Əli İnsanov xəstəliyi haqda yayılan xəbərləri təkzib edir: "Gümraham"

Əli İnsanov xəstəliyi haqda yayılan xəbərləri təkzib edir:

04-04-2018 17:31 / Bu xəbər 2393 dəfə oxundu

Vəkil keçmiş nazirlə görüşüb

Keçmiş səhiyyə naziri Əli İnsanov səhhətində problemlər olması haqda yayılan xəbərləri təkzib edib. Vəkilinə də gümrah olduğunu söyləyib.

Keçmiş nazirin vəkili Toğrul Babayev aprelin 4-də 11 saylı cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşüb: "Səhhətində heç bir problem yoxdur. Mütəmadi olaraq, idmanla məşğuldur. Özünü gümrah hiss edir”.

Yayılan məlumatlarda Ə.İnsanovun tibb müəssisəsinə köçürülmədiyi, özü-özünü müalicə etdiyi bildirilirdi.

Ə.İnsanov 2005-ci il oktyabrın 19-dan həbsdədir. Dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan keçmiş nazir məhkəmə qarşısına vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə kimi ittihamlarla çıxarılıb. O, 11 il azadlıqdan məhrum edilib. 2016-cı ildə cəzasının başa çatmasına iki ay qalmış Ə.İnsanovun kamerasında psixotrop tərkibli dərmanlar saxladığı, onun Penitensiar Xidmətin mayorunu vurub xəsarət yetirdiyi iddia olunaraq, haqqında yenidən cinayət işi açılıb. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə ona daha 7 il həbs cəzası təyin edilib. Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

Ə.İnsanov ittihamları qəbul etmir və həbsdən buraxılmasına imkan verməmək üçün şəxsən dövlət başçısının göstərişilə haqqında yenidən saxta iş açıldığını bildirir.