Taleh Rüstəmov: ''Qardaşım sağdır''

Taleh Rüstəmov: ''Qardaşım sağdır''

25-05-2018 19:21 / Bu xəbər 2454 dəfə oxundu

Vəkil: Müdafiəsi haqda müqaviləmiz olsa da, Saleh bəy hələlik qardaşı ilə görüşməyi münasib bilib

Şəmkir rayonunda mayın 8-də saxlanılan, bir gün sonra Nərimanov rayon Məhkəməsinin qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilən Saleh Rüstəmov mayın 22-də qardaşı ilə görüşüb.

Bu barədə Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov Meydan TV-yə deyib.

Onun sözlərinə görə, Taleh Rüstəmov qardaşı Saleh Rüstəmovun normal olduğunu söylədi:

"Mən də görüşə getmişdim, amma buraxılmadım. Müdafiəsi haqda müqaviləmiz olsa da, Saleh bəy hələlik qardaşı ilə görüşməyi münasib bilib”.

Saleh Rüstəmova və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 14 gün saxlanılan S.Rüstəmovla yaxınları və vəkili görüşə bilmirdi, haqqında da heç bir rəsmi məlumat verilmirdi.

Taleh Rüstəmov Saleh Rüstəmovun həyat yoldaşının Rusiya Xarici İşlər Nazirliyinə və Rusiyanın Azərbaycandakı səfirliyinə məlumat verdiyini bildirib.

"Həyat yoldaşı Rusiya Xarici İşlər Nazirliyinə yazıb ki, Saleh Rüstəmova işgəncə verilib, bu səbəbdən də üzə çıxarılmır, məhkəməyə gətirlmir. Onunla üç dəfə görüşməyə cəhd ediblər, lakin görüşə bilməyiblər. Sonra Ombudsmandan mənə məktub gəlib ki, işgəncə faktı ilə bağlı onlara yazımın əsasında prokurorluğa müraciət edəcəklər”.

Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Report”-a bildirib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil.

O bildirib ki, bu xəbərlər məqsədli şəkildə yayılıb: "Həmin şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib. Yəqin vəkili məlumat yayacaq”.

Mayın 24-də "Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahid Saleh Rüstəmovun işgəncə nəticəsində oldürüldüyü haqqında məlumat yaymışdı. Ardınca AXCP sədri Əli Kərimli mayın 25-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedəcəyini bildirmişdi. Amma mayın 25-də səhər saatlarında DİN-in sözçüsü Ehsan Zahidov mediaya yayılan mәlumatın doğru olmadığını açıqlayıb.

Saleh Rüstəmov AXCP hakimiyyəti zamanı Gədəbəy rayonuun icra başçısı vəzifəsində çalışıb və birinci Qarabağ müharibəsinin iştirakçısı olub.