"Ər çörəyi"

01-02-2019 03:08 / Bu xəbər 2371 dəfə oxundu

Tural İlyas

Sosial şəbəkələr artıq həyatımızın mühim bir hissəsinə çevrilib. Səhər yuxudan oyananda, gecə yatanda da fb və instagram kimi portalları nəzərdən keçirib sonra işimizi görürük. 

Sosiallaşmaq gözəl şeydir, amma baxır harda, necə və hansı mənada? Azərbaycanda isə sosial şəbəkələr sosiallaşmaqdan daha çox lazımsız məsələlərin trend olduğu və müzakirə edildiyi bir məkana çevrilib. Əslində sosial şəbəkələr heç də sandığımız kimi qeyri-ciddi bir məkan deyil, dünya liderləri, siyasətçilər, alimlər və s. şəxslərdə bu portallardan məqsədə uyğun şəkildə istifadə edir.

Son vaxtların trendi olan vaqifin oğullarından filan danışmayacağam, sadəcə, çörəkdən danışacağam, ər çörəyi.

Bir neçə nəfər sosial şəbəkə aktivisti gənc çox güman ki, sadəcə öz aralarında əyləncə məqsədilə belə bir profil və haştəq yaradıblar, nə deyə bilərik ki, gəncdirlər deyib-gülmək əylənmək onlarında haqqıdır. Amma belə bir aşağı səviyyəli mövzunun ölkə gündəminə çıxması bizim günahımızdır. Bəli, bizim. Uşaqların, gənclərin, yaşlı nəslin. 

Aha, yaşlı nəslin gənc qızlara hər zaman belə bir məsləhəti olur: məktəbi bitir, ali məktəbə daxil ol onuda bitir özünə uyğun bir həyat yoldaşı tap, evlən və nirvana olan hissəni deyirəm: ƏR ÇÖRƏYİ YE.

Bəh-bəh bu yaşlılar ər çörəyini elə tərifləyir ki, tanıdığım evli dostlarımın hər hansınınsa ərinin aldığı çörəkdən yemək istədim lap. Bu çörəkdə fərqli olan nə var ki? Görəsən, mayası azdır ya əla növ buğdadandır?

Yox, bunu mən bilmərəm axı. Mən kişiyəm, gərək xanımlardan soruşam bu çörəyin dadını. Soruşmamışdan öncə bir şeyi də xalq olaraq özümüzdən soruşaq; görəsən, ölkədə neçə azyaşlı qız məktəbdən çıxarılıb ailə qurmağa məcbur edilir? 

Görəsən, bu çörək onlar üçün də dadlıdırmı? Bu yaxınlarda xarici bir təkilatın apardığı araşdırmanın nəticələrini görəndə şok olmuşdum. Deyilirdi ki, Azərbaycanın bəzi məktəblərində 5-6-cı sinifdən yuxarı qız tapmaq mümkün deyil. Düzdür, bu mövzu çox müzakirə olundu, hətta əleyhinə çıxanlar da oldu. Amma bu, nəticəni dəyişmir...

Hələ Gürcüstanda yaşayan həmyerlilərimizi demirəm.
 
Əzizlərim, mənim heç kimi alçaltmaq, təhqir etmək kimi fikrim yoxdur. Sadəcə, arabir başımızı yuxarı qaldırıb gerçəkliyə baxaq. Nə vaxta qədər yaşlı nəsil 12-13 yaşında ərə getdiyini fəxrlə deyib sizləri də manipulyasiya edib eyni şeylərə təhrik edəcəklər. 

İnanın fərqli cürə danışıqlar edib, sizi təhsilə təhrik etsəydilər, bəlkə də, ölkədə çox şey dəyişərdi. Böyüklərdən - atamdan həmişə bir söz eşitmişəm bir oğlana təhsil versən, bir nəfər, bir qıza təhsil versən, bir ailə savadlı olacaq.

Əziz xanımlar, çalışın yaşlı nəslin nənələrin, anaların, xalaların və s. möhtəşəm məsləhətlərini, həyat hekayələrini dinləyib ər çörəyi yeməyə həvəslənməyin.

Ailə qurmaq, övlad sahibi olub evdar qadın olmaq hər zaman olur amma təhsil almaq üçün həvəs bir dəfə öldüsə, əvvəlki kimi olması çoox çətindir.

İndi özünüz qərar verin təhsili davam etdirib, karyeranı yönəltmək yoxsa... Ya da qısaca belə deyim: "ƏR ÇÖRƏYİ", yoxsa "TƏR ÇÖRƏYİ"?