Arif Hacılı qadınları təbrik etdi

Arif Hacılı qadınları təbrik etdi

07-03-2017 18:01 / Bu xəbər 1725 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. 

Təbrikdə deyilir: 

"Əziz xanımlar! 

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sizə şəxsi, ailə həyatınızda xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzulayıram. 8 Mart artıq uzun illərdir ki, öz əvvəlki siyasi mahiyyətini itirərək bütün dünyada Qadınlar Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda da sevimli bayram günlərindən biridir. Azərbaycan qadını dəyanət, sədaqət simvolu kimi qəbul olunur. Qadınlarımız həm də ailənin əsas dayağı kimi həmişə yüksək dəyər sahibi olub. 

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hələ ötən əsrin əvvəllərində bəzi inkişaf etmiş ölkələrdə olduğundan daha tez qadınlarımıza geniş siyasi hüquqlar, xüsusilə seçkilərdə iştirak hüququ verilməsi ilə daim qürur duyuruq.

Xanımlarımız ötən əsrin əvvəllərində Azərbaycanda milli, demokratik bir dövlətin qurulmasında mühüm rol oynadıqları kimi, əsrin sonunda da milli-azadlıq hərəkatında fəal iştirak etdilər. 

İstiqlalımızın bərpası uğrunda gedən mübarizənin önündə oldular. Azərbaycan qadınları bütün fəaliyyət sahələrində çalışdıqları kimi ölkənin ictimai-siyasi həyatında da mühüm rola malikdirlər. İndi qadınların ictimai-siyasi proseslərdə iştirakı və rolu, təsir imkanları artır. Azərbaycan qadınları da bütün dünyada gedən bu ümumi prosesdə özünəməxsus rola malikdirlər. 

Bu gün Azərbaycan hakimiyyətinin apardığı yanlış siyasət nəticəsində xalqımızın əksəriyyəti kimi əksər qadınlarımız da xoşbəxt yaşamaq, əməklərini yaradıcılıq işlərinə həsr etmək, həyatdan zövq almaq imkanlarından məhrumdur. 

Qadınlarımız gündəlik dolanışıq problemləri içərisində əziyyət çəkir, siyasi mövqelərinə görə təqib olunur. Haqsızlıqlara son qoyulacaq günlər çox uzaqda olmadığına inanıram. Əminəm ki, haqsızlığa qarşı apardığımız mübarizə tezliklə öz bəhrəsini verəcək, Azərbaycanda azad, demokratik cəmiyyət qurulacaq. Xalqımız layiq olduğu kimi azad və firavan yaşayacaqdır.

Əziz xanımlar! 

Sizi bir daha 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.