Xətai sakinləri nədən narazıdırlar?

Xətai sakinləri nədən narazıdırlar?

08-06-2021 18:46 / Bu xəbər 401 dəfə oxundu

Xətai rayonu, Telnov küçəsində  yaşayan sakinlər yaşadıqları ərazidəki parkın vəziyyətindən narazıdırlar. 

Sakinlər qeyd edirlər ki, insanların istirahəti üçün salınmış parkda abadlaşma işləri aparılır: "Oturacaqların yenilənməsi, hətta mini futbol meydançasının da salındığı parkın abadlaşması orda yaşayan sakinləri sevindirsə də, bu sevinci əngəlləyən bəzi məqamlar da mövcuddur. Belə ki, parkın təmiri yarımçıq aparılır". 

Sakinlərin sözlərinə görə, dövlət tərəfindən parkın bütün ərazisinin təmiri nəzərdə tutulsa da, məlum olmayan səbəblər ucbatından ərazinin yarısında təmir işləri aparılmır. 

"Parkın baş tərəfində 29 saylı ümumtəhsil məktəbinin qarşısına qoyulmuş köşk (butka) çox iyrənc görünür. Həmin ərazi kiminsə təsiri və yaratdığı əngəl nəticəsində təmir olunmur, baxmayaraq ki, ərazi parkın ərazisidir. Görünən odur ki, kimsə həmin ərazini zəbet edib".

Ərazidə yaşayan Bəxtiyar Cəlilov adlı sakin deyir ki, bura təhsil ocağıdır və qarşısında belə bir mənzərə xoşgəlməz hal yaradır: "Burada uşaqlarımız, nəvələrimiz təhsil alır. Çox şübhəsiz ki, bu köşk alver məqsədi ilə qoyulub. Sahibinin də kim olduğu bəllidir".

Sakinlər köşkün kimə məxsus olduğunu deməsələr də, ərazidəki antisanitariyadan narahat olduqlarını dilə gətiriblər: "Sabah kim qarant verir ki, uşaqlarımız burada xarab, insan həyatına təhlükə yaradan yeyinti məhsullarından zəhərlənməyəcək? Sabah Prezident və ya parlament seçkilərində məktəbə gələn beynəlxalq müşahidəcilərin gözünün qabağında bu cür anti-sanitariya içində olan obyekt necə fəaliyyət göstərəcək?"

Videoçəkilişdən də aydın görünür ki, sakinlərin narahatçılığına əsas var. Redaksiyamıza göndərilən həmin videosujeti təqdim edirik: