Elmir Abbasovun cəza müddəti bitdi
12-07-2023 12:15 / Bu xəbər 967 dəfə oxundu
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov 20 sutkalıq inzibati həbsdən sonra iyulun 11-də axşam saatlarında azadlığa buraxılıb.
İctimai fəal iyunun 21-də İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə təqsirli bilinərək, barəsində 20 günlük inzibati həbs qərarı çıxarılmışdı. Qərar Sumqayıt Şəhər Məhkəməsində verilmiş, sonradan apelyasiya instansiyası da onu qüvvədə saxlamışdı.
İddia olunurdu ki, Elmir Abbasov küçədə söyüş söyüb, polislər onu intizama dəvət etsə də, əhəmiyyət verməyib, əksinə, müqavimət göstərib.
Elmir Abbasov isə özünü bu ittihamlar üzrə təqsirli bilmirdi. Onun sözlərinə görə, söyüş söyməsi, müqavimət göstərməsi haqda iddialar yalandır. İctimai fəal düşünür ki, iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlərin etirazları zamanı polis zorakılığıyla əlaqədar "Facebook” hesabında yazdığı statusa görə cəzalandırılıb.
Elmir Abbasov həmçinin iyulun 21-də saxlansa da, ertəsi gün məhkəmə qarşısına çıxarılıb.
O, məhkəməyə gətiriləndə üzərində xəsarət izləri görünüb. İctimai fəal polislər tərəfindən pis rəftara məruz qaldığını bildirib. Vəkili də ona qarşı zorakılıqdan şikayət verib.
Elmir Abbasovun başına gələnlərə "Facebook” səhifəsindəki paylaşımıyla etiraz edən başqa bir ictimai fəal Qiyas İbrahimov da bundan dərhal sonra həbs olunub.
Öncə iyulun 22-də ona İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka inzibati həbs cəzası verilib.
Onun işində də iddia olunub ki, Qiyas İbrahimov küçədə telefonla danışanda söyüş söyüb, polislər onu intizama dəvət edib, o isə tabe olmayıb. İki gün sonra isə onun haqqında həbs olunduğu gün "Facebook” səhifəsində yazdığı statusla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsilə yeni inzibati xəta protokolu tərtib edilib. Bu maddə ilə məhkəmə ona daha 30 sutka cəza kəsib. İki cəza birləşdirildikdə isə ümumi müddət 32 gün həbs olub.
İkinci həbs qərarında "yayılması qadağan olunan informasiya” kimi, onun "Facebook” hesabında yazdığı status göstərilib.
İctimai fəalın anası Şura Əmiraslanova Meydan TV-yə bildirib ki, status yazılandan sonra evlərinə polislər gəlib, Qiyas İbrahimovdan paylaşımını silməyi tələb ediblər. Lakin oğlu silməkdən imtina edib. Bundan sonra Qiyas İbrahimovu götürüb polis bölməsinə, oradan da məhkəməyə aparıb, haqqında 30 günlük həbs qərarı alıblar.
Qiyas İbrahimov 2016-cı ildə digər gənc fəal Bayram Məmmədovla birlikdə mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” yazandan sonra narkotik ittihamıyla həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. Təxminən 3 il sonra onlar əfv sərəncamıyla azadlığa buraxıldılar. "Amnesty İnternational” onları "vicdan məhbusu” elan etmişdi.