"Tramp Rusiyaya qarşı sanksiya qərarından məmnun deyil"

02-08-2017 23:16 / Bu xəbər 1542 dəfə oxundu

ABŞ-ın xarici işlər naziri Reks Tillerson keçirdiyi mətbuat konfransında Rusiya ilə ölkəsi arasında münasibətlərin "nəzərəçarpan gərginlik" içində olduğunu bildirib. 

Toplum.Tv-nin CNN-ə istinadən məlumatına görə, Tillerson jurnalistlərə açıqlamasında Amerikanın xarici siyasəti ilə bağlı bir sıra məsələlərə də toxunub.

Rusiyanın keçən həftə ölkədəki amerikalı diplomat sayının 755 nəfər azaldılması ilə bağlı qərarına münasibət bildirən nazir deyib ki, Putin bu qərarı eks-prezident Obamanın ötən ilin dekabrında 35 rus diplomatının ölkədən göndərilməsi qərarını tənzimləmək üçün verib.

"Rusiyada prezident Putinin gözünün içinə baxan, ondan gözləntisi olan xalq var. Ona görə də o, bunu guya ABŞ-ın yeni sanksiyalarına cavab olaraq, simmetrik bir addım kimi düşünüb", - nazir deyib. 

Tillerson bildirib ki, prezident Tramp da Konqresdə Rusiyaya qarşı sanksiyaları tətbiq edən qanunun qəbul edilməsindən məmnun deyil: "Nə mən, nə də prezident həmin sanksiyaları tətbiq edən Konqresin bu addımından və o addımı atma formalarından məmnunuq. Biz bunların faydalı olmadığını düşünür və qəbul olunmaması üçün səy göstərirdik. Amma artıq qərar qəbul olunub və bu, Konqresin qəbul etdiyi qərardır. Bunu az səs fərqi ilə də olsa, qazandılar”. 

Tillerson deyib ki, Tramp adminstrasiyası ilk günlərdən terrorla mübarizədə Rusiya ilə birgə çıxış yolları axtarmağa hazır olduğunu bəyan edib: "İş birliyimizi test etmə sahəsi kimi ilk olaraq, Suriyanı seçdik. İŞİD-in hər iki ölkəyə təhdid olduğunu düşünürük. Həmçinin bu və ya digər terror təşkilatlarının məğlub edilməsi bizim məqsədimizdir". 

Tillerson Bəşər Əsəd mövzusunda aralarında olan fikir ayrılığına baxmayaraq, Suriyada sabitlik əldə etmək üçün Rusiyaya ilə əməkdaşlıq etdiklərini dilə gətirib: "Rusiya bizim üçün qəbuledilməz olan Bəşər Əsəd rejimi ilə işbirliyi qurur. Bu səbəbdən bölünmüş yox, bütöv, ədalətli seçkilərlə seçilən liderin başçılıq etdiyi Suriya üçün nələr edə biləcəyimiz mövzusunda Rusiya ilə əməkdaşlıq edirik. Bizim fikrimiz Əsəd rejiminin Suriyanın gələcəyində heç bir rolu olmadığı istiqamətindədir. Bu nəticələri ala bildiyimiz müddət ərzində əməkdaşlığa razıyıq".