"Turan"ın bank hesabları yenidən donduruldu

04-10-2017 19:37 / Bu xəbər 1132 dəfə oxundu

Vergilər Nazirliyinin "Turan” İnformasiya Agentliyinin (İA) hesablarını yenidən dondurduğu bildirilir.

Agentliyin yaydığı xəbərdə vurğulanır ki, nazirlik onların hesabı olan banklara həmin hesablara daxil olan pul vəsaitlərinin vergi borcunun ödənilməsindən ötrü müsadirə edilməsi haqqında göstəriş göndərib.

Qərarın agentliyin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərildiyi bildirilir.

"Sentyabrın 5-də də banklara belə bir göstəriş göndərilmişdi. Amma sentyabrın 15-də Vergilər nazirliyi hər-hansı borcunun olmaması haqqında məlumat göndərdikdən sonra ləğv edilmişdi. Amma sentyabrın 18-də Vergilər Nazirliyi yenidən bizə 37 min manat məbləğində borcun bərpa edildiyi haqqında bildiriş göndərib”, – agentlik bildirir.

"Turan" İA-nın direktoru Mehman Əliyev avqustun 24-də saxlanıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları «siyasi motivli» adlandırıb.

Üstəlik, agentliyin bank hesabı da dondurulmuşdu.

"Turan" İnformasiya Agentliyinin kollektivi avqustun sonunda bəyan etmişdi ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər. Sentyabrın 1-dən yalnız bəzi əməkdaşlar könüllülük prinsipi ilə fəaliyyət göstərmişdilər.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və hökuməti onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim olunub.

Sentyabrın 11-də M.Əliyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib, o, sərbəst buraxılıb.

Bunun ardınca da Vergilər nazirliyi agentliyin bank hesabının dondurulması ilə bağlı qərarı ləğv etmişdi. Agentlik oktyabrdan fəaliyyətini bərpa etdiyini bəyan edib. 
 
mənbə:azadliq.org