyəcək. 

Ancaq Avropaya qazla təzyiq göstərən Rusiyanın bir sıra bölgələrində əhali odunla qızınır. Məsələn, Rostov.

Ona görə şair Fyodur Tyutçev deyirdi ki, Rusiyanı ağılla dərk etmək, arşınla ölçmək mümkün deyil!

Rusiya tarixi boyu hərblə, müharibəylə nəfəs alıb və dövlət-çarlar, birinci katiblər bundan güc alıb. Ancaq rus xalqı araq almağa pul tapmayıb. 

Əcaib xalqdır ruslar, alman Yekaterinanı matuşka, gürcü Stalini xalqlar atası adlandırırdı.      

Rusiyanın ən dinc dövrləri SSRİ zamanı sayılır, ancaq o illərdə də II dünya savaşı, ardınca Koreya, Kuba böhranları, təkcə Əfqanıstanda 15 min hərbçi öldü. Beləliklə, sovet rəhbərliyi hərbi büdcəni yükləməklə, xaricdəki kommunistlərə, daha nə bilim Nikaraqua sandinistlərinə maliyyə yardımı ayırmaqla təbliğatını quranda sovet xalqı yağı, əti talonla alırdı.

Rusiyada həmişə əzab, iztirab çəkən, repressiyalara məruz qalan elə sadə rusların özü olub və bütün bunların günahkarı da onlar sayılıb. Aclıq, səfalət Rusiyanın tarixində "qırmızı xətt" kimi keçir, təhkimçilik dövrünün kəndlisinin ölməməsi ağasının insafından asılıydı, 100 il əvvəl-1921-ci ildə aclıqdan 5 milyon insanın taleyi məhv oldu, yaxud "Qolodomor" və kommunizmə aparan 60-cı illərin çörək növbələri. 

Rusiya tarixində bir məqam həmişə kənarda saxlanılır, ya da göstərilmir, o budur: Vikinq Rusiyası olub, monqol Rusiyası, Kiyev, alman, fransız, yəhudi, bolşevik Rusiyası olub, ancaq rus xalqının Rusiyası olmayıb.  

İndi də Putin Rusiyası var, dövlət kriminal və korrupsiya vasitəsilə xalqını da, qonşularını da şantaj altındada saxlayır. Bu Rusiya Abxaziyaya, Osetiyaya, Dnestryanıya, Donbasa, Krıma və... Qarabağ ermənilərinə maliyyə ayırır, amma rus xalqı pis yaşayır. 

Beləliklə, tarix boyu rus çarları, kommunist rəhbərləri xarici düşmən "xoxan"ıyla Rusiyanı talayırlar. 

Və yenə də böyük rus ədibi Saltıkov-Şedrinin "Əgər vətənpərvərlik haqda çox danışmağa başladılarsa, deməli yenə nəsə oğurlayırlar” fikrini xatırlamamaq olmur.

Elə bizdə də vəziyyət aşağı-yuxarı oxşardır, çünki 200 ildir əsarətindəyik. Qarabağ xanı Rusiya vassallığını qəbul edəndən bir neçə il sonra ağalarının əsgərləri tərəfindən ailəsiylə birgə güllələndi. 

Azərbaycanın xoşbəxt gələcəyini Rusiyada görən Nərimanovun bədbəxt günləri Moskvada başladı və sona çatdı. 

ADR parlamentinə ultimatum verən yerli kommunistlərin son ili də 37-ci il oldu. Elə Moskvaya can-başla xidmət edən Bağırovu da sağ buraxmadılar. Gəldik sülalə rejiminin əsasını qoyan Heydər Əliyevə. 

Azərbaycana "qırmızı bayraqlar"lar gətirməsiylə fəxarət duyaraq "Qızıl ordu abidəsi"ni, Lenin sarayını, hərbi məktəb tikdirdiyini söyləyən Əliyev illər sonra SSRİ-nin ideoloji-siyasi düşməni Amerikanın AzadliqRadiosuna çiyin-çiyinə çalışdığı Siyasi Büro üzvlərini primitiv adlandırdı. Amma elə primitiv acgöz və yaramaz "qocalar klubu"nun başında Azərbaycanı oğluna təhvil verdi.  

Siyasətdə geriyə baxıb ötənləri yada salmaq vicdanı olan üçün mənəvi iztirabdır!