Hakimiyyətin xaricdə batırdığı pullar və ifşa olunmuş dostları

Hakimiyyətin xaricdə batırdığı pullar və ifşa olunmuş dostları

25-09-2017 00:57 / Bu xəbər 1427 dəfə oxundu

Samir Kazımlı

Azərbaycan hakimiyyətinin ölkəmizdə insan hüquqları pozuntusuna, xüsusilə də seçkilərdəki saxtakarlıqlara və siyasi məhbus məsələsinə göz yummaq üçün beynəlxalq təşkilatların bəzi təmsilçilərini çirkli pullarla ələ alması haqda neçə illərdir ki, danışılır, yazılır. Hətta bu barədə ara-sıra beynəlxalq mediada yazılar da dərc edilirdi, bəzi beynəlxalq təşkilatların hesabatlarında da bu məsələyə toxunulurdu. Məsələn, bir neçə il öncə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında "kürü diplomatiyası”na toxunulmuşdu.

2013-cü ildə Avropa Şurası Parlement Assambleyasının (AŞPA) qış sessiyasında bu qurumun Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırladığı hesabat qəbul edilməyəndə, o vaxt çoxları o sənədin hakimiyyətin "kürü diplomatiyası” sayəsində qəbul edilmədiyi qənaətində idi. 

Bu hadisənin üstündən bir neçə il keçəndən sonra həmin ehtimallar faktlara çevirildi. Məlum oldu ki, doğurdan da, Kristofer Ştrasserin hazırladığı hesabatın qəbul olunmaması üçün hakimiyyət külli miqdarda pul sərf edərək əcnəbi siyasətçiləri ələ alıb və öz xeyri üçün iş apartdırıb.

AŞPA-nın vitse-prezidenti olmuş Luka Volontenin məsələsini buna misal göstərmək olar. İtalya prokurorluğunun apardığı araşdırma zamanı məlum oldu ki, Ştrasserin hazırladığı sənədin qəbul olunmaması üçün Azərbaycan hakimiyyəti Volontenə külli miqdarda pul verib və o da həmin sənədin qəbul olunmaması üçün AŞPA-da iş aparıb.

Bir neçə belə misal göstərmək olar. Amma indi fərqli situasiya yaranıb.  Artıq beynəlxalq media davamlı şəkildə Azərbaycan hakimiyyətinin xarici siyasətçiləri pulla ələ almaları barədə faktlarla yazılar dərc edilir.

Bu araşdırmalardan, yazılardan sonra Azərbaycan hakimiyyətin pulla əla aldığı siyasətçilər və onların təmsil olduğu siyasi qurumlar, təşkilatlar pis duruma düşüblər. Volontenlə bağlı Milan prokurorluğunda araşdırma aparılır, Azərbaycan hakimiyyətinin AŞPA-dakı dayaqlarından sayılan bu qurumun prezidenti Pedro Aqramuntun durumu çətindir, onun tutduğu vəzəfəsindən getməsi tələb olunur. Düzdür, buna səbəblərdən əsası Aqramuntun Suriyaya səfər etməsidir. Amma Aqramuntun Azərbaycan hakimiyyətinə yaxın olması, hakimiyyətdən pul alması barədə də fikir formalaşmışdı və bu AŞPA-nın reputasiyasına ciddi ziyan vururdu. AŞPA-dakılar bunu anlamışdılar.  

Aqramunt çox vaxt Azərbaycan hakimiyyətinin xeyrinə işlər aparırdı və onun davranışlarında bu açıq-aydın hiss olunurdu. Yeri gəlmişkən, Ştrasserin sənədinin əleyhinə olanlardan biri də Aqramunt idi.

OCCRP beynəlxalq jurnalist şəbəkəsinin 2012-2014-cü illərdə Azərbaycandan çirkli pulların yuyulması məqsədilə 2,9 milyard dolların çıxarılmasından bəhs edən araşdırmanın fiqurantı olması ilə əlaqədar Belçikalı senator Alan Desteks bir neçə gün öncə AŞPA üzvlüyündən istefa verdi.

Desteks AŞPA-nın Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında məruzəçisi idi. Onun Azərbaycan hakimiyyəti ilə münasibətləri yaxın idi. Yuxarıda adları çəkilən və Azərbaycan hakimiyyətidən pul alıb ölkədə insan hüquqları pozuntularına göz yumulması üçün iş aparan siyasətçiləri duşdüyü ağır durum digər siyasətçilərə, deputatlara bir dərsdir.
 
Çətin ki, bu bundan sonra Azərbaycan hakimiyyətindən pul alıb ölkədəki insan hüquqları pozuntularına göz yumulması üçün işlər aparmağa hansısa siyasətçi razı olar. Çünki gələcəkdə onları luka volontenlərin, pedro aqramuntların, alan destekslərin aqibəti gözləyə bilər. Əksinə, indi beynəlxalq təşkilatların təmsilçiləri, siyasətçilər, deputatlar özlərini təmiz göstərmək, "kürü diplomatiyası”na bulaşmadıqlarını sübut etmək üçün Azərbaycan hakimiyyətini insan hüquqları pozuntularına görə tənqid etməyə başlayıblar.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Bakıya sonuncu səfərləri zamanı nümayiş etdirdikləri fəallıq, siyasi məhbuslarla görüşmələri, verdikləri açıqlamaları buna bir misal kimi göstərmək olar.

Azərbaycan hakimiyyəti ölkədə insan hüquqları pozuntularına göz yumulması üçün xərclədikləri pullar onların bir neçə il köməyinə çatsa da, sonradan, yəni hazırda Azərbaycan hakimiyyətinə daha çox ziyan gətirdi. Pulla əla aldıqları adamlar ifşa olunandan sonra həm pulları batmış, həm də çirkli pul üzərində qurduları siyasət isə iflasa uğramış sayılır. Belə ki, artıq Azərbaycan hakimiyyəti ölkədə insan hüquqlarının pozuntusuna görə ABŞ, Avropa İttifaqı, Avropa Şurasının və digər beynəlxalq təşkilatların tənqid hədəfindədir.  ABŞ senatında sonuncu sanksiya müzakirələrini və Avropa Şurasının İlqar Məmmədovla bağlı Azərbaycan hakimiyyətinə vaxt verməsini nümunə göstərmək olar.

Və belə bir vaxtda elə bir vəziyyət yaranıb ki, Azərbaycan hakimiyyəti bu tənqidləri susdurmaq üçün çirkli pullarından da istifadə edə bilmir. Çünki vaxtı ilə Azərbaycan hakimiyyətindən pul alıb onun xeyrinə iş görənlər ifşa olunublar, siyasi karyeraları zədələnib. Belə olan halda hansısa əcnəbi siyasətçi və ya təşkilat öz karyerasını Azərbaycan hakimiyyətinin maraqlarına qurban verməyə risk etməz.

Odur ki, bundan sonra beynəlxalq aləmdən gələn tənqidləri susdurmaq Azərbaycan hakimiyyətinə asan başa gəlməyəcək. Artıq çirkli pullar bu işdə yaramır, hakimiyyətin pulla işləyən əcnəbi dostları isə  ifşa olunublar. Digərləri isə öz siyasi karyeralarını qorumaq üçün Azərbaycan hakimiyyətindən uzaq durmağa üstünlük verməyə məcbur olacaqlar.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.