Yadigar Sadıqlı da namizədliyini irəli sürdü

Yadigar Sadıqlı da namizədliyini irəli sürdü

16-12-2019 18:26 / Bu xəbər 1356 dəfə oxundu

Müsavat Partiyasının üzvü, başqanlığa namizədlərdən biri Yadigar Sadıqlı da 9 fevralda keçiriləcək parlament seçkilərinə qatılmaq barədə qərar verib. 

Bu barədə Sadıqlının özü məlumat yayıb.  

O qeyd edib ki, Müsavat Partiyasının indiki rəhbərliyinin onun namizədliyini dəstəkləməyəcəyini bilirmiş: "Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. Amma boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm. Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. "Biz irəli sürəcəkdik, amma özü sürdü" deməsinlər”.

Yadigar Sadıqlı deyib ki, sabah imza vərəqələrini götürəcək. "Bilirəm, qeydə almaya bilərlər, bilirəm, min bir əngəl törədəcəklər, bilirəm, məhkəməmdə üzümə duranlar kimi məxluqları yenə üstümə göndərəcəklər, bilirəm, yenə xeyli zəhmət və əsəb xərcləyəcəm. Bir çoxları kimi say xətrinə formal namizədlik olmayacaq, həqiqətən mübarizə aparacağam. Tanrı utandırmasın”.