"Nardaran işi" ilə bağlı istintaq tam başa çatıb

26-07-2017 14:39 / Bu xəbər 1151 dəfə oxundu

«Nardaran işi» üzrə təqsirli sayılan daha iki şəxsin istintaqı başa çatıb. 

Bu haqda vəkil Fariz Namazlı bildirib.

Onun deməsinə görə, istintaq işi başa çatan Elxan İsgəndərov və səhhətinə görə polis nəzarətinə verilən Əbülfəz Bünyadovdur:

«Cinayət işinin materialları ilə tanış oldum. Yaxın günlərdə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Bununla da «Nardaran işi» ilə bağlı cinayət işinin istintaqı tamamilə başa çatmış olacaq».

F.Namazlı bildirib ki, Ə.Bünyadov yataq xəstəsidir. Odur ki, onun məhkəmə prosesinə necə qatılacağı məsələsinin özü də, hələlik, açıq qalır.

Ə.Bünyadov ötən il dekabrın 20-də məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb. Ancaq onun haqqında cinayət işi xətm edilməyib. O, Nardaran hadisələri zamanı ağır yaralanıb və hərəkət qabiliyyətini itirib. Ə.Bünyadov da «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırov kimi dövlət çevrilişinə cəhd və daha bir sıra ağır cinayətlərdə ittiham edilir.

E.İsgəndərov da Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilir. Bu ittihamlar arasında terrorçuluq, qanunsuz silah əldə etmə və kütləvi iğtişaş salma kimi ağır ittihamlar da var.

E.İsgəndərov 2015-ci il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsi önündəki hadisələr zamanı həbs edilib. Sabunçu rayon Məhkəməsinin qərarı ilə 5 günlük inzibati cəza alıb. Ancaq sonra da o, axtarışa verilib. 2017-ci martın 15-də həbs olunub.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir). Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər. Yalnız ilkin dindirilmədə işgəncə yolu ilə «etirafa» məcbur edildiklərini bildiriblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Azadliq.org