Keçmiş deputat oğlunun 210 minlik qalmaqalı bitdi

Keçmiş deputat oğlunun 210 minlik qalmaqalı bitdi

10-05-2018 17:01 / Bu xəbər 2135 dəfə oxundu

Keçmiş deputat Elton Məmmədovun oğlu Elnur Məmmədova qarşı dələduzluqda suçlanan idmançı Rövşən Heybətov şərti cəza ilə həbsdən qurtuldu. 

Mayın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. 

Hökmə əsasən, R.Heybətov sabiq deputat oğlunun pulunu mənimsəməkdə təqsirli bilinsə də, ona 5 il şərti cəza verilib.

Söhbət E.Məmmədovla R.Heybətov arasında qəlyan biznesiylə bağlı 210 minlik qalmaqaldan gedir. Bu məsələdə keçmiş deputatın da adı hallanır. Həm onun öz oğlu, həm də təqsirləndirilən R.Heybətov məhkəmədə bildirib ki, biznes məqsədilə 210 minin verilməsi E.Məmmədovla razılaşdırılıb. 

Oğlu pulu verməmişdən öncə sabiq deputat Rövşəni yanına çağırıb, onunla danışıb.

Hökmdən öncə R.Heybətovun vəkili Vasif İsrafilov çıxışında da deyib ki, bu işdə cinayət motivi yoxdur: "Sadəcə, qəza baş verib və pul itib. Rövşənlə Elnur əvvəldən dost olublar, indi də əlaqələri davam edir. Rövşən heç vaxt pulu danmayıb, imkan olduqca ödəniş edib. Xahiş edirəm, hökm çıxarılarkən bunlar nəzərə alınsın".

Zərərçəkmiş qismində tanınan Elnur Məmmədov əvvəlki məhkəmə iclaslarında R.Heybətovun əleyhinə çıxışlar etsə də, sonda mövqeyini dəyişib. 

Bildirib ki, barışıblar: "Ödəniş edib, az miqdar qalıb. Onu da bir ay ərzində ödəyəcək. Rövşəni bağışlayıram, şikayətim yoxdur. Pul bizim üçün ikinci dərəcəlidir, əsas insani keyfiyyətdir. Allah böyükdür, günahlarını bağışlasın".

K-1 (kikboksinq) üzrə məşqçi olan Heybətovla Elnur Məmmədov uzun müddət dost olublar. Onlar qəlyan biznesi ilə məşğul olmaq qərarına gəliblər. Qəlyan da Türkiyədən gətiriləcəkmiş. 

İttihama görə, qəlyan biznesi üçün E.Məmmədov R.Heybətova 210 min dollar verib. 

Pulları Rövşən Türkiyədə olarkən bank vasitəsilə göndərib.

Sabiq deputat oğlu iddia edir ki, Rövşən Türkiyədə avtoqəza görüntüsü yaradıb, pulların maşından oğurlandığını deyərək, onu aldadıb.

R.Heybətov isə deyir ki, aldatmır, hadisə həqiqətən elə olub.

İstintaq dövründə Heybətov pulun böyük hissəsini qaytarıb. 

Məhkəmədə təqsirləndirilən şəxs bildirirdi ki, 40 min dollar borcu qalıb. 

Zərərçəkmiş Məmmədov isə bu məbləğin 65 min olduğunu bildirir və pulun hamısını tələb edirdi.

Keçmiş deputat E.Məmmədov həm də sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.///azadliq.org