Müsavatın Sumqayıt təşkilatı AXCP fəalı ilə bağlı məlumat yaydı

Müsavatın Sumqayıt təşkilatı AXCP fəalı ilə bağlı məlumat yaydı

23-07-2016 22:53 / Bu xəbər 1783 dəfə oxundu

Müsavat Partiyasının Sumqayıt təşkilatı AXCP Gənclər Komitəsi Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayevlə bağlı məlumat yayıb.

Təşkilatın sədri Fəxrəddin Abbasın feysbukda yaydığı məlumatda deyilir:

"AXCP Gənclər Komitəsi Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayev iyulun 20-də saxlanılaraq 20 sutka inzibati həbs cəzasına məhkum edilib.

Onun saxlanması barədə ailəsinə və yaxınlarına məlumat verilməyib. Məhkəmə prosesindən də heç kimin xəbəri olmayıb. Ruslan bəyin Hüquqlarını müdafiə edən tanınmış vəkil Əsabəli Mustafayev onunla təcridxanada görüşməyə cəhd etsə də müxtəlif bəhanələrlə buna imkan veriməyib. 

İki gün ərzində DİN-in 102 xidmətinə və Ombudsman aparatına ardıcıl müraciətlər etsə də heç bir nəticə hasil olmayıb. Vəkil Ruslana işgəncə verildiyi, onun izlərinin qala biləcəyini və bu səbəbdən də müvəkkili ilə görüşməsindən çəkindiklərini ehtimal edir. Ə.Mustafayevin by gün, təkrarən Ombudsman Aparatının "Qaynar Xətt”inə etdiyi şikayətlə əlaqədar bildirilib ki, rəis yoxdur, ona görə görüş baş tutmayıb. 

Ombudsmanın nümayəndələrini əmin ediblər ki, Ruslanın üzərində heç bir işgəncə izi yoxdur. Əgər doğrudan da, yoxdursa, onu niyə gizlədirlər? Nədən vəkilin müvəkkili ilə görüşü təmin edilmir? Partiya yoldaşlarının apardığı ərzaq da qəbul edilməyib.

Ruslan bəyin yaxınları gənc fəalın həbsindən bir gün əvvəl "facebook”da Heydər Əliyevin Sumqayıtdakı heykəli qarşısında şəkil çəkdirməsini, fotosunu paylaşdığını və status yazdığını bildirir, məbz buna görə həbs olunduğunu düşünürlər.
.
Bütün bunlar polisin növbəti dəfə ciddi qanun pozuntularına yol verdiyini, bu həbsin siyasi xarakter daşıdığını və gənclərin ictimai siyasi fəallıqdan çəkindirmək cəhdi olduğunu göstərir.

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı hadisədən xəbərdar olan kimi 22.07.2016-cı il tarixdə bəyanat qəbul edərək gənc fəala dəstək nümayiş etdirib, baş verənləri qətiyyətlə pisləyib və Ruslan Qarayevin təxirəsalınmadan azad olunmasını tələb edib".

Arqument.Az