''Keçmiş deputat torpağımı zəbt edib''

''Keçmiş deputat torpağımı zəbt edib''

15-03-2018 15:01 / Bu xəbər 1419 dəfə oxundu

Beyləqandan şikayət var

"Beyləqanın keçmiş millət vəkili Ayaz Orucov vəzifə səlahiyyətindən sui-istifadə edərək 20 sot torpağımızı zəbt edib”.

Beyləqan rayonu Əlinəzərli kəndinin sakini Ruhid Əliyev belə deyir. 

O, Meydan TV-yə yazaraq, ailəsinə məxsus, Beyləqanın şəhər mərkəzində olan torpağın məcburi əllərindən alındığını söyləyib:

"Ayaz Orucov hakimiyyətin ona olan etimadından istifadə edərək başqalarının malını, mülkünü qanunsuz zəbt edib, özününkiləşdirib. Başımıza gələnlərlə bağlı aidiyyatı qurumlara müraciət etsək də, Ayaz Orucov və onun tərəfdarları barəsində heç bir tədbir görülməyib. Onun yüksək vəzifəli dostlarının hesabına şikayətimiz baxılmamış saxlanılıb”.

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cinayət Məcəlləsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama torpaq sahəsini başqa üsullarla özbaşına tutma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ruhid Əliyev deyir ki, qanunun onların tərəfində olmasına baxmayaraq, hələ də Ayaz Orucov və onun tərəfdarları barədə cinayət işi açılmayıb:

"Bu işlə bağlı kimsə cinayət məsuliyyətinə cəlb edilməyib. Məsələni ictimailəşdirdikdən sonra ümid edirik ki, Ayaz Orucov və onun tərəfdarları törətdikləri cinayət əməllərinə görə layiqli cəzalarını alacaqlar”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ayaz Orucovla əlaqə saxlayıb. Keçmiş deputat deyib ki, Ruhid Əliyevin onun barəsində hər hansı bir şikayəti varsa, aidiyyatı qurumlara müraciət etsin:

"Əgər mənimlə bağlı hər hansı bir şəxsin hər hansı bir şikayəti varsa, dövlətin məhkəməsi var, zəhmət çəkib, məhkəməyə müraciət edə bilərlər”.

Beyləqan Rayon İcra Hakimiyyətindən isə məsələdən xəbərsiz olduqlarını bildiriblər:

"Belə bir şikayət almamışıq. Hər bir halda problemin nədən ibarət olduğunu araşdıracağıq”.