ABŞ bir daha Bəxtiyar Hacıyevi azad etməyə çağırıb

ABŞ bir daha Bəxtiyar Hacıyevi azad etməyə çağırıb

21-12-2022 11:50 / Bu xəbər 845 dəfə oxundu

Dekabrın 20-də məhkəmə həbsdə olan hüquq müdafiəçisi Bəxtiyar Hacıyev barəsində qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etmədikdən sonra ABŞ Dövlət Departamenti bir daha onu azad etməyə çağırıb. 

Xəbəri "Turan"ın Vaşinqton müxbiri verib.

Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə deyib ki, Hacıyev azad edilməlidir: "Ötən həftə biz Bəxtiyar Hacıyevin İnsan Hüquqları Günü ərəfəsində həbsi ilə bağlı narahatlığımızı bildirmişdik. Biz Azərbaycan hakimiyyətini onu operativ qaydada azad etməyə çağırdıq".

"Turan"ın Hacıyevin işinin Bakı rəsmiləri ilə müzakirə olunub-olunmadığı haqqında sualına Prays belə cavab verib: "Bu, bizim diplomatik kanallarla tərəfdaşlarımızla apardığımız özəl danışıqlardır. Biz bütün dünyada ümumilikdə, həmçinin ayrı-ayrı hallarda insan hüquqları məsələsini tərəddüdsüz qaldırırıq. Bu, əlbəttə ki, Azərbaycandakı tərəfdaşlarımıza da aiddir".