NİDA-çı fəal dövlət vəkilindən imtina etdi

NİDA-çı fəal dövlət vəkilindən imtina etdi

09-12-2016 15:21 / Bu xəbər 1207 dəfə oxundu

NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elgiz Qəhrəman dekabrın 9-da hakim qarşısına çıxarılıb. 

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi, Zeynal Ağayev və Səbuhi Hüseynovdan ibarət hakimlər kollegiyası baxır.

Bu gün məhkəmənin hazırlıq iclasında məlum olub ki, Elgiz Qəhrəmanın hüquqlarını müdafiə edən vəkil xaricdədir. Bu səbəbdən ona Elman Ağayev dövlət hesabına müdafiəçi təyin olunub. Amma gənc fəal onun xidmətindən imtina edib.

Elgiz Qəhrəman öz vəkilinin iştirakı mümkün olana qədər məhkəmənin ertələnməsini istəyib.

Prokuror hazırlıq iclasında vəkilin iştirakının vacibliyini vurğulayaraq, prosesin təxirə salınmasına etiraz etməyib. Eyni zamanda, Elgiz Qəhrəman barəsində həbs-qətimkan tədbirinin müddətinin də növbəti hazırlıq iclasına qədər uzadılması haqda vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib. Hazırlıq iclası dekabrın 14-nə təyin olunub.

E.Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

E.Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.

NİDA Vətəndaş Hərəkatı E.Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.///azadliq.org