''Azərbaycanın Avropa İttifaqı ilə danışıqlarında irəliləyiş yoxdur''

''Azərbaycanın Avropa İttifaqı ilə danışıqlarında irəliləyiş yoxdur''

05-06-2018 15:16 / Bu xəbər 681 dəfə oxundu

"Rəsmi Bakı siyasi və iqtisadi blokla bağlı məsələlərin həllini hər yolla ləngidir”

Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalaması ilə bağlı danışıqlar hələlik əhəmiyyətli nəticə verməyib.

Bu barədə "Turan” informasiya agentliyinə Brüsseldə yaranan situasiyadan xəbərdar olan məlumatlı diplomatik mənbə bildirib.

Agentliyin yazdığına görə, rəsmi Bakının nümayəndələri danışıqlarda siyasi və iqtisadi blokla bağlı məsələlərin həllini hər yolla ləngidir və Qarabağ münaqişəsi haqqında məsələni danışıqlarda hər bəhanə ilə gündəliyə salmağa çalışır, deyə mənbə qeyd edib.

Yalnız humanitar əməkdaşlıq haqqında məsələlər bloku ilə bağlı müəyyən irəliləyiş var.

"Buna görə danışıqların uğurla irəlilədiyi və tezliklə saziş imzalanacağı haqqında bəyanatlar əsassızdır”, deyə mənbə qeyd edib.

Agentlik yazıb ki, bir neçə il əvvəl rəsmi Bakı bildirib ki, "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq onu qane etmir və Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın bütün aspektlərini müəyyən edən ayrıca sazişin olmasını istəyir.

Xəbərdə qeyd olunur ki, bu məsələ ilə bağlı danışıqlar bir neçə ildir aparılır, amma təcrübi nəticə yoxdur.

Eyni zamanda, Ermənistan tərəfi ilə bu məsələ ilə bağlı danışıqlar cəmi il yarım aparılıb və tərəfdaşlıq sazişinin imzalanması ilə uğurla başa çatıb.

"Bakının Rusiya ilə əməkdaşlığa Avropa İttifaqından daha çox meylli olduğu haqqında fikir var. Bakıda başa düşürlər ki, Ermənistanda hakimiyyət dəyişdikdən sonra Yerevan mütləq Avropa İttifaqı ilə yaxınlaşacaq. Buna görə də Bakı Moskvanın Ermənistanın davranışından narazılığı üzərində oynamaq istəyir”, deyə mənbə bildirib.