İqtisadçı: İdxal malları bahalaşıb

İqtisadçı: İdxal malları bahalaşıb

19-04-2019 18:38 / Bu xəbər 260 dəfə oxundu

''Böyük islahatlara başlamaq üçün yetərli qədər ciddi əsaslar var''

"Rəqəmlər həyəcan təbili çalır. İdxal 49 faiz artıb. Yerli malların bazar payı 71 faizdən 33 faizə düşüb. Qiymətlər məhsul bazarında azı 14, ümumi istehlak bazarında isə 11 faiz bahalaşıb”.

İqtisadçı Nemət Əliyev belə deyir. Bildirir ki, Dövlət Gömrük Komitəsinin bu ilin yanvar-fevral dövrünə dair yaydığı məlumatlardan məlum olub ki, idxal göstəricisi 1,452 mlrd dollardan 2,166 mlrd dollara qalxaraq 49 faiz artıb. İqtisadçı əlavə edir ki, belə olan halda qeyri-neft sektorunun inkişafının əhəmiyyəti və zəruriliyi haqqında danışan hökumət rəsmilərinin səmimiyyəti şübhə altına düşür:

"Çünki idxal fəaliyyətinin bu dərəcədə böyüməsində dövlət sektorunun birbaşa iştirakı 80 faizdir. Nəzərə almaq lazımdır ki, idxal fəaliyyətinin bu dərəcədə genişlənməsi yerli istehsala ciddi zərbə vurur. İdxal mallarının dəyərinin yanvar-fevral dövründə artan hissəsi 714 milyon dollar və ya 1,2 milyard manatdır. Əgər Dövlət Statistika Komitəsinin açıqladığı məlumatları da burada nəzərə alıb hesablamalar aparsaq, aydın olar ki, idxaldakı bu artan məbləğin 63 faizi və ya 753 milyon manatı bahalaşma hesabına, 37 faizi və ya 461 milyon manatı isə fiziki çəkinin artması hesabınadır”.

Yəni idxal malları həm bahalaşıb, həm də natural ifadədə artıb. İqtisadçı bildirir ki, idxalın bu şəkildə artması bir yandan yerli malların daxili bazarlardan sıxışdırılıb çıxarılmasına səbəb olubsa, digər tərəfdən də ölkədəki bahalaşma dalğasına əlavə təkan verib:

"Odur ki, yanvar-fevral dövründə idxalın bu formada artması yerli istehsalçıların bazar mövqelərini zəiflətməklə əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərib. Əgər cari ilin 2 aylıq əmtəə bazarının həcminin 5,515 milyard manat olmasını nəzərə alsaq, idxal mallarının bazar payının 67 faizə yüksəlməsi məlum olur. Belə olan halda yerli malların bazar payı 33 faizə düşür”.

Nemət Əliyev
Mənbə: google.az

İqtisadçı xatırladır ki, ötən il bu sonuncu göstərici 54, 5 il əvvəl isə 71 faiz olub. Onun fikrincə, bazar mövqelərinin 5 ildə bu dərəcədə itirilməsi ibrətamiz nəticələr çıxarmaq baxımından kifayət qədər yetərli olmalıdır:

"İdxal mallarının 753 milyon manat bahalaşması məhsul bazarında 14% (0,753∶5,315∙100≈14%), ümumi istehlak bazarında isə 11% (0,753∶6,782 ∙100 ≈11%) bahalaşma yaradıb (5,315 və 6,782 milyard manat müqayisə edilən dövrdə uyğun olaraq əmtəə bazarının və istehlak bazarının həcmidir)”.

Nemət Əliyev deyir ki, yalnız bu bahalaşma minimum pensiya məbləğinin, tələbə təqaüdlərinin, müavinətlərin və minimum əmək haqlarının artırılmasına dair dövlət başçısının verdiyi sərəncamların təsirini heçə endirir:

"Odur ki, böyük islahatlara başlamaq üçün yetərli qədər ciddi əsaslar var ortada. Kosmetikadan bir şey çıxmaz! Yaranmış vəziyyətin üzərindən sükutla keçmək yolverilməzdir. Cürbəcür nağıllar söyləməklə yola verməyin zamanı lap çoxdan keçib. Nəhayət, bunun fərqində olmaq lazımdır”.///Meydan.tv