Müsavat seçki pozuntuları ilə bağlı məlumat yaydı – YENİLƏNİB

Müsavat seçki pozuntuları ilə bağlı məlumat yaydı – YENİLƏNİB

26-09-2016 14:24 / Bu xəbər 1088 dəfə oxundu

Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı bu gün keçirilən referendumda baş verən qanun pozuntuları haqda press-reliz yayıb. 

"Basta”ya daxil olan sənədləri təqdim edirik:

"Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı

66 saylı Biləsuvar seçki dairəsinin 42 saylı məntəqəsindən Ələsgər Hüseynlinin verdiyi məlumata görə, seçki məntəqəsini 1 saat izlədiyi müddətdə 30 seçici gəlib. İlk gələnlər müəllimlər, müdirlər və su idarəsinin işçiləri olub. Səsvermə kabinələrini elə yerləşdiriblər ki, nə komissiya üzvlərinin fəaliyyəti, nə də bülleteinləri qutuya atarkən qutu görünmür. Belə ki, səsverənlər öz bədənləri ilə onları örtürlər. Bir nəfər də 2 dəfə məntəqəyə daxil olub və qutuya bülleten atıb.

46 saylı Şirvan seçki dairəsinin 12 saylı seçki məntəqəsindən Əlikram Xurşidovun verdiyi məlumata görə, eyni ünvanda yaşayan seçiciyə həm 12 saylı, həm də 14 saylı seçki məntəqələrində səs verməsi üçün bildiriş təqdim olunub. E.Xurşidov sosial şəbəkədə hər iki bildirişin fotoşəkillərini paylaşıb. Belə hallar Bakıdakı seçki dairələrində də kifayət qədərdir.

47 saylı Mingəçevir seçki dairəsindən Nurəddin Rüstəmlinin facebook səhifəsində yaydığı məlumat: "Əsl biabırçılıq, seçici aktivliyi – 0faiz. Səhərdən bir neçə məntəqə üzvü ilə rastlaşmışam: biri çörək yeməyə gedir, başqası çay içməyə, digəri əlindəki şəxsiyyət vəsiqələrinin kopyalarını digər məntəqəyə aparır ki, dəyişib digərlərini gətirib yazsınlar və s. Hamısı da eyni sözü deyir: Siz olanda yaxşı idi. Sizə görə yalandan seçici aktivliyi, karusel yaradırdılar. Bizim də işimiz asan olurdu. İndi bütün bülletenləri özümüz doldururuq.Siz yoxsuz deyə paket də verməyəcəklər. Çatdıra bilmirik, cəhənnəm olsun çoxun boş atacağıq və s… Həqiqətən də səhərdən sanki ölüm sükutudur, heç elə bil şəhərdə adam yaşamır.”

89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 5 saylı seçki məntəqəsindən Namiq Haclbəylinin verdiyi məlumata görə, səs verməyə budcə təşkilatında işləyən tək-tək şəxslər gəliblər. Onlara bülleten verilir, bu bülletenləri seçki kabinələrində qatlayıb seçki qutusuna atmağı məsləhət görürlər. Bu o deməkdir ki, seçki bülletenləri qabaqcadan doldurulub. Məhz bu səbəbdən heç bir seçici seçki kabinələrində bir dəqiqədən artıq qalmır.

***

45 saylı Abşeron seçki dairəsinin 11 saylı seçki məntəqəsində 1 saat müşahidə aparılıb, həmin müddət ərzində seçki məntəqəsinə ikisi müşahidəçi olmaqla, cəmi 10 nəfər daxil olub.

Hökməli qəsəbəsi ərazisində avtomobillərə səsgücləndirici quraşdırılaraq, camaatı seçki məntəqələrinə səs verməyə çağırırlar.

61 saylı Neftçala seçki dairəsinin 4 və 5 saylı seçki məntəqələrindən seçicilərin verdiyi məlumata görə, bu məntəqələrdə saat 12.00-dək səsverməyə gələn seçicilərin sayı seçici siyahısında adları olan seçicilərin sayının 2 faizinə belə çatmır.

31 saylı Suraxanı ikinci seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələrindən Arzulla Buludovun verdiyi məlumata görə, daşınan qutunu bu cavan oğlan bülletenlə doldurur. Seçicilər 31 və 7 saylı seçki məntəqələrində səs verəndən sonra 2 saylı seçki məntəqəsinə gedirlər.

66 saylı Biləsuvar seçki dairəsinin 42 saylı Əsgərabad kənd seçki məntəqəsindən Yusif Mehdinin verdiyi məlumata görə, saat 10.45-dən 12.15-dək 10 nəfər səs verməyə gəlib. Maraqlısı odur ki, bu adamların hamısı 41 saylı Əsgərabad kənd seçki məntəqəsinin ərazisinə aid olanlardır. "Karusel” var gücü ilə olmasa da işləyir.

15 saylı Yasamal birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsindən (2 saylı tibb kolleci) Yalçın Abbaslının verdiyi məlumata görə, seçki məntəqəsini 1 saatdan artıq müşahidə edib. Bu müddət ərzində cəmi 12 nəfər səsverməyə gəlib. Amma qutu artıq ağzına kimi doludur.

***

Seçki qərargahına seçki saxtakarlığı ilə bağlı ilk məlumat Bakı şəhəri Suraxanı rayonu ərazisində qeydə alınıb.

Saat 7.30-da rayon ərazisindəki 105 saylı MKİS-in işçilərinə səsverməyə gedəcəkləri məntəqələrin siyahısı təqdim edilib və onlara "karusel” əməliyyatını yerinə yetirmək üçün müvafiq tapşırıqlar verilib.

Binəqədi rayonunda 8 saylı Binəqədi birinci seçki dairəsinin ərazisində yerləşən məktəblərdəki məntəqə seçki komissiyalarına daxil olmayan, lakin həmin məktəbdə işləyən müəllimlərin hər birinə 6 valideyni səsverməyə gətirilməsi tapşırığı verilməsi haqqında məlumat yayılıb.

59 saylı Salyan seçki dairəsinin 2, 3, 4, 5 və 7 saylı seçki məntəqələrinin ərasizində müşahidə aparan seçicilərdən daxil olan məlumata görə, 4 saylı seçki məntəqəsində "karusel” həyata keçirilir, 3 saylı seçki məntəqəsində təhsil işçiləri və bu ərazidən xeyli kənarda yaşayan və adları seçici siyahılarında olmayan bir neçə şəxs səsvermədə iştirak edir. 3 saylı seçki məntəqəsində saat 12.00-da 343, 5 saylı seçki məntəqəsində seçicilərin sayı 430 deyilsə də, saat yarımlıq müşahidə zamanı müvafiq olaraq bu məntəqələrdə 8 və 5 nəfər seçici olub. 2 və 7 saylı seçki məntəqələrində isə 1 saat ərzində 3 seçici gəldyi bildirilir.  Artıq bu anda 2 saylı seçki məntəqəsinin qarşısında "karusel” iştirakçıları peyda olublar.

60 saylı Salyan-Neftçala seçki dairəsinin 13 və 14 saylı seçki məntəqələrinin yerləşdiyi məktəbin ərazisində müşahidə aparan seçicinin veriyi məlumata görə, saat 11.00-dan 12.00-dək məktəbin binasına yalnız 2 seçici daxil olub.

67 saylı Cəlilabad şəhər seçki dairəsindən Hidayət İsmayılovun verdiyi məlumata görə, Cəlilabad şəhərində yerləşən seçki məntəqələrində səs vermək üçün müəllim, həkim, bağça işçiləri və yuxarı sinif şagirdlərindən ibarət xüsusi dəstələr hazırlanaraq, müəyyən zaman fasilələri ilə bu və ya digər seçki məntəqələrinə göndərilərək orada səs vermələri təmin edilir. Rayon rəhbərlərinin və inzibati orqanların gözü qarşısında həyata keçirilən bu tədbir zamanı səsvermədən sonra "karusel” iştirakçılarının seçki məntəqəsinin qarşısında gözlədilməsi faktı da diqqəti cəlb edir”.

Bastainfo.com