Xanımı: Polad Aslanov gündüzlər adyala bürünə bilir

Xanımı: Polad Aslanov gündüzlər adyala bürünə bilir

20-01-2020 19:19 / Bu xəbər 625 dəfə oxundu

"Ombudsman Aparatına şikayət qismən nəticə verib”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan "xeberman.com” saytının baş redaktoru Polad Aslanovun Ombudsman Aparatına şikayəti qismən nəticə verib. 

O, təcridxanada soyuq kamerada saxlanması, səhər saat 07.00-dan axşama qədər çarpayının üstündəki adyaldan da istifadəyə icazə verilməməsindən şikayətlənirdi.

Həyat yoldaşı Gülmirə Aslanova Meydan TV-yə bildirib ki, otağın istilik problemi həllini tapmasa da, gündüzlər bürünmək üçün adyaldan istifadəyə imkan verilib.

Yanvarın 18-də təcridxanada P.Aslanovla görüşdüyünü deyən G.Aslanovanın sözlərinə görə, həm həyat yoldaşı, həm də vəkilləri cinayət işinin materialları ilə tanış olublar. Həbsdəki jurnalist materialları oxuduqdan sonra onda yaranan sualları da həyat yoldaşıyla bölüşüb:

"Polad Aslanov həbs olunanda DTX-nın onun haqqında yaydığı rəsmi açıqlamada yazılmışdı ki, guya o, bir neçə jurnalisti əməkdaşlığa cəlb edib, casus şəbəkəsi yaradıb, xarici ölkənin – İranın sifarişi ilə yazılar yazıb, Azərbaycanla bağlı məxfi məlumatlar ötürüb”. Polad deyir ki, istintaq materiallarında bu barədə heç bir dəlil-fakt yoxdu”.

Həyat yoldaşının fikirlərini ictimaiyyətə çatdıran G.Aslanova deyir ki, o, ilk dəfə 2017-ci ilin payızında pasport alıb. Bundan sonra 2017-ci ildə Kərbəla, ardınca da Məşhəd ziyarətində olub. Ziyarətə gedib-gələndə yolda olarkən çəkdiyi videoları sosial şəbəkələrdə paylaşıb. Səfər yoldaşları da bunu təsdiqləyə bilər. P.Aslanov ikinci dəfə İranda 2018-ci ilin fevralında olub:

"Fevralın 10-da İran İslam İnqilabının 39-cu ildönümü ilə əlaqədar tədbirdə iştirak edib. Amma məsələ burasındadır ki, Polad Aslanov həmin tədbirdə tək olmayıb. Bakıdan bir sıra millət vəkilləri, jurnalistlər də orada iştirak edib. O tədbirdə iştirakını da gizlətməyib, məlumat, o tədbirdən fotolar paylaşıb. İki ay sonra – 2018-ci il aprelin 19-da da çəkisi, səhhəti imkan vermədiyi halda, hərbi xidmətə aparılıb. Halbuki Polad Aslanov ali təhsilini başa vurandan sonra hərbi xidmət üçün tibbi müayinədən keçmişdi. 

Məlum olmuşdu ki, çəkisi cəmi 41 kiloqramdır, halbuki, ən azı, 45 kiloqram olmalıdır. Ürəyində damar tutulması var. Bu səbəblərdən onu hərbi xidmətə aparmayıbar. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı olması haqda hərbi bilet verilib. Aydın məsələ idi ki, "xeberman.com” saytındakı yazılarına görə 2019-cu ilin aprelində heç bir çağırış, bildiriş olmadan onu qanunsuz, bu vəziyyətdə hərbi xidmətə apardılar”.

Sözügedən yazılardan danışan G.Aslanova deyir ki, 2017-ci il dekabrın 9-da saytda DTX əməkdaşlarının korrupsiya əməlləri, zəvvarları ziyarətə aparan şirkətlərdən pul alınması haqda məqalə dərc edib. Sonra bu mövzunu davam etdirib, yanvar ayında da bu qəbildən məqalələr hazırlayıb, yayımlayıb: "Polad Aslanova həmin yazıları silmək üçün pul təklif olunub, razılaşmayıb. DTX ilə qeyri-rəsmi əməkdaşlıq təklif olunub, buna da getməyib”.

G.Aslanovanın sözlərinə görə, həyat yoldaşı 2019-cu il aprelin 4-də hərbi xidmətdən qayıdıb, həmin ayın sonlarında DTX-nın mühüm işlər üzrə müstəntiqi Cavid Quluzadə ona zəng eləyib. Amma o, rəsmi çağırış istəyib və getməyib: "21 mayda rəsmi çağırış gətirdilər, iyunun 12-də də həbs elədilər”.

İddia olunur ki, P.Aslanov 2018-ci ilin fevralında tədbirdə iştirak edərkən İran İslam Respublikasının Mühafizəçilər Korpusunun (Sepah) Hadi adlı əməkdaşı tərəfindən məxfi əməkdaşlığa cəlb olunub. Onların tələbilə dövlət sirlərini ötürüb, media orqanları yaradıb, bir sıra jurnalistləri əməkdaşlığa cəlb edib.

"Mən o tədbirdən 2 ay 8 gün sonra Naxçıvana hərbi xidmətə aparılmışam. Qısa müddətdə bu işləri necə görə bilərdim? DTX 2 ay 8 gün ərzində mənin nə işlə məşğul olduğumu niyə araşdırmayıb? Əgər mən 2018-ci ilin fevralında əməkdaşlığa cəlb olunmuşdumsa, niyə məni dərhal zərərsizləşdirib tutmurdular, üstəlik, Naxçıvana – İranla sərhədə xidmətə göndərirdilər? Təsisçisi olduğum "xeberman.com” saytı 2013-ci ildən fəaliyyət göstərir. 2018-ci ilin fevralından hansı qəzet, jurnal dərc eləmişəm?”, - G.Aslanova deyir ki, həyat yoldaşı bu suallarına cavab istəyir.

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələrilə ittiham olunur.