“Azərsun” 180 milyon dollar valyuta itkisi yaradıb

“Azərsun” 180 milyon dollar valyuta itkisi yaradıb

04-02-2019 16:18 / Bu xəbər 399 dəfə oxundu

AXCP Rəyasət Heyətinin üzvü, 
İqtisadçı alim Nemət Əliyev 

«Azərsun Holdinq»ə məxsus İmişli Şəkər Zavodu 180 milyon dollar həcmində valyuta itkisi yaradıb. Burada istehsal 54%, ixrac 59% düşüb.

İdxalın məhdudlaşdırılması normalda yerli istehsala təkan verməlidir. Bu, nəzəriyyədə belədir. Praktikada da belə olmalıdır. Lakin ölkəmizdə hökumətin idxala tətbiq elədiyi məhdudiyyətlər yerli istehsalın sıxışdırılması, itkilərin daha da böyüməsi ilə müşayiət olunub. Qınamayın məni, görünür, analoqsuzluq hökumətimizin bəxtinə yazılıb… Ölkənin yeganə şəkər zavodu olan İmişli Şəkər Zavodunda baş verənlər bunun bariz nümunəsidir. Bu zavodun gətirdiyi itkilər on milyonları aşıb.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlardan aydın olur ki, əvvəlki illə müqayisədə 2017-cı ildə şəkər tozunun idxalı 1% və ya 3 min ton artsa da, 2018-ci ildə bu göstərici 35% və ya 130 min ton azalıb.

Belə vəziyyət yerli istehsala təkan vermək üçün bir fürsət kimi qiymətləndrilməli idi. Lakin DSK-nın açıqladığı rəsmi məlumatlar göstərir ki, 2016-ci ildə 419 min ton şəkər tozu istehsal edən İmişli Şəkər Zavodu 2017-ci ildə 228 min ton, 2018-ci ildə isə 194 min ton istehsal edib. 2017-ci ildə 45% azalan istehsal 2018-ci ildə daha 15% düşüb. İstehsalın səviyyəsi iki ilə 54% və ya 224 min ton enib.

Deməli, idxalın məhdudlaşması yerli istehsalda tərəqqi ilə deyil, 2 dəfədən çox tənəzzüllə müşayiət olunub. Baş verənlər bu məhsul çeşidinin ixracının 59% (64 min ton) düşməsinə də səbəb olub.

İstehsal və idxalın düşməsi nəticə etibarı ilə şəkər tozuna tələbat göstəricisinin pisləşməsinə gətirib çıxarıb. Tələbat göstəricisi son iki ildə 42% pisləşərək 675 min tondan 389 min tona düşüb. Tələbatın yerli istehsalla təminolunma səviyyəsi isə 62%-dən 50%-dək enib.

Beləliklə, ortaya çıxan ümumi mənzərə bundan ibarətdir ki, idxal kəskin azalıb, istehsal və ixrac tənəzzül edib, şəkər tozuna tələbat göstəricisi sıxışdırılıb və yerli istehsalla təminolunma səviyyəsi pisləşib. İstehsalın düşmə tempi idxalın azalma tempi ilə müqayisədə daha sürətli olub və bu da xaricdən asılılıq səviyyəsinin artması ilə nəticələnib.

Pul ifadəsində ümumi itkiləri dəyərləndirməyə çalışaq. Əvvəla qeyd edək ki, xaricə valyuta axınının qarşısını almaq məqsədi güdən hökumət şəkər tozunun idxalının azalması hesabına, həqiqətən də, 66 milyon dollar məbləğində valyutaya qənaət edə bilib. Lakin ixracdan daxil olan valyutanın 37 milyon dollar azalması həmin qənaətin həcmini 29 milyon dollara düşürüb (66-37=29). Əgər yerli istehsalın 2 dəfədən çox azalması hesabına əmələ gələn itkiləri də burada nəzərə alsaq, o zaman mənzərə tamamilə dəyişər və valyutaya qənaət etmək istiqamətində atılan oxların daşa dəyməsi üzə çıxar.

2017-ci ildə istehsal həcmi 190 min ton, 2018-ci ildə isə 34 min ton azalıb. Həmin illərdə orta illik ixrac satış qiymətlərinin müvafiq olaraq 0,65 dollar/kq və 0,57 dollar/kq olmasını nəzərə alıb hesablasaq, iki ildə istehsalda 143 milyon dollar itki əmələ gəlməsi üzə çıxar (190∙0,65+34∙0,57≈143 mln dollar). Başqa sözlə desək, əgər yerli istehsala təsirli dəstək verməklə əvvəlki tempi 2017 və 2018-ci illərdə də saxlamaq mümkün olsaydı, ixrac yönlü fəaliyyəti artırmaq hesabına bu illərdə əlavə olaraq 143 milyon dollar valyuta qazana bilərdik. Lakin bu imkan əldən verilib.

Belə çıxır ki, idxalda 66 milyon dollar valyuta qənaətinə aludə olduğumuz bir vaxtda istehsal və ixracda 180 milyon (143+37=180) dollarlıq valyuta itkisinə məruz qalmışıq. Ümumi itkilər 114 milyon (180-66=114) dollar hesablanır. Bu, yalnız şəkər tozunun istehsalı, idxalı və ixracından yaranan ikidir.

Onu da nəzərə almaq azımdır ki, istehsalın, idxalın və ixracın düşməsi bir qayda olaraq iş yerlərinin itirilməsi ilə müşayiət olunur. İş yerlərini itirmiş işçilərin sonrakı dövrdə yaşadıqları maddi və mənəvi sarsıntılar, fəaliyyətini dayandırmış zavod istehsal güclərinin məruz qaldığı fiziki və mənəvi aşınmalar yuxarıda hesablanmış itkilərin miqyasını daha da böyüdür.

Bütün bunlar şəkər tozunun istehsalı və satışı üzərində şəriksiz monopoliyaya, böyük maliyyə resurslarına və təsir imkanlarına malik olan «Azərsun Holdinq»in patronajlığında olan iri bir müəssisədə baş verənlərdir. Belə bir fonda maliyyə və digər resurslar baxımından çox məhdud imkanlara malik olan digər yerli istehsalçıların yaşadıqları aqibətin nə dərəcədə acınacaqlı olmasını təsəvvür eləmək elə də çətin olmamalıdır.

Deməli, hökumət yerli istehsalı buxovlayan və ixracı əngəlləyən əsas maneələri aşa bilməyib və bu üzdən də milyonlarla ölçülən ikilərə məruz qalmışıq. Nəticə ümumi maraqların ziyanına işləyib. Necə deyərlər, qaş düzəltdiyimiz yerdə göz çıxıb.
 
azadliq.info