"Onlar öz ölkələrində də korrupsioner kimi tanınırlar" - "Bizim ekspert"

23-09-2017 11:29 / Bu xəbər 2640 dəfə oxundu

Arqument.az-da "Bizim ekspert" rubrikasının növbəti buraxılışının qonağı beynəlxalq münasibətlər üzrə ekspert Turqut Qəmbərdir. 

O, gündəmin aktual mövzularını - beynəlxalq münasibətlərdəki ziddiyyətlər, ABŞ Senatında Azərbaycanla bağlı sanksiya çağrışları, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatının (OCCRP) Azərbaycanla bağlı araşdırmaları, Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılması və digər mövzuları dəyərləndirir...


- Turqut bəy, son günlər beynəlxalq münasibətlərdə Azərbaycanla bağlı ən çox diqqətçəkən məqam ABŞ Senatındakı sanksiya çağırışları oldu. ABŞ Senatoru Riçard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə Senata sənəd təqdim etdi. Bu çağırışlardan sonra Mehman bəy azadlığa buraxıldı. Bəziləri düşünür ki, artıq hakimiyyətin siyasətində yumşalma hiss olunur. Bu barədə nə deyə bilərsiniz? 

- Hələ çox az müddət keçib bu sanksiya çağırışlarından. Ona görə də uzun perspektivə hesablanmış nəsə demək bir az çətindir. Amma bir faktı görürük ki, bu çağırışlardan sonra Mehman Əliyev, Nardaran məhbuslarının bir qismi azadlığa buraxıldı. Bu gün Faiq Əmirlinin azadlığa buraxılmasını eşitdik və sevindik. Bu proses davamlı olacaqsa, onda görəcəyik ki, bunun, həqiqətən də, üzunmüddətli nəticələri var. Amma ola bilsin ki, bu, hakimiyyət tərəfindən taktiki bir addım olsun, yəni müvəqqəti olaraq münasibətlərin daha da gərginləşməməsi üçün siyasi məhbusları azadlığa buraxsın. Sonra yenə köhnə siyasətinə qayıdıb boş olan yerlərə yeni adamları doldura bilər...

- Bu arada daha bir beynəlxalq skandala səbəb olan hadisə OCCRP-nin Azərbaycanla bağlı korruspsiya araşdırmalarıdır. Azərbaycan hakimiyyəti ilə bağlı bu korruspiya faktlarının üzə çıxması həm ölkədə, həm də beynəlxalq aləmdə böyük qalmaqala səbəb olub. Bu araşdırmalar xarici mediada da dərc olundu. Azərbaycan hakimiyyəti isə bu yazılardakı faktları təkzib edir, iddialarla razılaşmır. Amma görünən odur ki, Azərbaycanla bağlı korrupsiya faktları dünya miqyasında müzakirə olunur. Bu, ölkənin beynəlxalq imicinə necə təsir edir? 

- Təbii ki, mənfi təsir edir. Çünki OCCRP-nin "Guardian" qəzetində çıxan araşdırmasında gördük ki, bu xərclənən korrupsiya pullarının məqsədi Azərbaycan hakimiyyətini Avropanın gözündə proqressiv, modern, ölkədə normal siyasi proses aparan bir siyasi qüvvə kimi göstərmək olub. Bu sırada Avropa siyasətçiləri bura gəlib seçkilərin yüksək səviyyədə keçdiyini deyirdilər, daha sonra Avropa Şurası Parlament Assambleyasında siyasi məhbuslarla bağlı qətnamələrin əleyhinə çıxırdılar. Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin lobbiçiliyini edirdilər. Bu araşdırmalardan sonra bu lobbistlər pis vəziyyətdədirlər, bəziləri hansı ki QHT-lər yaradıb bu təşkilatlar vasitəsilə lobbiçilik edirdilər, artıq onlar da istefa verməyə başlayıblar. Bir müddət öncə gördük ki, italyan deputat Luka Volente ilə bağlı da xeyli vaxtdır İtalya hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Onun da adı bu araşdırmalarda keçir və Azərbaycan hakimiyyətindən rüşvət aldığı, siyasi məhbuslarla bağlı qətnamənin əleyhinə çıxdığı ilə bağlı xeyli faktlar var. Yəni bu məsələ Azərbaycan hakimiyyətini çox pis vəziyyətdə qoyub. Bundan sonra hakimiyyətə indiyə qədər lobbiçilik edənlər də çəkinəcəklər. Onlar da düşünəcəklər ki, adları bu formada mətbuata çıxa bilər, bu da onların nüfuzuna çox ciddi xələl gətirəcək. Onlar öz ölkələrində də korrusioner kimi tanınırlar. Bu adamların da çox öz ölkələrində ya deputatdırlar, ya da digər önəmli vəzifələr daşıyırlar. Ona görə də bundan sonra hakimiyyətə lobbiçilik etməkdən çəkinəcəklər, çünki bu tipli rejimlərə lobbiçilik etməyin nəticəsi sonradan ifşa olunmaq, biabır olmaq, əvvəlki vəzifələrindən istefa vermək və ya hüquq-mühafizə orqanlarının araşdırmalarına məruz qalmaqla nəticələnir. 

- Biz beynəlxalq münasibətlərdəki ziddiyyətlər deyəndə təsadüfən bu mövzuya toxunmaqdıq. Çünki ABŞ Dövlət Departamentinin həm Mehman Əliyev, həm də digər məhbuslarla bağlı bəyanatları, Senatdakı sanksiya çağırışları münasibətlərin xoş olmadığı qənaətini yaradır. Məhz bu təzyiqlərdən sonra siyasi məhbsuların bəzilərinin azadlığa buraxılması müşahidə olundu. Hətta sanksiya təklifini verən senator Riçard Durqin özü də Mehman Əliyevin azadlığa buraxılmasından məmnunluğunu ifadə etdi. İndi də ayrı-ayrı məmurların xaricə çıxışına sansksiyaların qoyulması gündəmə gəlib. Bu sanskiayaların reallaşması və davamlı olması gözlənilirmi? Yoxsa elə çağırış olaraq qalacaq...

- Bunu indidən demək çətindir. Çünki bu, ilk çağırış deyil. Səhv etmirəmsə, 2012-13-cü illərdə Avropa Parlamenti Azərbaycanda insan hüquqları sahəsində pozuntulara yol vermiş məmurlarla bağlı çağırış etmişdi. 2015-ci ildə yenə ABŞ Senatının Helsinki Komitəsinin bu barədə çağırışı oldu. Xatırlayırsınızsa, ondan iki-üç ay sonra martda əfv sərəncamı imzalandı və 20-yə yaxın siyasi və vətəndaş cəmiyyəti fəalı həbsdən azad edildi. Son çağırışdan sonra da siyasi məhbusların bir neçəsi azadlığa buraxıldı. Amma iki-üç gün öncə 23 təşkilat ABŞ Dövlət Departamentinə, Ağ Evə müraciət göndərib ki, 15 ölkənin məmurlarına sanksiya tətbiq olunsun. Bu ölkələrin arasında Azərbaycan da var. Bu yaxınlarda Avropa Parlamentində də azərbaycanlı məmurlarla bağlı hədəfli saknsiyaların tətbiqi ilə bağlı çağırış edildi. Görünür, bu dəfə proses sanki daha təşkilatlanmış formada gedir. Azərbaycan hakimiyyətinin insan haqlarını pozmasına qarşı beynəlxalq birliyin birmənalı mövqeyi var. Amma onu da anlamaq lazımdır ki, beynəlxalq birlik hədəfi həmişə ortaq istiqamətdə vurmur, xeyli rəngaranglik var. Çünki onların içində lobbiçilik edənlər də, avtoritar rejimləri dəstəkləyənlər də, insan hüquqlarını dəyər kimi görənlər və müxtəlif ölkələrdə onların müdafiəsini vacib hesab edənlər də var. Odur ki, birmənalı bir şey söyləmək çətindir. Amma beynəlxalq təşkilatların bəziləri hesab edir ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət düzəlməyincə, bu təzyiqlər davam etməlidir. 

- Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadıldı. Bundan sonra isə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi, "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirli azadlığa buraxıldı. Bu hadisələr arasında bir əlaqə varmı? Yəni hakimiyyət iqtisadi böhrandan çıxdıqca, maliyyə vəziyyəti düzəldikcə, yumşalsın və siyasi məhbusları azadlığa buraxsın... 

- Bunu da söyləmək çətindir, çünki bu barədə əlimizdə məlumatlar çox azdır. Amma bu kimi müqavilələrin hazırlanması, realaşması bir günün, bir həftənin, bir ayın işi deyil. Bu artıq 7-8 ildir ki, hazırlanan bir müqavilədir və onunla bağlı niyyətsnədləri hazırlanmışdı və detalların bir çoxu razılaşdırılmışdı. Amma eyni zamanda ola bilər ki, hakimiyyət də belə bir müqavilənin imzalanması müqabilində jest etsin. Yəni beynəlxalq ictimaiyyətin ona qarşı daha yumşaq olması üçün bəzi şəxsləri azadlığa buraxsın. Əsas odur ki, həm yerli, həm də beynəlxalq ictimaiyyət siyasi məhbus və insan hüquqları ilə bağlı məsələlərdə öz mövqelərindən çəkinməsin. Bu problem 10-15 nəfərin həbsdən azadlığa buraxılması ilə həll olunmur, fakt ölkədə 100-dən çox siyasi məhbus var və onların hamısı azadlığa buraxılmalıdır. Yalnız o vaxt Azərbaycan hakimiyyətinin imici ilə bağlı hansısa müsbət dəyişiklik gözlənilə bilər. 

- Yəni hesab edirsiniz ki, Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyətin reaksiyası ilə hesablaşmaq məcburiyyətindədir...

- Təbii ki, hesablaşmaq məcburiyyətindədir. Yəni heç bir ölkə əlahiddə bir yerdə mövcud deyil, nə qədər klişe ifadə olsa da, qloballaşan dünyada ölkələr bir-birindən asılıdır. Azərbaycan təəssüf ki, iqtisadi böhranla üz-üzədir. Siyasi böhran da mövcuddur. Sosial-iqtisadi durum çox ağırdır. Bunnla bağlı hakimiyyət indi də qaz layihəsi həyata keçirmək və Azərbaycan qazının Avropaya çıxarılmasını istəyir. O boru kəmərinin tikilməsi üçün də pul lazımdır, ölkədə də pul yoxdur. Ölkəyə kreditlər də lazımdır və bu kreditləri almaq üçün xüsusən insan hüquqları sahəsində müəyyən addımlar atılmalıdır. Ona görə də kreditləri almaq üçün əvvəlki kimi repressiv olmaq mümkün deyil, çünki repressiv olanda bəzi beynəlxalq maliyyə qurumları, banklar pul vermək istəsələr də, çəkinirlər. Axı beynəlxalq ictimaiyyət tək onlardan ibarət deyil. Oranın mətbuatı, siyasətçiləri, insan hüquqlarını müdafiə edən QHT-ləri var və onlar  insan hüquqları sahəsində problemlər həll edilmədikcə həm öz ölkələrindəki hakimiyyətlərə, təşkilatlara, həm də Azərbaycan hakimiyyətinə təzyiq göstərməkdə davam edirlər. 

- Və bu da Azərbaycanda siyasi məhbus və insan hüquqları sahəsindəki probleminin qismən həll olunmasına gətirib çıxara bilər... 

- O artıq Azərbaycan hakimiyyətinin siyasi iradəsinə bağlıdır. Mövcud durum var: böhran və kredit məsələsini şərh elədim. Amma son nəticədə qərar Azərbaycan hakimiyyətindədir. Onlar indiyə qədər siyasi məhbus məsələsində xoşgörülü davranmayıblar. Amma bir az dövr dəyişir. Ümid edək ki, Mehman Əliyev, Faiq Əmirlinin, bir qisim Nardaran məhbusunun azadlığa buraxılması digər siyasi məhbusların azad olunmasının anonsu ola bilər.

Şəmşad Ağa
Arqument.Az
 
P.S. Müsahibə sentyabrın 15-də Arqument.Az saytının feysbuk səhifəsində - Arqument.az-da canlı yayımlanıb.