Bəxtin gətirsə...

Bəxtin gətirsə...

18-03-2019 18:00 / Bu xəbər 1644 dəfə oxundu

Saray Cəlilova

Hər kəsin səni eyni anda vəhşicəsinə döydüyünü düşünsək, bir nəfər, sadəcə, bir şillə vuraraq getsə, o insanın bizə yaxşılıq etdiyini belə düşünə bilərik. Normal vəziyyətdə isə həmin o şillə üçün bəlkə də, dünyanı dağıdarıq. Buna görə şərtlər çox önəmlidir...

Lakin hər hansı bir şərtə uyğunlaşdırılan fikir heç də o demək deyil ki, bu, həqiqəti əks etdirir. O qədər pislik var ki, ətrafımızda bəzən normal olması gərəkən şeylər də bizə yaxşılıq edilmiş kimi göstərilir.

Əgər sən qadın olaraq dünyaya göz açmısansa, bu şərtlər sənin həyatında özünü qabarıq şəkildə göstərir. Sən öz fikrini bildirə, haqqını tələb edə bilməzsən. Mütləq susmalısan, dözməlisən sakit yaşamaq, "xoşbəxt olmaq" üçün...

...Qarşına qoyulan tələblərin hamısını yerinə yetirməlisən. Sənin nə istədiyin, nəyi istəmədiyin önəmli deyil. Normal həyat tərzi üçün (arzu və istəklərin bu məsələyə qəti şəkildə daxil deyil) taleh sənin üzünə gülməlidir.

"Bəxtin gətirsə", qarşına "yaxşı" biri çıxsa və o səni vurmadığı üçün, demək, xoşbəxtsən. Bu fikir artıq klişeyə çevrilib. Sanki sənə qarşı böyük bir lütf edib, səni mükafatlandırıblar. Əksinə, əgər həyatda nəyəsə nail olmuş, öz sözünü deyə bilən güclü bir qadın görsələr, "bəxti gətirib yaxşı biri çıxıb qarşısına" deyərlər. 

Amma o qadının çəkdiyi əziyyəti, həyata qarşı mübarizəsini görməzlər, nələri qurban verdiyini, hətta bəzi anlarda özü ilə belə vuruşduğunu bilməzlər. Sadəcə, şanslı olduqlarını düşünərlər. Amma unutduqları bir şey var. Bəlkə, həyatımızdakı hər şeyi özümüz seçə bilmirik, amma çox şeyi seçmək şansımız olur.

Çox çətin şəraitlərdə doğulmuş cəsarətli, sözünü deyib haqqını tələb edə bilən, güclü, əzmli qadınlar var olublar, olacaqlar da. Buna görə də "bəxtləri gətirib"dünyanın ən yaxşı yerində və şəraitində dogulsalar belə, həmin o sözləri deyən insanlar yenə də heç nəyə nail ola bilməzdilər.

O qadınlar susmadıqları üçün çox problem yaşamış və ya başlarına bir çox bədbəxtlik gəlmiş ola bilər. Lakin anlamadıqları budur ki, onlar üçün bu dünyanın ən gözəl bədbəxtliyidir. Cəmiyyət tərəfindən uyğun görülən saxta xoşbəxtliyi yox özlərinin seçdikləri gerçək "bədbəxtliyi" üstün tuturlar. Onlar yansalar belə, simurq quşu kimi yenidən küllərindən doğmağı bacaranlardır.

Susanlar var. Bəlkə də, içindən yana-yana haqq verənlər... O susqunluqdakı çılğın hayqırtılar duyulmur. Çünki onlar qadın idi, lazım gəlsə, içini yandıran sözlərin tüstüsünü ətirə çevirər, o qoxu ilə məst edərlər hər kəsi...