Abbasanələr

Abbasanələr

16-04-2023 01:05 / Bu xəbər 2095 dəfə oxundu

"Arqument.az" Yaralı Bəxtiyarın yeni şeirlərini təqdim edir:

1.

Mənim sözüm sözün adı
Sözün adı, sözün adı.
Mənim sözüm söz inadı,
Söz inadı, söz inadı.

İnadında dəf neylədi
İnadında dəf neylədi?
İnadında dəfn eylədi
Söz inadı, söz inadı.

Bəxtiyar heç heç olmadı
Bəxtiyar heç- heç olmadı
Bəxtiyar, heç, heç olmadı
Sözün adi, sözün adi.

2.

Hərdəm könlüm, dolanda gəz,
Goran boyu, Goran boyu.
Hər dəm könlüm, dolan da gəz
Goranboyu, Goranboyu.

Bu dəst anın söylənərmi
Bu dastanın söylə, nərmi?
Bu dastanın söylənərmi
Görən boyu, görən boyu?

Bir dərdimin neçə olar,
Bir dərdi min, neçə olar?
Bir dərdimin neçə olar
Görən boyu, görən boyu

Bəxtiyarım meyi dolu,
Bəxti yarım, meyi dolu.
Bəxtiyarım meyid olu
Gor an boyu, gor an boyu.

3.

Gəlişim sazdan, kamandan
Bu kök simdə, bu kök simdə.
Gəl, işim sazdan, kamandan
Bu köks ümdə, bu köks ümdə.

Yaradıram sözü mələk
Yaradıram - sözüm ələk
Yaradıram sözümə lək
Bu köksümdə, bu köksümdə.

Baxtım dönüb dün ağıla
Baxdım, dönüb dün ağıla
Baxtım dönübdü nağıla
Bu kök simdə, bu kök simdə.

Bu canımda haq qafada
Bu canimdə haq qafada
Bu canım da haqqa fəda
Bu köksum də, bu köksüm də.

4.

Bu qan sizlik - söylə mənə
Qəndahardan, Qəndəhardan
Bu qansızlıq söylə mənə,
Qanda hardan, qanda hardan?!

Bir belə nam az qılınca,
Bir belə nəm az qılınca,
Bir belə namaz qılınca,
Qan da hərdən, qan da hərdən...

Ay ağı dil, dönək eşqə,
A yağı dil, dönək eşqə.
Ay ağı dil dönə keşkə,
Qəndə hərdən, qəndə hərdən...