Konstitusiya islahatları, yoxsa hakimiyyətdaxili savaş...

Konstitusiya islahatları, yoxsa hakimiyyətdaxili savaş...

25-07-2016 13:11 / Bu xəbər 1118 dəfə oxundu

Dadaş Əhmədli, politoloq

Prezidentin Konstitusiyada dəyişikliklər etmək məqsədilə Konstitusiya Məhkəməsinə göndərdiyi təkliflər ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Müsavat Partiyası başqanı Arif Hacılı  Konstitusiya Məhkəməsinə məktub göndərərək bu dəyişikliklərin demokratik prinsiplərə zidd olması səbəbindən ondan imtinaya çağırdı. AXCP sədri Əli Kərimli bu dəyişikliklərə qarşı mübarizə aparmaq üçün qüvvələrin birləşdirilməsi zərurətindən danışdı. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər ümumiyyətlə, Konstitusiyanı dəyişərək Parlamentli Respublikaya keçməyi təklif etdi. Bunlar rəsmi şəxslərin münasibəti olsa da, mütəxəssislər də dəyişiklərin səbəbini müəyyən etməkdə çətinlik çəkirlər. Doğrudan da, yetərli səlahiyyətlərə malik olan  və ömürlük seçilmək imkanına malik şəxsin birdən-birə seçim sürəcini 7 ilə qaldırmaq istəməsi, vitse-prezidentlər institutunu təsis etmək, yaxud Parlamenti buraxmaq kimi demokratiyaya zidd aşırı səlahiyyətlərə can atması hansı zəzurətdən ortaya çıxıb?

Prezident seçim qarşısında

Mediaya sızan azsaylı məlumatlardan da aşkar olur ki, bu tədbiri zəruri edən idarəetmədəki çətinliklər, xüsusən, hakimiyyətdaxili qruplar arasında olan ziddiyyətlərdir. Bəlkə də, əvvəllər bu ziddiyyətləri axıb gələn neft dollarları hesabına tənzimləmək elə də çətinlik törətmitdi. Amma neftin qiymətinin 3 dəfəyə qədər düşməsi, gəlirlərin azalması əvvəlki qaydada hamını razı salmaq imkanlarını itirən iqtidarı başqa yollar axtarmağa məcbur edir. Bu yollar isə maliyyə axtaran hakimiyyəti maliyyə resurslarına malik olan beynəlxalq qurumlara əl açmağa məcbur edir. İqtidar yetkililəri iqtisadi vəziyyətin sabit olduğundan  nə qədər danışsalar da, əhalinin bunu öz süfrəsində hiss etmədiyini də bilməmiş deyillər. Ölkənin sürətlə tənəzzülə yuvarlandığını indi silahlanmamış gözlə də görmək mümkündür. Bu səbəbdən də hakimiyyət hansısa addımlar atmaq zorundadır. Çünki beynəlxalq maliyyə qurumlarından vəsait əldə etmək üçün ölkədə islahatlar aparmaq əsas şərtdir. İslahatları aparmaq isə komanda daxilində kimlərinsə maraqlarının tapdalanmasına səbəb ola bilər. Bu üzdən komanda daxilində parçalanmanın qarşısını almaq, daha doğrusu parçalanmış komandanı bir əldə cəmləmək üçün ölkə başçısı Konstitusiyaya dəyişikliklər vasitəsilə hakimiyyətini möhkəmlətməyi düşünür.

Bəs,  doğrudanmı, hakimiyyət bu dərəcədə acınacaqlı durumdadır?

Hələ 2 il öncə ABŞ-ın Azərbaycanda səfiri olan Riçard Morninqstar Azərbaycanda hakimiyyətin monolit olmadığını söyləmişdi. Ayrı-ayrı hakimiyyət nümayəndələrinin səfirə qarşı aqressiv mövqe sərgiləmələri sonda səfirin vaxtından əvvəl ölkəni tərk eləməsinə gətirib çıxardı. Amma bununla belə, bir il sonra MTN ətrafında baş verənlər göstərdi ki, cənab Morninqstar haqlı imiş. Doğrudan da, hakimiyyət daxilində ciddi qruplaşmaların olduğu indi daha aydın görünür. Deyəsən, bu qruplaşmaların "fəaliyyəti” ötən ilki yanğının, Avropa oyunları ərəfəsində baş vermiş qəzanın, MTN olaylarının, Nardaran hadisələrinin, yanvar ayında yerlərdəki "xalq etirazlarının” və s. bu kimi halların yaranmasına rəvac verib.

Hər halda, son zamanlar mediada işıq üzü görməkdə olan bəzi informasiyalar hakimiyyət daxilində ciddi çəkişmələrin olduğunu düşünməyə əsas verir. Gömrük bəyənnaməsində məbləğin artırılması, siqaret və spirtli içkilərin yalnız kredit kartları ilə satılması barədə prezident fərmanlarının üstündən 2 həftə keçdikdən sonra "geriyə oxunması” da analitiklərin düşüncəsinə görə, daha güclü qrup nümayəndələrinin hakimiyyətin ən üst qatına təsir imkanlarının göstəricisi hesab edilə bilər.

ANS niyə bağlandı?

Bu arada qəribə bir bəhanə ilə ANS telekanalı da bir ay müddətinə qapadıldı. Rəsmi məlumatda göstərilir ki, "ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin "hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.”

Amma qəribədir ki, bir neçə il öncə elə həmin Qənirə Ataşova Suriyadakı radikal dini qruplaşma nümayəndələrindən müsahibə götürərkən heç bir məzəmmətə, yaxud təpkiyə məruz qalmamışdı. Elə Türkiyədə baş verən hadisələrin işıqlandırılmasında da ANS digər kanallardan daha operativ görsənirdi. Bundan əvvəlki reportajlarının səfirlik tərəfindən yüksək qiymətləndirilməsi də kanal əməkdaşlarında özünəgüvən yaratmışdı. Amma bu dəfə nədənsəiyulun 18-də İlham Əliyev tərəfindən "Referendum Aktı” layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsindən azacıq sonra ANS telekanalı qapadıldı.  Bəzi təhlilçilər bu iki hadisə arasında da əlaqə olduğunu qeyd edir və ANS-in də məhz hakimiyyətdaxili mübarizə zəminində qapadıldığını güman edirlər. Hər halda ANS-in vitse-prezidenti  Mirşahin Ağayevin ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəməsi və  kanal rəhbərliyinin 22 iyul Milli Mətbuat Günündə ölkə başçısının müdaxiləsi ilə telekanalın yenidən yayıma başlayacağını gözləməsi də ANS-i xilas edə bilməyib. Əlacı kəsilən kanal rəhbərliyi iyul ayının 23-dən etibarən ANS televiziyası, ANS ÇM radiosunun və ANSPRESS.com saytının əməkdaşları qeyri-müəyyən müddətə məzuniyyətə göndərməli olub.

Ancaq iş bununla da bitmir. MTRŞ sədri Nuşirəvan Məhərrəmli açıqlamasında daha da irəli gedib: "Biz ANS televiziya kanalı və şirkətə daxil olan digər strukturlarla bağlı fikrimizi dəfələrlə bildirmişik. Artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri, həmçinin iddia ərizəsini məhkəməyə təqdim edib. Hazırda bu istiqamətdə məhkəmə iş aparır. İnanıram ki, məhkəmə də bu istiqamətdə araşdırma aparıb, hüquqi qiymət verəcək. Biz sadəcə olaraq öz səlahiyyətlərimiz çərçivəsində üzərimizə düşən işi görmüşük. Onu da qeyd edim ki, ANS-in 161 min manata qədər cəriməsi var. Çox təəssüf ki, bu cərimə hələ də ödənilməyib. Bu cərimə ödənilən halda belə ANS radiosunun yayımı bərpa olunmayacaq. Artıq biz bu hüquqdan istifadə etmişik. Cərimə isə əlavədir”.

Beləliklə,  MTRŞ ANS-in yayımını dayandırmaqla kifayətlənməyib. Telekanalın lisenziyasının ləğv edilməsilə bağlı məhkəməyə də müraciət edib. Lakin mümkündür ki, məsələ məhkəməsiz də həllini tapsın. Yəni, ANS-in rəhbərliyi könüllü şəkildə telekanalı əldən verərsə, MTRŞ-in iddiası qəbul olunmayacaq. Göründüyü kimi, ANS ətraflnda baş verilənlər, sadəcə, Türkiyədəki hadisələrlər bağlı deyil. Bu məsələnin həm də dərin daxili kökləri mövcuddur.

Referendum ertələnə bilərmi?

Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi hələlik bəlli deyil. Amma böyük ehtimalla referendumla bağlı proseslərin başlaması ilə hakimiyyət daxilində savaş da yeni – yəqin ki, daha açıq mərhələyə keçə bilər. Bunu zəruri edən bir sıra amillər var.

Bu amillərdən birincisi, iddia edildiyi kimi, referendumdan az sonra prezident seçkilərinin keçirilməsinin planlaşdırılmasıdır. Yəni, Ilham Əliyev 2018-ci ili gözləmək istəmir. 17-ci ildə prezident seçildikdən sonra Milli Məclisi buraxacaq və yeni parlament formalaşdıralacaq. Şübhəsiz, bu məsələ artıq hakimiyyət kuluarlarında müzakirə edilən əsas mövzudur və əlində proseslərə real təsir etmək imkanı olan və seçkilərdən sonra vurulacağı ehtimalı yüksək olan qruplar bu ssenarini dəyişmək üçün əllərindən gələni etməyə çalışacaqlar. Məlumdur ki, Konstitusiya dəyişikliyindən sonra hakimiyyətin daxilində "təmizləmə” prosesi başlayacaq. Bu əməliyyatda isə çoxları qurban verilə bilər. Ona görə də hadisələri önləmək üçün bəri başdan müqavimət göstərmək ən optimal variant kimi görünür.

Müqavimət isə müxtəlif mərhələlərdə və müxtəlif vasitələrdən istifadə ilə reallaşa bilər: gizli iqtisadi sabotajdan tutmuş, təbliğat dövrü ərzində kütləvi etirazlara və hətta, referendumda xalqın "yox” deməsinə qədər.

Digər bir məsələ də yeni Konstitusiya çərçivəsində daha çox səlahiyyət əldə etmək uğrunda aparılan mübarizədir. Medianın iddialasına görə, iqtidardaxili qruplar indidən vitse-prezident təyin ediləcək şəxsin adını və onun səlahiyyətlərinin nədən ibarət olacağını öyrənməyə can atır. Bu onlara indidən tədbirlərini görmək üçün vacibdir. Komandada münasibətlər o qədər də ürəkaçan deyil. Ziddiyyətlər getdikcə kəskinləşir. Bu halda vitse-prezidentlərin kimlər olacağı və səlahiyyətlərinin nədən ibarət olduğu qruplaşmalar üçün ciddi əhəmiyyət daşıyır.

Doğrudan da, bu günə qədər baş nazir postu uğrunda aparılan gizli mübarizə indi birinci vitse-prezident və vitse-prezident postları uğrunda aparıla bilər. Həm də bu dəfəki mübarizə hakimiyyəti itirmək, yaxud əldə etmək baxımından daha böyük əhəmiyyət daşıdığından daha açıq və daha amansız üsullarla gerçəkləşdirilə bilər. Hər halda, indi ölkəmiz daha gərgin bir mərhələyə qədəm qoymaqdadır. Bu gərginliyin hansı nəticələrlə yekunlaşacağını görmək üçün bir neçə aylıq zaman gərəkir.

Bastainfo.com