Yeni nazirdən yeni tender "mexanizmi" - Mehdiabad məktəbində yüz minləri kimlər silir?

Yeni nazirdən yeni tender

26-08-2022 10:51 / Bu xəbər 1289 dəfə oxundu

Azərbaycanda büdcə maliyyəli təşkilatların sifarişçi olduqları dövlət satınalmalarında baş verən neqativ hallar barədə yerli və xarici mediada çox yazılıb. 

"Dövlət satınalmaları haqqında" Qanuna edilən dəyişikliklər satınalmalar sahəsində korrupsiya hallarının qarşısının alınması istiqamətində mühüm addım kimi təqdim olunsa da, təəssüflər olsun ki, bu sahədə hələ də neqativ hallar qalır.
 
Bəzi dövlət qurumları fəaliyyət profili qaranlıq olan təşkilatlarla əməkdaşlığa üstünlük verir, bəzi hallarda görülən işlərin, alınan malların smetası real dəyərindən qat-qat artıq qiymətə rəsmiləşdirilir.
 
Bəzi hallarda isə görülən işlər üçün yeni satınalmalar keçirilir, büdcədən külli miqdarda vəsaitlər xərclənir. 
 
Qlobal.az xəbər verir ki, görülən işlərə yeni satınalmalar həyata keçirən dövlət qurumlarından biri də Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsidir. 
 
Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi cari ilin avqust ayının 15-də "Abşeron rayonu, Mehdiabad qəsəbəsi 2 nömrəli tam orta məktəbinin əsaslı təmiri işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 
 
Bu satınalmanın məbləği 309.067 manat, qalibi isə "Meqaplus" Firmasıdır. 
 
Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi ilə "Meqaplus" Firmasının arasında bağlanana müqavilənin predmetlərindən biri Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbin 373 kvadrat metr fasadının emulsiya ilə rənglənməsi və 871 kvadrat metr dam sahəsinin profnastillə vurulması yer alır. 
 
İlginc məqam budur ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi ilə Meqaplus Firması arasında cari ilin avqust ayının 22-də imzalanan tender müqaviləsində göstərilən işlər 2021-ci ildə həyata keçirilib. 
 
Yəni hazırda Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbin 373 kvadrat metr fasad emulsiya ilə rənglənmiş, 871 kvadrat metrlik dam hissəsi yeni profnastil örtüyü ilə montaj olunmuşdur. 
 
Belə olan təqdirdə Təhsil nazirliyinin İdarəsinin sifarişçi olduğu satınalmalar bəzi suallar yaradır. 
 
Məsələ ilə bağlı Elm və Nazirliyindən və Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsindən münasibət almaq mümkün olmayıb.