Türkiyədə müzakirəyə çıxarılan qanun Azərbaycanda da səs-küy yaratdı

Türkiyədə müzakirəyə çıxarılan qanun Azərbaycanda da səs-küy yaratdı

21-11-2016 19:11 / Bu xəbər 1994 dəfə oxundu

"Zorlanan şəxs zorlayan şəxslə evlənəcəksə, bu, çəkindirici yox, bəzən cinayətə təşviqedici amil ola bilər”.

Bunu Toplum.Tv-yə hüquqşünas Ələsgər Məmmədli Türkiyədə cinsi təcavüzə uğrayan qızla təcavüzkarın evləndiyi təqdirdə onun azadlığa çıxmasına imkan yaradan qanun layihəsi ilə bağlı mövzuya münasibət bildirərkən deyib.
Ələsgər Məmmədli

Onun sözlərinə görə, bu qanun ailələrin dağılmasını önləmək üçün tənzimlənir:"Ümumiyyətlə, qanunvericilikdə hər hansı bir cinayət əməlinin nəticəsini daha sonra qarşılıqlı olaraq razılaşma ilə bitirmək həmin qanunvericilik çərçivəsində, bir növ həmin cinayətlərə təşviq etmək anlamına gəlir. Əgər bir məsələ cinayətdirsə, artıq bu cinayətin mahiyyətinin nədən ibarət olmasından asılı olmayaraq, onun sonu tək cəza ilə bitməməlidir. Əslində, insanın törətdiyi cinayətə ona görə cəza verilir ki, eyni cinayəti təkrar işləməsin. İndiki halda zorlanan şəxs zorlayan şəxslə evlənəcəksə, bu, çəkindirici yox, bəzən cinayətə təşviqedici amil ola bilər. Çünki zaman-zaman könülsüz olaraq bir oğlan bir qızı sevə və qız oğlanı sevmədiyinə görə onunls evlənmək istəməyə, ancaq oğlan qıza təcavüz edib onla evlənməyə hazır olduğunu göstərə bilər. Bununla da, məsələnin mahiyyətini hüquq müstəvisində həll etmiş olur. Düzdür, bizdə qanunvericilikdə yanlış izah olunur ki, həmin zorlayan insan zorlanan şəxslə evlənərsə, cinayət məsuliyyətindən çıxır. Əslində, burda tərəflərin ikisinin də razılığı məsələsi var. Bu baxımdan, bizdə bəzən bunu birtərəfli təqdim edirlər ki, hər kəs buna təşviq olunacaq. Düşünürəm ki, ordakı qanunvericiliyin məqsədi bu deyil. Daha çox azyaşlıların bu və ya digər formada nikaha girdikdən sonra qanunvericiliyə görə 18 yaşı tamam olmayanla hər hansı bir münasibətdə olmaq cinayət hesab olunur və təcavüz kimi qiymətləndirilir, çünki qarşı tərəfin razılığı burada şərt deyil. Ailələrin dağılmasını önləmək üçün Türkiyədə bu qanun tənzimlənir. Bunu cinayət əməlindən ayırmaq lazımdır. Ümumiyyətlə, 18 yaşı olmayan şəxslərin hansı formada olur-olsun evliliyə təşviq olunması yolverilməzdir və bu şəxslərin ailə zoru ilə və yaxud cinayət əməli nəticəsində evliliyə zorlanması yaxşı ailə münasibətlərinin qurulmasını yarada bilməz. Buna görə də, bunu yanlış qiymətləndirirəm”.
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Toplum.Tv-yə verdiyi açıqlamasında təcavüz edən şəxslərin evlənməsinə baxmayaraq, cəzalanmalı olduqlarını bildirib: "Biz Azərbaycanda da belə məsələlərə diqqət yetirmişik. Azərbaycanda olub ki, təcavüz olunan qız və ailəsi baş vermiş hadisəyə etiraz edərək zorlayan şəxsdən şikayətçi olublar. Bununla da, həmin şəxs həbsxanaya salınıb. Bu, qanunla qəbul olunan bir məsələdir. Hesab edirəm ki, bütün zorlanma faktları qanun çərçivəsində həll olunmalı, zorlayan şəxslər evləndirilsə belə, cəzasını çəkməlidirlər. Zorlayan şəxslərin təcavüz edəndən sonra rahatlıqla "onsuz da evlənəcəm” deməməsi üçün evlənənlər belə, cəzalanmalıdır”.
Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Mehriban Zeynalova isə Toplum.Tv-yə açıqlamasında bu qanunun qadın hüquqlarını pozduğunu yox, "zorladığını” qeyd edib: "19-cu əsrin əvvəllərində Fransada insan alveri ilə bağlı konvensiya qəbul edilib. Orada qeyd olunurdu ki, əgər bir insan satdığı şəxslə evlənsə, cinayət məsuliyyətindən azad olunacaq. Həmin dövrdə o təfəkkürə və düşüncəyə bu uyğun idi. Bu qadın hüquqlarının pozulması yox, "zorlanmasıdır”. Çünki əgər ciddi  zorlanma hadisəsi olubsa, zorlanmış qadının bütün həyatı boyu o şəxsə qorxusu, həyəcanı və narahatçılığı olacaq. Əgər belə olsa, qadında bir çox xəstəliklər yarana bilər. Azərbaycan qanunvericiliyində nikah üçün yaş həddi on səkkizdir. Azərbaycanda da bu təklif verilə bilər. Azərbaycanda Türkiyədəki deputatların fikri ilə razılaşan deputatlar ola bilər. Amma məsələ burasındadır ki, Azərbaycan qanunvericiliyində nikah üçün yaş həddi 18 olduğu üçün ölkədə hər hansı azyaşlı cinsi təcavüzə məruz qaldıqda, kiminləsə evlənməsi erkən nikah kimi qiymətləndirilir və bu da istənilən halda cinayət məsuliyyətidir. Belə insanlar cinayət məsuliyyəti daşıyır”. 
Картинки по запросу Mehriban Zeynalova
Mehriban Zeynalova

Xatırladaq ki, "Frans Press"in verdiyi məlumata görə, İstanbulda minlərlə adam cinsi təcavüzə uğrayan qızla təcavüzkarın evləndiyi təqdirdə onun azadlığa çıxmasına imkan yaradan qanun layihəsi əleyhinə azı 3 min adam etiraz aksiyası keçirib. 

Etirazçıların qaldırdığı şüarlar arasında"AKP, bədənimdən əlini çək” şüarı olub.

Qanun layihəsini hakim partiyanın millət vəkilləri irəli sürüb və hökumət bu qanun layihəsini bəyənir, ancaq müxalifət, uşaq və qadın hüquq müdafiə təşkilatları buna sərt təpki göstəriblər.

Alya A.