Tükənmiş seçkinin tükəndirilməsi

Tükənmiş seçkinin tükəndirilməsi

10-02-2018 01:24 / Bu xəbər 1318 dəfə oxundu

Samir Kazımlı

Avropa Məhkəməsində yaxşı bir təcrübə var. 

Şikayəti ora aparıb çıxardana qədər proses üzrə bütün istiqamətlərdə cəhdlər edib mümkün qədər variantları tükəndirməlisən. 

Belə olanda həm arqumentlərin güclənir, həm də "filan işi filan etsəydin, bəlkə, həll olunardı” kimi fikirlər qoyulmur qarşına. Yəni işi tükəndirməsən, arqumentsizlikdən sonda uduza bilərsən. 

Bəlkə də, seçki prosesinə qatılıb bütün istiqamətlər üzrə mümkün qədər variantları tükəndirməklə və bunun nəticəsində faktlar toplayıb hakimiyyəti faktlarla daha çox ifşa etmək olar. Çünki beynəlxalq aləm "hesab edirəm ki, seçkidə pozuntular olub”, "düşünürəm ki, seçkidə saxtakarlıq olub” və s. bu kimi sözlərə deyil, daha çox peşəkar şəkildə sənədləşdirilmiş faktlara inanırlar. Prosesdən kənarda qalanda isə faktları toplamaq çətin olur. 

Bəlkə də, yuxarıda apardığım müqayisə uyğun deyil. Amma bütün hallarda mümkün qədər variantları tükəndirməklə qarşı tərəfin arqumentlərini əlindən almış olursan və bununla da əlində sənədli-sübutlu faktların olur. 

Bu faktlar sonra işə nə dərəcə yararlı və işin xeyrinə olması isə həm başqa, həm də zamana bağlı mövzudur. Amma ən azı tarix və ya gələcəkdə yaranacaq imkanlarda istifadə etmək üçün belə faktların sənədləşdirilməsinə ehtiyac var. 

Məsələn, gələcəkdə 2008-ci və 2013-cü il il seçkilərindəki pozuntular haqda kimsə və ya hansısa qurum faktlar istəsə, yəqin 2013-cü ildə keçirilən seçki ilə bağlı daha çox faktları ortaya qoymaq olar. Çünki proses və prosesdə iştirak olub və bunun nəticəsində də daha çox pozuntular üzə çıxarılıb. 

2008-ci ildə isə proses və prosesdə iştirak çox zəif olub. Zəif prosesdə isə faktların aşkarlanması zəif olur. 

Hakimiyyət əvvəlki illərlə müqayisədə hüquq və azadlıqları daha da məhdudlaşdırıb, repressiyaları daha da artırıb. Belə bir vaxtda hansısa prosesə qoşulub əlavə itkilər verməyi də düzgün saymayanlar haqlı görünə bilərlər. 

Bundan əlavə seçkidə iştirakın hakimiyyətin oyununda iştirak etmək məsələsi də var. Ona görə də həm də tərəzinin bir gözünə prosesə qoşulub, prosesi tükəndirərək faktlaşdırmağı, bir gözünə isə hakimiyyətin oyunundan kənarda qalmaq üçün seçki prosesinə qatılmamağı qoymaq lazımdır.

Yuxarıda yazılan fikirləri oxuyanlardan biri çıxıb "tükənmiş seçkinin nəyini tükəndirmək lazımdır” sualını verə bilər. Bəlkə də, tükənmənin özünün tükəndirilməsinə ehtiyac var. Baxmayaraq ki, bu ölünün təzədən öldürülməsinə oxşayır.

Görünən odur ki, hakimiyyət seçki ilə bağlı çox çətin bir vəziyyət yaradıb.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələrini əks etdirir...