Tbilisidə nümayişçilərə zorakılığa görə polislər işdən azad edilib

Tbilisidə nümayişçilərə zorakılığa görə polislər işdən azad edilib

25-06-2019 11:04 / Bu xəbər 168 dəfə oxundu

Gürcüstan XİN-in Baş Müfəttişliyi iyunun 20-21-də Tbilisidə parlament binası önündə mitinqin dağıdılması zamanı səlahiyyətlərini aşma ehtimalı ilə əlaqədar 10 polisi işdən azad edib. 

Bu barədə bazar ertəsi mərkəzi kriminal polis departamentinin direktoru səlahiyyətlərini yerinə yetirən Mamuka Çelidze bildirib.

Onun sözlərinə görə, Baş Müfəttişlik 10 polisdən 2-nin əməllərində cinayət tərkibi aşkar edib. O, həmçinin rəhbərlik etdiyi idarənin mitinqin dağıdılması ilə bağlı Gürcüstan CM-in "Zorakılıq və silahdan istifadə ilə vəzifə səlahiyyətlərini aşma" maddəsi ilə cinayət işi açan Gürcüstan Baş Prokurorluğu ilə əməkdaşlığa hazır olduğunu əlavə edib.

Xatırladaq ki, parlament binası qarşısında mitinqin dağıdılması zamanı 240 nəfər xəsarət alıb, onlardan 19-u hələ də xəstəxanalardadır. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən və su püskürdücülərindən istifadə edib. Həmin hadisələrin iştirakçıları polisin onlara gözlərini nişan alaraq atəş açdığını iddia edirlər.

Səhiyyə Nazirliyinin məlumatına görə, beşdən çox insan gözlərindən ciddi xəsarət alıb. İndi həkimlər zərərçəkmişlərin görmə qabiliyyətini qorumağa çalışırlar.

Turan İA