NİDA-çı gənc azadlıqda

NİDA-çı gənc azadlıqda

16-02-2017 01:44 / Bu xəbər 478 dəfə oxundu

Gözlənilir ki, yaxın günlərdə işgəncəylə əlaqədar araşdırma aparılacaq

Fevralın 15-də inzibati həbs cəzası alan NİDA-çı Rahim Vəliyev azad edilib. Yanvarın 16-da saat 11 radələrində saxlanılan Rahim Vəliyev polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilmişdi. Rəsmi məlumata əsasən ərazidə oğurluq olub və polis reyd keçirən zaman Rahim Vəliyevin şəxsiyyətini müəyyən etmək istəyib.

Rahim Vəliyev Meydan TV-yə bildirib ki, o, 18-ci polis bölməsində və Nərimanov Rayon Polis İdarəsində işgəncələrə məruz qalıb:

"Bununla bağlı müvafiq orqanlara şikayətləri var".

O, fəaliyyətini NİDA-da davam etdirəcəyini söyləyib:

"Baxışlarımda heç bir dəyişiklik yoxdur!".

Onun vəkili Elçin Sadıqov isə Meydan TV-yə deyib ki, iş materiallarında ərazidə oğurluq olması barədə hər hansı bir sübut yox idi. Məhkəmə zamanı təsdiqləndi ki, polislər Rahim Vəliyevi aparmaq üçün əraziyə gəliblər və məqsəd onu "Facebook"dakı statuslarına görə cəzalandırmaq idi.

Vəkil bildirib ki, Rahim Vəliyevə 18-ci polis bölməsində ağır işgəncə verilib:

"Bu barədə Rahim Vəliyev özü mənə danışıb. Həmin vaxt onun ailəsi 102-yə zəng edib. Polis də bunu bəhanə edərək Vəliyevin evində axtarış aparıb. Bununla bağlı məhkəmələrə şikayət edilib və bu, Avropa Məhkəməsinə qədər davam edəcək. O cümlədən, Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə işgəncəylə əlaqədar şikayət etmişik. Gözlənilir ki, yaxın günlərdə araşdırma aparılacaq".