Fərman Ceyranov: “Həbsim müxalifəti dəstəklədiyimə görə sifarış edilib”

Fərman Ceyranov: “Həbsim müxalifəti dəstəklədiyimə görə sifarış edilib”

05-04-2018 16:21 / Bu xəbər 3050 dəfə oxundu

Gürcüstanda həbsdə olan "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlının yenidən məhkəməsi keçiriləcək. Gürcüstan Apellyasiya Məhkəməsi onun vəkillərinin aşağı məhkəmənin hökmündən verdiyi şikayətə baxacaq.

Bu barədə onun qızı Lalə Hüseynli AzadlıqRadiosuna məlumat verib. 

L. Hüseynlinin sözlərinə görə, vəkilləri F.Ceyranlı barəsində hökmü qanunsuz və əsassız hesab edirlər. Yuxarı məhkəmədən Tbilisi Şəhər Məhkəməsinin 6 il azadlıqdan məhrum etdiyi cərrah barəsində bəraət hökmünün çıxarılması istənilib. 

Gürcüstan Apellyasiya Məhkəməsi şikayətə aprelin 19-da baxmalıdır.

L.Hüseynli bildirib ki, F.Ceyranlı məhkəmə öncəsi ictimaiyyətə, hüquq müdafiəçilərinə səsli müraciət ünvanlayıb: "Cərrah həmin müraciətində ona verilən ittihamları qətiyyətlə rədd edib, həbsinin Azərbaycan hakimiyyətinin sifarişi olduğunu qeyd edib".

"Məhkəmədə bu işdə heç bir cinayət əməlinin tərkibinin olmadığı təsdiqləndi. Xəstələrin əməliyyat edilməsində, işin təşkilində, maliyyə məsələlərində nöqsan aşkar edilmədi. Xəstələr təcili şəkildə əməliyyat olunduqlarından Səhiyyə Nazirliyinin icazəsinə ehtiyac yox idi. Bu, həm Gürcüstan qanunvericiliyində, həm də Dünya Səhiyyə Təşkilatının təlimatında var. Bu işdə yeganə nöqsan əməliyyat etmiş cərrahın lisenziyasının müddətinin bitməsi idi. Hansı ki sonradan 6 ay müddətində yenidən uzadıldı. Bu isə sadəcə olaraq inzibati pozuntu idi, cərrah məhkəmə qərarı ilə 1000 lari məbləğində cərimə edilib", - F.Ceyranlı səsli müraciətində deyib. 

L.Hüseynlinin sözlərinə görə, o, Azərbaycanın müxalif qüvvələri ilə münasibətlərinin olduğunu, onlara köməy etdiyini, elə buna görə də Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs edildiyini ifadə edib.

Aydın Mirzəzadə: "Qoy məhkəmə araşdırıb qərar versin"

Millət vəkili Aydın Mirzəzadə isə Toplum.Tv-yə açıqlamasından bu fikirlərlə razılaşmayıb.

O, son qərarı məhkəmənin verəcəyini vurğulayıb: "Əgər belə bir iddia varsa, qoy məhkəmə araşdırıb qərar versin. Əslində, məhkəmə iddiaları araşdırmaq üçündür". 

"Bu məsələ düşünülmüş bir ssenarinin tərkib hissəsi idi"

Hüquq müdafiəçisi Oqtay Güllalıyev bildirib ki, Fərman Ceyranlının həbsində Azərbaycan hakimiyyətinin sifarişi olub:

"Xatırlayırsınızsa, bizim "Gürcüstan işi" ilə bağlı hesabatımız var. Oradada bu məsələlər geniş əks olunub. Fərman Ceyranlının həbsindən bir həftə öncə haqqın.az saytında bir yazı getdi və o yazıda Əfqan Muxtarlı, Gözəl Bayramlı, Fərman Ceyranlının adı keçirdi. Sonralar həmin şəxsləri hər üçün həbs olundu. Mən düşünürəm ki, bu məsələ düşünülmüş bir ssenarinin tərkib hissəsi idi və burada Azərbaycan hakimiyyətinin də rolu vardı". 

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib. 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. 

O, bir neçə il əvvəl Gürcüstana gedərək "Lancet" klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) maddələri ilə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı ittihamlardan dələduzluq təsdiqini tapıb.