Eldar Mahmudovun əmisi oğlu öz məhkəməsində danışmır

Eldar Mahmudovun əmisi oğlu öz məhkəməsində danışmır

06-08-2019 22:03 / Bu xəbər 457 dəfə oxundu

Zərərçəkən: ''Binəqədidəki bina yanğınına görə 200 min pul almışdılar...''

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov öz məhkəməsində danışmaqdan imtina edir.

Avqustun 5-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə iclasında da, o, ünvanına səslənən ittihamlara cavab verməyib. Məhkəmədə V.Mahmudovun işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər ifadə veriblər. 

Zərərçəkən Sahib Qurbanov bildirib ki, tanışı Amil Yusifov siqaret ticarəti ilə məşğul olurdu və onu MTN-in Xəzər rayon şöbəsinin əməkdaşları saxlamışdı. Dostunun cinayət məsuliyyətinə cəlb olunmaması üçün danışıq aparmaq məqsədilə şöbəyə getdiyini deyən S.Qurbanovun sözlərinə görə, orada MTN-in Heydər İslamov adlı əməkdaşı ilə görüşüb:

"O, məni də hədələdi. Dedi ki, mən də cinayət məsuliyyətinə cəlb olunacağam. Bunun baş verməməsi üçün 40 min manat istədi. Bir gün sonra aparıb 40 min dollar verdim”.

Zərərçəkmişin sözlərinə görə, bir müddət sonra – 2015-ci ilin fevralında Amil Yusifovun siqaret ticarətilə məşğul olduğu Zaur Əzimovu yenə MTN əməkdaşları saxlayıb. Bu dəfə MTN-in Binəqədi şöbəsinin əməkdaşları. Həmin vaxt Xəzər rayon şöbəsinin rəisi Binəqədi şöbəsinə rəhbər gəlib, bir neçə əməkdaşı da özü ilə gətirib.

"Zaur Əzimovla Amil Yusifovun 100 qutu siqareti MTN-in Binəqədi rayon şöbəsinə aparılmışdı. Şöbədən Heydər İslamov zəng edib məndəki 60 qutu siqareti də qısa müddətdə təhvil verməyimi tələb etdi. Əks halda, həbs olunacağımı dedi. Siqaretlərdən 55 qutusunu şöbəyə apardım. Elə həyətdə Heydər İslamov və Rafiq Səfərovla görüşdüm. Onlar həm siqareti müsadirə edirdilər, həm də əlavə pul istəyirdilər. Heydər İslamova dedim ki, əlavə pul verə bilməyəcəyik. Ordan gəlib Daxili İşlər Nazirliyində idarə rəisi işləmiş general Vidadi Rzayevlə görüşdük. Dedi ki, Eldar Mahmudovla bu barədə danışacaq. Sonra Vidadi Rzayev özü də şöbəyə getdi, Rafiq Səfərovla görüşdü. Zaur Əzimovun həbs olunmaması üçün Rafiq Səfərovla 150 min manata razılaşdıq. Sonradan hissə-hissə 120 min manat pul verildi”, - deyə zərərçəkmiş ifadəsində bildirib.

Sahib Qurbanov onu da deyib ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra həm prokurorluğa şikayət edib, həm də vaxtilə pul verdiyi adamlara zəng eləyib, pulunu geri istəyib:

"Heydər İslamovla görüşüb pulumu istədim. Mənə 5 min manat verdi, dedi, qalanını da bir müddət sonra verəcək. Vermədi. Rafiq Səfərova da zəng elədim. O da söz verdi ki, qaytaracaqlar. Bir müddət sonra qohumuyla 25 min manat göndərdi, notarial qaydada mənə verdi”.

Zərərçəkmişin sözlərinə görə, qalan pulu ona verməkdən imtina ediblər. Deyiblər ki, ondan aldıqları pulu da, siqareti də Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudova veriblər: "Dedilər ki, get, ondan tələb elə. Onlar demişdilər ki, nazirlikdə Vüqarın sözü müavinlərdən çox keçir. Onun hər kəlməsi Eldar Mahmudovun sözü kimi qəbul edilirdi”.

Verdiyi pul və siqaretlərlə birlikdə 85 min manat ziyana düşdüyünü söyləyən zərərçəkmiş bunun 30 min manatını aldığını, qalanını da tələb etdiyini bildirir:

"Mən Heydər və Rafiqdən israrla pulumu tələb edirdim. Deyirdilər ki, vəziyyətləri yaxşı deyil. Deyirdilər, Vüqara vermişik, o da qaytarmır. Hətta Binəqədidəki 16 mərtəbəli binada baş verən yanğınla əlaqədar 200 min manat pul alıblar, onu qaytarmalıydılar, qaytara bilmirdilər. Bunu da özləri demişdi mənə. Hazırda 55 min pulum qalıb, onun ödənilməsini tələb edirəm”.2015-ci ilin fevralında siqaret ticarətinə görə MTN-in Binəqədi şöbəsinin əməkdaşlarının saxladığı Zaur Əzimov da zərərçəkmiş qismində dindirilib. O, məhkəməyə cəzaçəkmə müəssisəsindən gətirilib. Çünki özü də həbsdədir, dələduzluq ittihamı ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Z.Əzimov məhkəmədə bildirib ki, MTN əməkdaşlarına verdiyi 120 min manatı bir neçə adamdan borc alıb düzəltmişdi. Həmin pulları qaytara bilmədiyinə görə pul sahibləri ondan şikayət etdilər:

"Amil Yusifov malları gətirirdi, mən də satış məsələsini həll edirdim. Bir gün "Elit”in yanında malımız tutuldu. MTN-in Binəqədi şöbəsində rəis Rafiq Səfərov və Heydər İslamov məni döydülər, işgəncə verdilər. 150 min istəyirdilər, 120 min verdim. 80 min əvvəl verdim, buraxdılar, qalan 40 mini də hissə-hissə aparıb verirdim. Pulları tanışlarımdan, bacım qızından almışdım. Eldar Mahmudov işdən çıxarılandan sonra pulumu istədim, vermədilər. Qaytara bilmədiyimə görə borc aldığım adamlar məndən şikayət elədilər, həbsə düşdüm. İndi mənə dəyən ziyanı tələb edirəm -100 min dollarlıq siqareti, 120 min manat da pulumu alıblar. O pulları mənə qaytarsınlar ki, zərərçəkənlərin pulunu verim. Mən həbsə MTN əməkdaşları Rafiq Səfərov və Heydər İslamova görə düşmüşəm. Mən Vüqar Mahmudovu tanımıram. Lakin istintaq vaxtı Rafiq Səfərovla Vüqar Mahmudovun mesajlarına baxmışam. Orada Vüqar Mahmudov mənim haqqımda yazmışdı ki, "Zauru bir az da sıxın”.V.Mahmudovun işi üzrə növbəti məhkəmə iclası sentyabrın 9-na təyin edilib.

V.Mahmudov 2015-ci il oktyabrın 17-də MTN-də generalların həbsi, əmisi oğlunun vəzifədən kənarlaşdırılmasıyla nəticələnən əməliyyatdan iki il sonra tutulub. O, 2015-ci ildə həbs olunan Akif Çovdarov və digər generalların işi üzrə şahid qismində dindirilmişdi. Çünki bir çox ittiham epizodlarında adı çəkilirdi. Sonradan özünə də eyni hadisələrə görə ittiham verildi.

V.Mahmudova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham irəli sürülmüşdü. Bir müddət sonra 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 341 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) və başqa maddələrlə ueni ittihamlar əlavə edildi.

meydan.tv