Avropa qaçqınlara qapı açır

Avropa qaçqınlara qapı açır

29-09-2017 01:39 / Bu xəbər 1753 dəfə oxundu

Avropa İttifaqı Komissiyası qaçqınlara qapısını açmağa hazırlaşır. Belə ki, Avropa İttifaqı ölkələri Türkiyə, Yaxın Şərq və Afrikadan ən az 50 min qaçqın qəbul etməyi planlaşdırır.

Avropa İttifaqı daxilində sərbəst hərəkət hüququ tanıyan Şengen sisteminin ən çox iki il müddətinə təxirə salınmasına imkan tanıyan Avropa İttifaqı Komissiyası bu müddəti üç ilə artıracağına qərar verib. Aİ Komissiyasının təklifinin qüvvəyə minməsi üçün Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən təsdiq edilməsi lazım gəlir.

 Şengen Müqaviləsinə 28 Avropa İttifaqı üzvündən 22-si, həmçinin ittifaqa üzv olmayan İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn daxildir.

Almaniya, Avstriya, Danimarka, İsveç və Norveçin Suriya və Şimali Afrikadan gələn miqrantları əngəlləmək üçün 2015-ci ilin sonlarından bu yana tətbiq etdiyi sərhəd nəzarətinin müddəti noyabr ayında bitir.

Noyabrdan etibarən sərhəd nəzarətlərini dayandırmaq məcburiyyətində olan bu ölkələr Avropa İttifaqı Komissiyasının təklifinin qəbul edilməsi halında sözügedən qaydanı tətbiq etməyi bir il daha davam etdirəcək.

Almaniya və Fransa daxil olmaqla, bəzi ölkələr Avropada baş verən bir sıra terror aktından sonra bu qaydanın tətbiqinin uzadılması üçün müraciət etmişdi. Fransa, sərhəd nəzarətlərini 2015-ci ilin noyabr ayında Parisdə təşkil olunan terror hücumları sonrası başlamışdı.

Getdikcə genişlənən sərhəd nəzarəti Avropada birlik və azadlığın simvolu olaraq görülən Şengen bölgəsinin çökdüyünə dair şərhləri də özü ilə gətirmişdi.
 
 50 min qaçqını birbaşa alacaq
 
Avropa İttifaqı Komissiyası həmçinin qarşıdakı illərdə Türkiyə, Yaxın Şərq və Afrikadan gələn ən az 50 min qaçqının üzv ölkələrə könüllü olaraq qəbul edilməsini istəyir. Komissiya qorunmağa möhtac qaçqınlar üçün qanuni olmayan, təhlükəli marşrutlar yerinə, qanuni yollar yaradılması lazım olduğunu qeyd edib. Qəbul ediləcək hər bir qaçqın üçün 10 min avro ayrılması planlaşdırılır. 

Sözügedən plan qaçqınların qarşıdakı iki il ərzində Aİ ölkələrinə qəbul edilməsini nəzərdə tutur.

Aİ Komissiyasının köçdən məsul üzvü Dimitris Avramopulos, Brüsseldəki mətbuat konfransında deyib ki, bu plan sayəsində qaçqınların təhlükəli gəmilərlə Aralıq dənizini keçməyə çalışmasının qarşısı alınır.

Şengen bölgəsindəki ölkələr hazırda təhlükəsizlik səbəbilə altı ay müddətinə sərhəd nəzarəti apara bilər. Bu müddət eyni zamanda ölkə sərhədlərini təhdid edən bir miqrasiya böhranı olanda iki ilə çıxa bilir. 

Avropa Birliyinin 2015-ci ildə elan etdiyi qaçqınları yerləşdirmək planı çərçivəsində bu ana qədər Avropa İttifaqı xarici ölkələrdəki qaçqın düşərgələrindən 23 min insana  qapılarını açıb.///toplum.tv