Blinken Əliyevə niyə zəng edib?

Blinken Əliyevə niyə zəng edib?

31-07-2023 22:26 / Bu xəbər 773 dəfə oxundu

ABŞ Dövlət katibi ilə Azərbaycan Prezindenti bölgədəki vəziyyəti müzakirə ediblər

İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

"President.az”ın məlumatına görə, onlar Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqları və bölgədəki son vəziyyəti müzakirə ediblər.

Qeyd olunur ki, İlham Əliyev Ermənistanın atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini söyləyib: "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Həmçinin Ermənistanın Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsi, sərhədçilərimizi atəşə tutması, qaçaqmalçılığa cəhd edilməsi, icazəsiz yük avtomobillərini Azərbaycana göndərməsi də bu sıradandır”.

"Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Erməni tərəfinin "Humanitar vəziyyət” və "blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır”, - deyə rəsmi məlumatda yazılıb.

"Əliyev Azərbaycanın erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğunu, bu məqsədlə Xocalıda birinci görüşün keçirildiyini, ikinci görüş üçün isə Azərbaycanın təklifinin təqdim edildiyini xatırladıb”, – "President.az” yazır.

Məlumatda qeyd olunur ki, Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

ABŞ-ın Azərbaycandakı səfirliyi də telefon danışıqları barədə məlumat yayıb.

Səfirlik bildirib ki, Dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı "Dağlıq Qarabağ”dakı humanitar vəziyyətdən dərin narahatlığını bildirib: "Dövlət katibi Blinken Laçın dəhlizindən kommersiya, humanitar və şəxsi avtomobillərin pulsuz keçməsinin təcili zəruriliyini vurğulayıb, həmçinin humanitar yüklərin Dağlıq Qarabağ əhalisinə çatdırılması üçün alternativ marşrutlarda güzəştə getməyin vacibliyini qeyd edib. Dövlət Katibi bütün tərəflərin sülh danışıqlarında pozitiv qalmasının vacibliyini vurğulayıb”.

İyulun 26-da Ermənistanın Qarabağın erməni icmasına göndərdiyi 400 ton humanitar yardım olan 19 yük maşını Laçın yolundan buraxılmır. Rəsmi Bakı Yerevana erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürsə də, erməni tərəf qəbul etmir.

Bu il, aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.