Polad Bülbüloğlu niyə geri çəkildi?

Polad Bülbüloğlu niyə geri çəkildi?

12-10-2017 01:53 / Bu xəbər 321 dəfə oxundu

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb. Bu haqda Rusiya mətbuatı məlumat yayıb.

YUNESKO-nun yeni baş direktorunun təyin edilməsi ilə bağlı 9 oktyabr tarixində, Fransanın paytaxtı Parisdə səsvermənin birinci turu keçirilib. Məlumat üçün bildirək ki, ilk olaraq YUNESKO-nun yeni baş direktoru vəzifəsinə 9 nəfərin namizədliyi irəli sürülsə də, sonradan Qvatemala və İraq öz namizədliklərini geri götürüb. Nəticədə seçkilərdə Azərbaycan (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu), Çin (YUNESKO-nun təhsil məsələləri üzrə baş direktorunun müavini Syan Tan), Misir (Ailə işləri üzrə sabiq nazir və hüquq müdafiəçisi Vera əl-Huri Lakoy), Vyetnam (xarici işlər nazirinin müavini Fam Suan Şon), Qətər (sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari), Fransa (keçmiş mədəniyyət və kommunikasiya naziri Odri Azule) iştirak edirdi.

Lakin YUNESKO-nun İcraiyyə Şurası səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. Səsvermədən sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz namizədliyini geri götürüb. Onun namizədlikdən getməsi ölkə ictimaiyyəti üçün gözlənilməz olub və çoxsaylı suallar doğurub. Yayılan iddialara görə Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə təyin olunmaq üçün 3 ildir ki, ciddi-cəhdlə hazırlaşırmış. Hətta bu illər ərəfəsində bütün fəaliyyətini bu məsələyə yönəldərək, namizədliklə bağlı kampaniyalar təşkil edib. Buna əyani sübut kimi bir faktı da qeyd edə bilərik. Bir neçə həftə öncə əməkdaşımız Müslüm Maqomayevlə bağlı məlum qalmaqala aydınlıq gətirmək üçün səfirin də mövqeyini öyrənməyə çalışsa da, zənglərə köməkçisi cavab verərək bildirmişi ki, "Polad Bülbüloğlu hazırda daha çox YUNESKO-nun baş direktoru vəzifəsinə təyin olunması məsələsi üzərində çalışır, başı qarışıqdır”. Təbii ki, bu qədər çalışmaların ardınca Polad Bülbüloğlunun birdən-birə öz istəyi ilə namizədlikdən geri çəkilməsi nə gözlənilən, nə də inandırıcı oldu.

Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə əlaqə saxlayıb. Lakin səfir çoxsaylı zənglərimizə cavab vermədən telefonu keçirib.

Əlavə edək ki, oktyabrın 10-da keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb və heç bir namizəd yenə də səs çoxluğuna nail ola bilməyib. Hazırda YUNESKO-nun baş direktoru vəzifəsinə 6 ölkənin nümayəndəsi namizəddir. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun oktyabrın 13-də məlum olacağı ehtimal edilir.(Musavat.com)