Sosial mənzillər yenidən satışa çıxarılacaq

Sosial mənzillər yenidən satışa çıxarılacaq

30-07-2018 16:26 / Bu xəbər 494 dəfə oxundu

Vüqar Bayramov: ''Mənzillərə müraciət mexanizmi və qiymətlər dəyişməyib''

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaydığı məlumata görə sosial mənzillər yenidən satışa çıxarılacaq. 

MİDA bildirib ki, "güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi üçün agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq ilə yanaşı "Ernst & Young” audit şirkətini cəlb edilərək, sistemin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirib:

"Yaxın zamanda sosial mənzillərin yenidən satışını həyata keçirmək mümkün olacaq”.

İqtisadçı Vüqar Bayramov Meydan.Tv-yə deyir ki, mənzillərə müraciət mexanizmi və qiymətlər dəyişməyib.

O deyib ki, yenə ilk seçim edənlər mənzilə sahib olacaq. Qiymətlərə gəldikdə isə ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti- 29 min 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 min 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 min 626 manatdan başlayacaq:

"Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Mənzillərin sahələrinə gəldikdə isə xarici perimetr üzrə 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq”.

İqtisadçı bildirir ki, orta hesabla bir kvadratmetr mənzilin qiyməti 748 manat olacaq:

Vüqar Bayramov

"Mənzillər təmirlidir və mətbəx mebeli ilə təmin ediliblər. Həmin evlər mərhələli şəkildə satışa çıxarılacaq. Bütövlükdə, Yasamalda 2 minə yaxın sosial mənzilin satışı nəzərdə tutulub”.

Bugünədək "Güzəştli mənzil” sistemində 8 min 900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilib və aylıq 275 manat ödənişlə 2 otaqlı təmirli mənzil satışına başlanılıb.

Mayın 7-də səhər saatlarında az və orta təminatlı gənc ailələr üçün 260 ev satışa çıxarılıb. Elektron hökumət portalında seçim edən şəxslərin çoxu problemlə qarşılaşıb. Evi seçəndə, ya da imzalayanda sistem donub. Beş dəqiqə sonra sistemə qayıdanlar evlərin tutulduğunu görüblər.

Narazı şəxslər Mənzil İnşaatı Dövlət Agentliyinə üz tutublar. Onlar ərizə yazaraq problemlərinin həll olunmasını istəyiblər.

MİDA-nın "Facebook” səhifəsində də ev almaq istəyənlər sistemin çökməsindən gileylənib. MİDA-nın beynəlxalq əlaqələr və strateji planlaşma şöbəsinin rəhbəri Fərman Qurbanlı bildirib ki, 8 min 700 nəfər qeydiyyatdan keçdiyinə görə o qədər şəxsin sayta girişi planlaşdırılıb, amma həmin gün 60 mindən çox insan portala daxil olub. Buna görə də sistem çöküb. Narazı vətəndaşlar evlərin satışında şəffaflığın təmin olunmadığını düşünürlər.

11 aprel 2016-cı ildə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Məqsəd gəlirləri az olan gənc ailələrin mənzillə təmin edilməsidir. İlk olaraq Yasamal Yaşayış Kompleksində 1843 mənzil tikilib. Onlardan 260-ı satışa çıxarılıb.