Yaşlı qadını bağlı vəziyyətdə tövlədə saxlamaqda şübhəli bilinən şəxs həbs olunub

Yaşlı qadını bağlı vəziyyətdə tövlədə saxlamaqda şübhəli bilinən şəxs həbs olunub

03-06-2021 18:33 / Bu xəbər 455 dəfə oxundu

Ehsan Zahidov: "Həmin şəxs saxlanılıb və prokurorluqda araşdırma aparılır"

Gədəbəydə yaşlı qadına qarşı zorakılıq göstərərək tövlədə bağlı vəziyyətdə saxlamaqda şübhəli bilinən şəxsin həbs edildiyi bildirilir.

Bu barədə "Report” məlumat yayıb.

Bildirilir ki, Gədəbəyin İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova qohumu Qəzənfər Hacıyev tərəfindən tövlədə bağlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumatı Meydan TV-yə təsdiqləyib.

O deyib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə Səkinə Həsənovanın tövlədə saxlanılmasını əks etdirən video görüntü yayıldıqdan sonra Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları dərhal həmin kəndə gələrək qadını kənd ərazisində gəzərkən aşkarlayıb.

Onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra aidiyyəti qurumlara məlumat verib.

Bildirilib ki, Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı Psixo-nevroloji Mərkəzə yerləşdirilib.

Qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıq məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq Gədəbəy Rayon Prokurorluğuna göndərilib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırmaların aparıldığı bildirilir.